Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:28

Tatar dili öyrədildiyinə görə məktəbdən 3 milyon istəyir


Cinayət işi

Tatarıstandan çoxuşaqlı ana oğlunun yeddi il təhsil aldığı Kazan kadet məktəbini məhkəməyə verib. Qadın deyir ki, məktəb tədris planını ailəylə razılaşdırmadan uşağa rus dili əvəzinə tatar dili öyrədib. O bunu həm özünün, həm də uşağının hüquqlarının pozulması hesab edir və məktəbdən təzminat tələb edir.

REPETİTORUN PULUNU HESABLAYIB...

Olga Ziyatdinova-nın özü tatar dilini çox yaxşı bilir. Ancaq oğlunun məktəbdə rus dilini öyrənmək hüququnun əlindən alınmasıyla razılaşmır. Onun sözlərinə görə, oğlunun 6 saylı Kazan kadet məktəbində oxuduğu 7 il ərzində məktəbin müəllimləri məhz bununla məşğul olublar. Ana məhkəməyə müraciət edərək, bu vaxta qədər presedenti olmayan iddia qaldırıb. O, məktəbdən vurduğu mənəvi ziyana görə 1 milyon rubl (17 min 130 dollar), maddi ziyana görə isə 1 milyon 750 min rubl (təqribən 30 min dollar) tələb edir.

«Bütün Rusiyada rus dili ildə 1200 saat tədris edildiyi halda, Tatarıstanda cəmi 700 saat keçilir. Repetitorun bir saatı 500 rubl (8.5 dollar) edir. Bu rəqəmləri bir-birinə vuranda, 1 milyon 750 min rubl alırıq», – Ziyatdinova deyir.

Olga Ziyatdinova oğlunun yeddiillik təhsili zamanı yaranmış bu fərqi pul şəklində tələb edir.

Olga-nın oğlunun təhsil aldığı kadet məktəbi bu iddianı çaşqınlıqla qarşılayıb. Məktəb Tatarıstan Təhsil Nazirliyinin hazırladığı plan üzrə işlədiyini deyir.

«BİZƏ İRAD BİLDİRMƏYİB»

«Biz onun uşağına nəzərdə tutulmuş bütün təhsili vermişik, o, yanımıza gələrək hər hansı irad bildirməyib», – Kazandakı 6 saylı kadet məktəbinin müdiri Riat Habibrahmanov deyir.

Tatarıstan milli respublika olduğundan, burada orta məktəblərdə daim üç dil öyrədilib: tatar dili, rus dili və xarici dil. Ancaq rus dili və xarici dilə həftədə üç dərs ayrılırdısa, tatar dili hər gün tədris edilirdi. Vəziyyət yalnız bu il iyunun 20-dən sonra dəyişməyə başlayıb: Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, məktəblilər milli dilləri yalnız könüllü əsaslarla öyrənməlidirlər.

Kazandakı 6 saylı kadet məktəbinin müdiri Riat Habibrahmanov
Kazandakı 6 saylı kadet məktəbinin müdiri Riat Habibrahmanov

Bunun ardınca Tatarıstan prokurorluğu dərhal yoxlamalara başlayıb və məktəblərdə bununla bağlı pozuntular aşkar edib. Rus dilinin tədris saatlarının yetərincə olmadığı, ana dili seçiminin tatar diliylə məhdudlaşdığı üzə çıxarılıb.

Tatarıstanda bir çox məktəb direktorları təzyiqlərlə üzləşdiklərini və tədris ilinin qızğın vaxtında dil dərslərinin sayını dəyişdirməli olduqlarını bildiriblər. Hətta yuxarı siniflərdə tatar dilinin tədrisinin tamamilə ləğvi halları da qeydə alınıb. Müəllimlərin məvacibi azaldılıb, özlərinə isə ixtisar edilə biləcəkləri deyilib.

TATAR DİLİNİN İCBARİ TƏDRİSİNİN LƏĞVİNİ İSTƏYİRLƏR

Artıq on ildən artıqdır ki, bütün Tatarıstanda çox sayda şagirdin valideynləri tatar dilinin icbari tədrisinin ləğvinə çalışırlar.

«Əvvəllər mənə elə gəlirdi ki, bu, sadə məsələdir və asanlıqla həll ediləcək. Əslində isə bəlli oldu ki, respublika hökuməti bu məsələni ölüm-dirim məsələsi sayaraq sonadək dirənir», –«Rus dili uğrunda» valideynlər cəmiyyətinin üzvü Edvard Nosov deyir.

Ötən cümə günü – noyabrın 3-də Kazanın Vahitov məhkəməsində kadet məktəbinin işinə Rusiyada təhsil prosesinə nəzarət edən Rosobrnadzor-dan (Federal təhsil və elm sahəsinə nəzarət xidməti) ekspertlərin cəlbi müzakirə olunub. Ziyatdinova Tatarıstanda hər şeyin korrupsiyalaşmış olduğunu bəhanə gətirərək, yoxlamanın Moskvada aparılmasını xahiş edib.

Ancaq hakim həm ekspertizanın aparılması, həm də bu işə Rosobrnadzor-dan ekspertlərin cəlbinə dair vəsatətləri rədd edib. Olga Tatarıstanda «dil məsələsi» ilə bağlı məhkəmə prosesini udacağına çox da ümid etmədiyini, ancaq uyğun qaydada əvvəlcə Rusiya Ali Məhkəməsinə, daha sonra isə Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etməyə hazır olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG