Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:29

Tatar dilinə görə evində axtarış aparılıb


Olqa Ziyatdinova məhkəmədə
Olqa Ziyatdinova məhkəmədə

Kazanda VKontakte sosial şəbəkəsində tatarları təhqir edən şərhlərlə bağlı cinayət işi açılıb. Söhbət «nifrət və ya düşmənçiliyin qızışdırılmasına, habelə insanın və ya bir qrup insanın ləyaqətinin cinsi, irqi, milli və dil əlamətlərinə, ...hər hansı sosial qrupa mənsubluğuna görə alçaldılmasına yönəlmiş… hərəkətlər» maddəsindən gedir. Məlumatı AzadlıqRadiosuna məxsus Idel.Realii portalı yayıb.

Olqa Ziyatdinova oğlunun tatar dilini öyrənməyə məcbur edilməsinə dair iddiayla məhkəməyə müraciət etdikdən sonra gündəmə gəlmişdi. Qadın məhkəmədən ona vurulan mənəvi zərərin ödənməsini tələb etmişdi. Bu hadisədən sonra polis onun evinə axtarışa gəlib.

«Ekstremist ədəbiyyat» axtarıblar

Ziyatdinova yaydığı açıq məktubda fevralın 9-u axşam saatlarında polisin onun mənzilində axtarışa gəldiyini bildirib. Onun sözlərinə görə, polis əməkdaşları mənzildə mümkün ekstremist ədəbiyyatı axtardıqlarını deyiblər. O, həmçinin qeyd edib ki, polis əməkdaşları ona vəkil çağırmağa imkan verməyiblər.

***Buna da bax-Tatar dili öyrədildiyinə görə məktəbdən 3 milyon istəyir

«Heç bir şey tapmadıqdan sonra əşyalarımı - planşet, noutbuk, fləşkartlar, bütün telefonlarımı və sim-kartlarımı götürdülər. Yetkinlik yaşına çatmamış oğluma təzyiq yolu ilə uşağımın tədris prosesi üçün lazım olan (elektron gündəlik) mobil telefonunu əlindən aldılar. Məhkəmə qərarının surətini çıxarmağa imkan vermədilər. Bundan başqa, mənzilimdə axtarış aparmaq və əşyaları götürmək haqda protokolun surətini verməkdən imtina etdilər», – deyə O.Ziyatdinova açıq məktubunda yazıb.

Ziyatdinova məhkəmə yoluyla oğlunun tatar dilini öyrənməyə «məcbur edilməsinə» görə ona vurulan mənəvi zərərin təzminatını tələb edib. Kazanın Vahitov rayon məhkəməsi onun bu iddiasını təmin etməyib. Fevralın 19-da Tatarıstan Ali Məhkəməsi O.Ziyatdinovanın apellyasiya şikayətinə baxacaq.

Kazanda məktəb
Kazanda məktəb

«O, xalqımızı təhqir edib»

Ötən il noyabrın 21-də hüquqşünas Salih Qaynutdinovun Tatarıstan prokurorluğuna müraciət etdiyi bəlli olub. O, prokurorluqdan O.Ziyatdinovanın sosial şəbəkələrdə yaydığı məlumat və şərhlərdə tatarları təhqir etdiyinə və alçaltdığına görə məsuliyyətə cəlb olunmasını tələb edib.

«Özüm də prokurorluğa ərizə yazdım, üstəlik, daha iki adama ərizə yazmaqda kömək etdim. O, xalqımızı təhqir edirdi», – deyə Qaynutdinov bildirib.

***Buna da bax-Oksford Lüğəti tatar dilini özünün qlobal internet siyahısına daxil edib

Ötən il noyabrın əvvəlində Tatarıstanın Dövlət Şurası regionda tatar dilinin tədrisi məsələsinə baxıb. İclasda Tatarıstan prezidenti Rustam Minnixanov məsələ ilə bağlı razılığa gəlməyin mümkün olduğunu bildirib. O qeyd edib ki, Kremllə gəlinmiş razılığa əsasən, region məktəblərində tatar dilinin icbari tədrisi davam etdiriləcək. Ancaq dərs saatlarının sayı həftədə iki dəfəyə qədər azaldılacaq. Bundan başqa, valideynlərin seçiminə əsasən, həftədə daha 2-3 saat ərzində uşağın ana dili tədris ediləcək. Bu, rus, tatar, çuvaş, udmurt, yaxud mordva dili ola bilər.

Federativ sazişin müddəti bitib

Tatarıstan milli respublika olduğundan burada daim üç dil tədris edilib: rus, tatar dilləri və xarici dil. Rus dili və xarici dilin tədrisinə həftədə üç dərs saatı ayrılıb. Tatar dili isə hər gün tədris edilib. 2017-ci ilin yazında durum kəskin dəyişib. Həmin vaxt Moskva və Kazan arasındakı münasibətlərə dair federativ sazişin müddəti formal olaraq başa çatıb.

1992-ci ildə suverenlik tələb edən Tatarıstan və Çeçenistan ölkənin federativ quruluşuna dair sazişi imzalamaqdan imtina edib. Aparılan danışıqlar nəticəsində 1994-cü ildə Rusiya Federasiyasının ozamankı prezidenti Boris Yeltsin və Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyev arasında saziş imzalanıb.

Putin-in prezident olmasından sonra məsələ yenidən gündəmə gəlib. Çünki Putin hər zaman milli regionlara çox səlahiyyətlərin verilməsinə qarşı olub. Uzun müzakirələrdən sonra 2007-ci ildə yeni müqavilə imzalanıb. Beləliklə, Kazan daha 10 illiyə iqtisadi, mədəni və s. məsələlərə dair qərar vermək səlahiyyəti əldə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG