Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 18:09

Bazarda qiymətlər bankaların sayını azaldır


Arxiv fotosu
Arxiv fotosu

Havanın istisinə yanındakı qazın üstündəki dəmir qabdan qalxan isti qarışır. Soba sinisinə badımcan, pomidor, bibər düzən Dürdanə Həsənova bu istinin, deyəsən, fərqində deyil, bir əli qazda, bir əli bişən tərəvəzdədir. Ona gələn zəngə cavab verir, danışır, birdən təntiyir: “Sonra danışarıq, badımcanlar yandı”, deyib telefonu kənara atır, cəld sinidəki tərəvəzləri digər üzünə çevirir. Qabığı yanmış badımcanları elə qaynar-qaynar da soyur. Dürdanə xanım elə sürətlə işləyir ki, əllərini görmək olmur: “Soyuyanda qabığı yaxşı soyulmur. Pomidoru, bibəri də gərək isti-isti soyasan”.

Dürdanə Həsənova
Dürdanə Həsənova

60-a yaxın yaşı olan Dürdanə Həsənova qışa “badımcan kürüsü” hazırlayır. “Kürü” təkcə badımcanın qabığının soyulması ilə başa gəlmir, əsl dəstgah qabaqdadı. Bişmiş badımcan, pomidor, bibər ət maşınından, ya blenderdən keçirilir, xırda doğranıb qovrulmuş soğança əlavə edilir, yağ, duz tökülür, ondan sonra yağa düşənə qədər qaynadılır, bundan sonra da sterilizə edilmiş bankalara yığılır, – Dürdanə xanım təcrübəsini bölüşür, əlavə edir ki, badımcan kürüsünün bir neçə cür hazırlanma qaydası var, ancaq kabab edilmiş badımcandan daha dadlı kürü çıxır.

“Məcbur olursan ki, 1-2 kilo bişirəsən”

Gəncə sakini Dürdanə Həsənova illərdir ki, hər yay qış aylarına tədarük görür, kompotlar, mürəbbələr, turşular hazırlamaqda özünü usta sayır. ““İkra" qışda yavanlıqdır, düzdür, əziyyətli işdir, qışda açıb ləzzətlə yeyəndə isə bu çəkdiyin əziyyət gözünə görünmür”, deyir.

Ancaq bazardakı qiymətlər Dürdanə xanımın bağladığı bankaların sayına təsir göstərib:

“Qiymətlər qalxıb. Meyvənin də, tərəvəzin də. Badımcanın 50-sini 2 manata almışıq, pomidor bir az bahadı, gərək axtarıb ucuz tapasan. Amma meyvə bahadı, indi əncirin vaxtıdır, 3 kilo əncirə 3 kilo da şəkər tozu gedir, bu da hardasa 10-11 manat eləyir. Amma büdcə imkan vermir, məcbur olursan bir, uzağı iki kilo bişirəsən. Bundan da 1-2 banka çıxır. Əvvəllər əncirin mürəbbəsini, cemini kilo-kilo bişirərdik. Bir qışdan o biri qışa qalardı”.

Badımcan ikrası
Badımcan ikrası

“Qəfil qonağın gələndə…”

Bazardakı qiymətlər evdar qadın Elnarə Məmmədovanın da bankalarının sayını azaldıb. Deyir ki, bu istidə ona görə əziyyət çəkib cürbəcür mürəbbələr bişirirlər ki, qışda çayla içməyə şirin bir şey olsun:

Gözlə

No media source currently available

0:00 0:00:35 0:00
Direct-ə keçid



“Hər saat konfet, peçenye ala bilmirsən, birdən qəfil qonağın gəlir, evindəki bir banka mürəbbə səni vəziyyətdən çıxarır”.

İndi marketlərdə pomidor-xiyar turşuları, salatlar, cürbəcür konservləşdirilmiş məhsullar, hətta mürəbbələr də satırlar. Elnarə Məmmədova deyir, məsələn, 2 kiloya yaxın çiyələk mürəbbəsi təxminən 6-7 manata başa gəlir və bundan da bir neçə 300 qramlıq banka çıxır:

“Amma marketdə 300 qramlıq bankanı 2-3 manata alırsan. Elə pomidor turşusu da, həm bankası ölçüsünə görə balacadır, həm də qiyməti bahadır. Amma yayda 3 kiloluq banka qoyursan, 3-4 gün yeyirsən”.

"Əsas müştərilər şəhər adamlarıdır"
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

“Meyvəni bağçamdan toplayıram”


Şəmkirdə yaşayan İradə Abbasova bəzi məhsulları elə öz bağçasından toplayır: “Yenicə pomidor yığıb banka bağladım. Həyətdə əncir, zoğal ağacları var. Elə kənddən gəlib zoğal alanlar olur, mən də satıb onun puluna şəkər tozu alıb zoğal mürəbbəsi bişirirəm”, İradə xanım deyir. Amma əlavə edir ki, elə meyvə var ki, bazardan almağa məcburdur.

“Yoldaşım illərdir Rusiyada işləyir, pul göndərirdi, alırdım, onlarla banka bağlayırdım. Amma indi orda da, bilirsiz, vəziyyət yaxşı deyil, göndərdiyi ilə zorla keçinirik” deyən İradə Abbasova danışır ki, əvvəllər onun zirzəmisi cürbəcür konservləşdirilmiş məhsullarla aşıb-daşardı. “Qışda kompotumuz, turşularımız, mürəbbələrimiz əskik olmazdı”, deyib köksünü ötürür.

*** Bunlara da baxın:

Dürdanə Həsənova
Dürdanə Həsənova

“Bu işdən zövq alıram”

Analıq məzuniyyətində olan bank işçisi Sevinc Məmmədova banka bağlamaqdan zövq alanlardandır. Deyir ki, qışa tədarükdən çox, işin özünü sevir:

Gözlə

No media source currently available

0:00 0:00:50 0:00
Direct-ə keçid

“Turşu bağlayanda özümdən əlavələr edirəm. Məsələn, xiyar qoyuramsa, ona ya qarğıdalı dənələri əlavə edirəm, ya bibər, ya alça. Xiyarı həm yayda, həm payızda bağlamaq olur axı, ona görə mövsümdə nə varsa, əlavə edirəm, baxıram ki, necə çıxır. Əgər dadlı olursa, onda gələn mövsümdə daha çox qoyuram”.

Ancaq o, mürəbbələrdə belə “özfəaliyyət” eləməyə cəsarət eləmir: “Banka belədir ki, bir dənə qoy, sına, amma mürəbbə elə deyil axı, dadsız çıxsa, zay olacaq. Buna da heyfim gəlir”, deyə söyləyir.

İndi vaxtını daha çox əkiz uşaqlarına həsr edən Sevinc xanım səbirsizliklə uşaqlarının böyüməsini gözləyir ki, sevdiyi işinə də vaxt tapsın.

“Məndən yaxşısını görmədim…”

Ədəbiyyatçı Könül Nehmətova isə işlədiyi üçün artıq qış tədarükündən vaz keçib. İşi, uşaqların tərbiyəsi onu çox yorur deyə, yayda qışda nə yeyəcəyi barədə düşünmür:

“Ehtiyacımızı marketdən qarşılayırıq, bir də anam nə versə, o yeyilir” deyən Könül xanımın market məhsullarının keyfiyyətindən narazılığı yoxdur. Amma “bircə badımcan turşusunu məndən yaxşı qoyan görmədim” deyib qürurlanmağı da unutmur.

Azərbaycanda banka bağlamağı sevən qadınların qış tədarükü yay mövsümü ilə bitmir, payızda onları kələm turşusu gözləyir…

XS
SM
MD
LG