Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:40

Taleh Bağırov: '20 il həbs verməklə ürəkləri soyumayıb'


Taleh Bağırov
Taleh Bağırov

“Müsəlman Birliyi” hərəkatının sədri, 20 il həbs cəzası almış ilahiyyatçı Taleh Bağırov yeni ittihamla məhkəmə qarşısına çıxarılıb. Bu dəfə o, CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə mühakimə olunur.

İttihama görə, 31 iyul 2017-ci ildə Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda “Qurani Kərim”, Quran təsviri və başqa məlumatların olması haqda rəy verib.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlov baxır.

Buna da bax: Taleh Bağırov haqqında yenidən cinayət işi başlandı

Yanvarın 26-da məhkəmənin hazırlıq iclasında T.Bağırovun vəkili Fariz Namazlı cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. İlahiyyatçı da bu məsələdə vəkili ilə həmrəy olub. Deyib ki, haqqındakı yeni cinayət işi də saxtadır, ittihamda yazılanların əksəriyyəti müstəntiqin uydurmasıdır, ona görə də məhkəmə vaxt sərf eləyib, belə bir qondarma işə baxmamalıdır.

T.Bağırovun sözlərinə görə, cəzaçəkmə müəssisələrində, Qobustan həbsxanasında məhkumların əksəriyyətində içində musiqilər, hekayələr olan mini flaş kartlar var: “Əgər qadağan olsaydı, onların içəri daxil olmasının qarşısı alınardı. Sadəcə, Azərbaycan hakimiyyəti mənə qarşı düşmənçilik siyasətini davam etdirir. Mənə 20 il verməklə də hirsləri soyumayıb, ona görə belə saxta cinayət işi açıblar”.

Buna da bax: Taleh Bağırov: 'Belələrinin qarşısında sınmayın'

Dövlət ittihamını müdafiə edən prokuror Tahir Vəliyev vəsatətin əleyhinə olub. Bildirib ki, indiki mərhələdə cinayət işinə xitam verilməməli, məhkəmə bu işə baxıb araşdırmalıdır.

Qısa müşavirədən sonra hakim də vəsatətin təmin olunmadığını, işin məhkəmə baxışına verildiyini açıqlayıb. Məhkəmə isə fevralın 6-na təyin olunub.

Xatırlatma

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Buna da bax: 'Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür'

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevin məhkəməsi bir müddət öncə yekunlaşıb. Onlara 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG