Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:32

Hüquq müdafiəçisi saxlanıb. 'Belə çıxır ki, Taleh Rembodur?'


T.Xasməmmədov

«Mən Talehin, polisə müqavimət göstərməsi, xuliqanlıq etməsi ilə bağlı yayılan xəbərlərə inanmıram. Bu adamın 40 yaşı var, hüquq müdafiəçisidir, qanunları yaxşı bilir, bu daha çox şərə bənzəyir».

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova bunu AzadlıqRadiosuna oğlunun aprelin 19-da Göyçayda saxlanması və bunun ardınca Daxili İşlər Nazirliyinin yaydığı məlumatı dəyərləndirərkən deyib.

G.Xasməmmədova təsdiq edib ki, oğlunun idarə etdiyi avtomobilin cəriməsi olub. Ancaq onun deməsinə görə, oğlu cəriməni ödəməyə hazırlaşırmış.

Bununla belə, G.Xasməmmədova oğlunun Göyçay Rayon Polis Şöbəsində polislərə müqavimət göstərməsi, xuliqanlıq etməsi kimi əməllərə yol verməsini mümkünsüz sayır: «Əvvəla ona görə ki, bu şəxs hüquq müdafiəçisidir, ikincisi Talehi görənlər bilir ki, bədəncə də cüssəli deyil. Mənim düşündüyüm budur ki, Taleh hüquq müdafiəçisi kimi fəaliyyətinə görə təqiblərə məruz qalır».

G.Xasməmmədova vurğulayıb ki, T.Xasməmmədovun polis şöbəsində 3 polis əməkdaşına müqavimət göstərməsi və polislərdən kimisə yaralaması haqda deyilənlər həqiqətə oxşamır: «Onda belə çıxır ki, Taleh Rembodur, ya kimdirsə biz tanımırıq?».

Anası güman edir ki, deyilənlər böhtandır. Onun fikrincə, məqsəd oğlunu şərləyib həbs etmək olub.

DİN: «Üç polis əməkdaşına xəsarət yetirib»

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun Göyçay rayonunda saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna başqa bir hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib. Onun deməsinə görə, bu gün, aprelin 19-da saat 11 radələrində polis əməkdaşları T.Xasməmmədovun idarə etdiyi avtomobili cəriməsi olması adı ilə saxlayıblar. O.Gülalıyevin vurğulamasına görə, T.Xasməmmədovu polis şöbəsinə aparıblar. Onun deməsinə görə, polis şöbəsində T.Xasməmmədova təzyiqlərin edilməsi ilə bağlı məlumatlar var.

«Ona qarşı cinayət işinin açılacağı da istisna deyil», - hüquq müdafiəçisi bildirib.

O.Gülalıyev qeyd edib ki, T.Xasməmmədov Siyasi Məhbuslar Mərkəzinin üzvüdür. Onun deməsinə görə, hüquq müdafiəçisinə hələlik vəkil tutulmayıb.

Bu məsələni Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən də təsdiq ediblər. Ancaq onlar məsələni fərqli şəkildə çatdırıblar. DİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saat 11 radələrində Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları xidmətdə olarkən yol-hərəkət qaydasını pozan BMW markalı avtomobili saxlayıblar:

«Yol polisinin əməkdaşı istifadəsində olan bort-kompyuterə nəqliyyat vasitəsinin məlumatlarını daxil edərkən, onun barəsində həbs qərarının olması müəyyən edilib və avtomobili qanuna müvafiq qaydada duracağa yerləşdiriblər. Bundan sonra avtomobilin sahibi, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov DYPB-in rəisinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona maşınının saxlanılmasının səbəbləri ətraflı izah edilib və bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər. Bununla razılaşmayan T.Xasməmmədov xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən üç polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib. Buna baxmayaraq, onun qanunsuz hərəkətlərinin qarşısı alınıb və saxlanılıb».

Hazırda faktla bağlı Göyçay RPŞ-də araşdırmalar aparıldığı deyilir.

Xatırlatma

T.Xasməmmədov əvvəlcə 2011-ci ilin noyabrında həbs edilib. 2012-ci ilin aprelində Göyçay Rayon Məhkəməsi onu xuliqanlıqda və polisə müqavimətdə ittiham edərək 4 il azadlıqdan məhrum edib.

Beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayıb. Prezident İlham Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

T.Xasməmmədov ikinci dəfə 2015-ci il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, bu dəfə də xuliqanlıqda ittiham olunub. Hüquq müdafiəçisi ittihamları rədd edib və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyib.

2016-cı ilin martında yenidən prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

Multimedia

XS
SM
MD
LG