Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Taleh Xasməmmədovun sərbəst buraxıldığı deyilir


Fatimə Mövsüm
Fatimə Mövsüm

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun bu gün, aprelin 21-də sərbəst buraxıldığı deyilir.

Bu barədə Azadlıq Radiosuna aprelin 21-də axşam saatlarında Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verib:

“Ancaq Taleh hələ evə gəlmədiyindən məsələnin detallarını bilmirəm”

Bu barədə Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev də məlumat yayıb:

“İndicə aldığım məlumata görə, 2 gün öncə şərlənib həbs olunan, haqqında cinayət işi açılan hüquq müdafiəçisi Taleh Xasməmmədov Göyçayda 4 saat davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılıb. Ətraflı məlumat veriləcək”, deyə Oqtay Gulaliyev vurğulayıb.

Məsələni, hələlik rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.​

***

“Hüquq müdafiəçisi Taleh Xasməmmədova Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib”

Bunu AzadlıqRadiosu-na hüquq müdafiəçisinin həyat yoldaşı Fatimə Mövsüm deyib.

"Bizə xəbər göndərdilər ki, Talehi istintaq təcridxanasına köçürürlər, paltarlarını hazırlayaq. Onu qərəzli şəkildə xuliqanlıqda ittiham edirlər. Guya, üç polisi döyüb. Halbuki, Talehin nə xarakteri, nə də fiziki durumu buna imkan verir", - həyat yoldaşı bildirib.

Buna da bax: Hüquq müdafiəçisi saxlanıb. 'Belə çıxır ki, Taleh Rembodur?'

Fatimə Mövsümün sözlərinə görə, həyat yoldaşının səhhətində ciddi problemlər var:

“O, belindəki fəqərə sümüyündə 12 millimetrlik yırtıqdan, güclü başağrılarından əziyyət çəkir. Bu vəziyyətdə adam üç polisi necə döyə bilərdi? Hamımız bilirik ki, polisləri işə götürəndə onların fiziki göstəricilərini də nəzərə alırlar".

Həmin ittiham üzrə hüquq müdafiəçisi günahkar sayılarsa onu 3 ildən 7 ilə kimi həbs gözləyir.

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev isəbildirib ki, T.Xasməmmədov artıq üçüncü dəfədir eyni ssenari ilə həbs olunur.

O.Gülalıyev hesab edir ki, onu yaşadığı Göyçay rayonunda və bütövlükdə ölkədəki qanunsuzluqları dilə gətirdiyinə görə cəzalandırıblar:

"Rayon rəhbərliyi ona dəfələrlə xəbərdarlıq eləmişdi ki, tənqidlərini, çıxışlarını dayandırmasa, onun üçün pis nəticələnəcək".

Bu açıqlamaya, hələlik, Göyçay rayonunun hakimiyyət orqanlarından münasibət almaq mümkün olmayıb.

T.Xasməmmədov aprelin 19-da saxlanıb.

Taleh Xasm'mm'dov
Taleh Xasm'mm'dov

Rəsmi açıqlama

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti APA agentliyinə açıqlama da vermişdi.

Orada vurğulanırdı ki, Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları T.Xasməmmədovu yol-hərəkət qaydasını pozduğuna görə saxlayıblar. Üstəlik, onun idarə etdiyi avtomobilin cəriməsi olduğu açıqlanıb:

«Taleh Xasməmmədov DYPB-in rəisinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər. Bununla razılaşmayan T.Xasməmmədov xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən üç polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib», DİN-in açılamasında vurğulanırdı.

Ancaq T Xasməmmədovun anası Gülbuta Xasməmmədova AzadlıqRadiosuna demişdi ki, oğlunun avtomobilinin cəriməsi olsa da, bunu ödəməyə hazır idi. Anasının deməsinə görə, hüquq müdafiəçisi ona telefon danışığında ittihamın qurma olduğunu bildirib.

Xatırlatma

T.Xasməmmədov əvvəlcə 2011-ci ilin noyabrında həbs edilib. 2012-ci ilin aprelində Göyçay Rayon Məhkəməsi onu xuliqanlıqda və polisə müqavimətdə ittiham edərək 4 il azadlıqdan məhrum edib. Beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayıb. Prezident İ.Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

T.Xasməmmədov ikinci dəfə 2015-ci il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, bu dəfə də xuliqanlıqda ittiham olunub. Hüquq müdafiəçisi ittihamları rədd edib və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyib. 2016-cı ilin martında yenidən prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG