Əfqanıstanı idarə edən Taliban ölkənin televiziya kanallarına göstəriş verib ki, qadınların rol aldığı serialların nümayişini dayandırsınlar. Qadın teleaparıcıların isə hicab taxması əmr olunub.
Noyabrın 21-də Əxlaqın Təbliği və Nöqsanların Önlənməsi Nazirliyinin dərc etdiyi səkkiz bəndlik “dini təlimatlar” Taliban idarəçiliyi altında həyatla bağlı ən son məhdudlaşdırmadır.
Nazirlik həmçinin kanallara göstəriş verib ki, insanları “təhqir edən”, yaxud “aşağılayan”, qruplaşmanın şəriət və əfqan mədəniyyəti qaydaları prinsiplərinə qarşı olan film, komediya və əyləncə proqramlarını göstərməsinlər.
Məhəmməd peyğəmbəri, digər sitayiş olunan xadimləri, eləcə də qruplaşmanın qaydalarına uyğun geyinməyən kişiləri göstərmək qadağan edilir.
Sadə prinsiplər...
“Bunlar ifadə azadlığının məhdudlaşdırılması deyil, bəzi sadə prinsiplərdir”, – nazirliyin sözçüsü Akif Mohacir AzadAvropa/AzadlıqRadiosu-na deyib.
Avqustun ortasında Kabildə beynəlxalq səviyyədə tanınmış hökuməti devirəndən sonra Taliban 1996-2001-ci illərdəki qəddar idarəçilikdən daha yumşaq davranacağını iddia edib.
Həmin dövrdə qızların məktəbə, qadınların işə, idmana, ictimai həyatın bir çox sahələrinə əli çatmırdı. O vaxt əfqan mediası mövcud olmasa da, Taliban televiziyanı, filmləri, digər əyləncə formalarını yasaqlamışdı.
Taliban hakimiyyətə gələndən sonra qadınların universitet geyimi üçün qaydalar qoyub, qızların orta məktəbə getməsi yasaqlanıb.
Talibanı heç bir ölkə tanımayıb. Birləşmiş Ştatlar və bir sıra digər ölkələr yeni hökuməti tanımaq üçün insan haqlarına hörmətlə yanaşmağı, media azadlığını təmin etməyi, inklüziv siyasi sistemi şərt qoyublar.