Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Rusiyada Taras Shevchenko-nun ev muzeyi sökülüb


Taras Shevchenko-nun abidəsi
Taras Shevchenko-nun abidəsi

-

Məşhur ukraynalı şair və rəssam Taras Shevchenko-nun Rusiyada mühacirətdə olduğu dövrdə yaşadığı tarixi ev 2015-ci ilin yayında sökülüb. Yerində isə Rusiyanın özəl banklarından biri üçün avtomobil dayanacağı tikilib.

Bu hadisə Ukrayna hakimiyyətinə bu yaxınlarda məlum olub.

Orenburqda Shevchenko döngəsində yerləşən həmin kiçik evdə dünya şöhrətli şair 1849-cu ildə yaşayıb. Gizli siyasi təşkilatda iştirakına və öz düşüncələrindən əl çəkmədiyinə görə Çar Nicholas I onu Rusiyanın bu cənub bölgəsinə məcburi hərbi xidmətə göndərmişdi.

Maraqlıdır ki, daxmaya bənzər həmin kiçik evi Rusiya rəsmən tarixi abidə hesab edirdi. Sökülməsinə baxmayaraq, indinin özündə belə bu evin adı Rusiya Mədəni İrs obyektlərinin reyestrində qalır.

KİYEVDƏN UNESCO-YA VƏ AVROPA ŞURASINA ŞİKAYƏT

Kiyev baş verənlərlə bağlı UNESCO-ya və Avropa Şurasına şikayət edəcək.

Bu haqda Ukrayna Mədəniyyət Nazirliyinin fevralın 25-də yaydığı bəyanatda deyilir: «Rusiya hökumətinin abidənin dağıdılmasının qarşısını almaq üçün heç bir tədbir görməməsi və bu cinayətin uzun müddət araşdırılmaması Rusiya hakimiyyətinin bu ölkədəki ukraynalıların tarixinə və mədəniyyətinə qarşı repressiv siyasət yürütməsinə dəlalət edir».

Rusiya mediasının məlumatına görə, yerli əhalinin şikayətindən sonra Orenburqun hüquq-mühafizə orqanları faktla bağlı cinayət işinə başlayıblar.

Rusiya Mədəniyyət Nazirliyinin Orenburq şöbəsinin nümayəndəsi isə Taras Shevchenko-nun, əslində, heç vaxt həmin evdə yaşamadığını söyləyib.

«Ekspertlər belə qənaətə gəliblər ki, sözügedən mədəni irs obyektinin respublika əhəmiyyətli abidə kimi dövlət mühafizəsinə alınmasına əsas verən tarixi və mədəni xüsusiyyəti yoxdur. Çünki şair heç vaxt orada yaşamayıb».

Nazirliyin adı çəkilməyən nümayəndəsi belə deyib. Onun sözlərinə görə, hələ 2011-ci ildə Orenburq vilayətinin qubernatoru Mədəniyyət Nazirliyinə müraciət edib. Evin mədəni irs obyektləri siyahısından çıxarılmasını xahiş edib. Lakin nazirlik məsələni bugünədək həll etməyib.

BU İL ŞAİRİN ADINA FESTİVAL KEÇİRİLMƏLİDİR

Müasir Ukrayna ədəbiyyatının banilərindən olan Taras Shevchenko 1847-ci ildən 1850-ci ilədək Orenburqda zorən mühacirətdə yaşamalı olub. Orsk şəhərində hələ də şairin əsərlərinin reproduksiyalarının nümayiş olunduğu muzey fəaliyyət göstərir.

2016-cı ildə Orenburq şairin doğum günü münasibətilə 40-cı Shevchenko Festivalına ev sahibliyi etməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG