ABŞ təlimi görmüş pilotları və digər əfqan qaçqınları Tacikistandan çıxarmış təyyarə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) çatıb.
Radio Azadi-nin təyyarədə olan müxbiri onun BƏƏ paytaxtı Əbu Dabiyə endiyini xəbər verir. Reys ABŞ-ın vasitəçiliyi ilə gerçəkləşib.
143 pilot
Taliban Əfqanıstanı tutanda öz təyyarələri ilə qonşu Tacikistana uçmuş pilotlar üç aya yaxın idi bu ölkədə saxlanırdılar.
Tacikistandakı ABŞ səfirliyinin noyabrın 9-da yaydığı xəbərdə deyilirdi ki, 143-ü pilot olmaqla 191 əfqan bu Orta Asiya ölkəsindən çıxmaq üzrədir.
Həmin şəxslər ABŞ-a mühacirət hüququ almazdan öncə müəyyən proseduralardan keçməkdən ötrü üçüncü ölkəyə aparılmalıydılar.
Pilotlardan ikisi qadın, onlardan biri hamilədir.
Özbəkistana qaçanlar çıxarılıb
Taliban avqustun ortasında paytaxt Kabili ələ keçirdi. O zaman hərbi təyyarədə Tacikistana uçan pilotlar Düşənbə yaxınlığında sanatoriyada saxlanırdılar.
ABŞ Silahlı Qüvvələrinin təlimini görmüş, ingilisdilli pilotlar Birləşmiş Ştatlara yola salınmazdan öncə sənədləri yoxlanırdı.
AzadlıqRadiosu-nun oktyabrda yaydığı məlumata görə, Taliban pilotlardan bəzilərinin Əfqanıstana qayıtması üçün onların qohumlarını öldürməklə hədələyirdi.
Bu qrup xaricə qaçmış pilotların sonuncu dəstəsi idi.
ABŞ-ın vasitəçiliyi ilə sentyabrda əldə olunmuş razılaşma əfqan pilotlardan və digər hərbi heyətdən ibarət daha böyük dəstənin Özbəkistandan çıxmasına yol açıb.