Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Taleh Bağırov: 'İstəyirlər prezidentlik müddətini 70 il etsinlər...'


Taleh Bağırov
Taleh Bağırov

«Müsəlman Birliyi» Hərəkatının sədri, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırova daha 5 ay həbs cəzası verilib. Fevralın 13-də Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlov ilahiyyatçı haqqında yeni hökm çıxarıb.

T.Bağırov bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib.

Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib.

Prokurorun təklifi

Hökmdən öncə prokuror çıxış edərək, T.Bağırova verilən ittihamın məhkəmədə sübuta yetirildiyini deyib. Dövlət ittihamçısı ilahiyyatçıya 6 ay həbs cəzası təyin olunmasını və çəkilməmiş 17 il 9 ay 13 günlə qısmən toplama yolu ilə, ona qəti olaraq 18 il 3 ay azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Taleh Bağırov olduğuna və kartlardakı siyasi informasiyalara görə...

Ardınca ilahiyyatçının vəkili Fariz Namazlı çıxış edib. Deyib ki, istintaq orqanı T.Bağırova ittiham verərkən yaddaş kartlarını nəyə görə radioelektron cihazların elementlərinə aid etdiyini əsaslandırmayıb:

***Buna da bax-Taleh Bağırov: 'Kart udmağa görə mən cəzalanıramsa, bəs xalqın malını udanlar...'

«Sadəcə, ekspert rəyinə görə belə bir ittihamın verilməsi qanunsuzdur. Çünki yaddaş kartı ilə radioelektron cihaz anlayışları tamamilə fərqlidir. Radioelektron cihazlar dalğanı ötürə və qəbul edə bilən cihazlar sayılır. Bu, daha çox hərbi sistemdə tətbiq edilə bilən cihazlardır. Onun elementləri isə diodlar, tranzistorlar, mikrosxemlər, kondensator və s.-dir. Yaddaş kartları isə bu elementlərə daxil deyil».

Vəkilin sözlərinə görə, məhkəmədə müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb: «Halbuki, onlar işin taleyini həll edəcək vəsatətlər idi. Əgər təmin edilsəydi, məsələyə aydınlıq gətirilərdi, Taleh Bağırova irəli sürülən ittihamı aradan qaldıra bilərdi. Təəssüf ki, məhkəmə zəruri məsələləri araşdırmaqdan imtina etdi və imtinasını da əsaslandırmadı».

***Buna da bax-Nardaranlı məhkəməyə xərəkdə gətirildi

F.Namazlı deyir ki, bir çox məhkumlarda flaşkart, mini yaddaş kartı olsa da, indiyədək kimsəyə cinayət işi açılmayıb: «Hesab edirik ki, cinayət işi məhz Taleh Bağırov olduğuna, həmin yaddaş kartlarında siyasi informasiyalar - Əfqan Muxtarlı, Gözəl Bayramlının həbsi haqda məlumatlar olduğuna görə açılıb».

«MicroSD» tipli yaddaş kartlarının məhkumlara saxlanması qadağan olunan əşyalar siyahısında göstərilmədiyini deyən vəkil çıxışının sonunda T.Bağırovun əməllərində cinayət tərkibi olmadığını söyləyib və bəraət hökmü çıxarılmasını istəyib.

«İstəyirlər prezidentlik müddətini 7 il yox, lap 70 il eləsinlər...»

T.Bağırov özü məhkəmədə son sözünü deməmişdən öncə hakim ona xəbərdarlıq edib ki, ancaq ittihamdan danışsın. İlahiyyatçı deyib: «Mən son söz yox, xalq sözü deyirəm. Son söz Allaha məxsusdur. Məni hökumət mahiyyəti üzrə tutmayıb ki, mahiyyəti üzrə çıxış edim. Mən illərimi xalqın azadlığı uğrunda qurban vermişəm, xalqın azadlığını qəlbimdə daşıyan adamam. Xalqın azadlığı uğrunda rejim tərəfindən işgəncələrə, təzyiqlərə, qanunsuz həbslərə məruz qalmışam».

T.Bağırov çıxışında qarşıdan gələn prezident seçkisindən də danışıb: «İstəyirlər seçkiləri qabağa çəksinlər, prezidentlik müddətini 7 il yox, 70 il etsinlər, bu rejim, hakimiyyət inqilabçı gəncliyin ayaqları altında məhv olub tarixə gömüləcək».

***Buna da bax-Taleh Bağırov: '20 il həbs verməklə ürəkləri soyumayıb'

Bundan sonra hakim müşavirəyə gedib və az sonra geri qayıdaraq hökmü elan edib.

İlahiyyatçının vəkili F. Namazlı AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Xatırlatma

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG