Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:12

Taleh Bağırov: 'Bu hakimiyyət məndən əl çəkmir'


T.Bağırov

«Öz polislərini öldürəcək qədər çirkin olan bir hakimiyyət məni cəzalandırmaq niyyətindən əl çəkmir», – «Müsəlman Birliyi» Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov aprelin 23-də məhkəməsində çıxışında belə deyib.

Bakı Apellyasiya Məhkəməsində T.Bağırovun 20 illik cəzasının daha beş ay artırılması barədə hökmdən verilən şikayətə baxılır.

Söhbət ilahiyyatçının CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirləndirildiyi cinayət işindən gedir. İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən 7 ədəd «microSD» tipli yaddaş kartları aşkar edilib.

Aprelin 23-də keçirilən məhkəmə iclasında ilahiyyatçının vəkili Fariz Namazlı iki vəsatət qaldırıb. Bunlardan biri yaddaş kartları ilə bağlı rəy vermiş ekspertin dindirilməsi, ikincisi isə Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqda olub.

«Qobustan mənim üçün tribunaya çevrilib»

Ekspert rəyində T.Bağırovdan tapılmış yaddaş kartları qanunla qadağan olunmuş əşya kimi təqdim olunub. Vəkil istəyir ki, ekspert dindirilməklə yanaşı, həm də Konstitusiya Məhkəməsi o kartların qanunla qadağan olunmuş əşyaların əhatə dairəsinə aid olub-olmamasına aydınlıq gətirsin.

***Buna da bax-Taleh Bağırov: 'İşimə Prezident Administrasiyasında baxılsın...'

Hakimlər vəsatəti təmin etməyib.

Daha sonra F.Namazlı apellyasiya şikayətinin dəlilləriylə çıxış edib. Bildirib ki, həmin yaddaş kartları qanunla qadağan olunmuş əşyalar deyil: «Cəzaçəkmə müəssisələrində məhkumların əksəriyyətində bu yaddaş kartlarından olur. Bu məsələyə görə yalnız Taleh Bağırov haqqında cinayət işi başlanması ona qarşı qərəzdən xəbər verir. Həmin kartlarda həm də Gözəl Bayramlının, Əfqan Muxtarlının həbsi haqda məlumatlar olub. Hesab edirik ki, cinayət işi başlanmasının səbəblərindən biri də budur. Ümumilikdə isə o kartlarda heç bir qanunazidd informasiya olmayıb».

Daha sonra T.Bağırov özü çıxış edib. Bildirib ki, bu cür saxta cinayət işləri və bənzər üsullarla onu susduracaqlarını düşünənlər yanılırlar: «Məni Qobustan həbsxanasına saldılar, nə oldu? Mən susdummu? Qobustan artıq mənim üçün tribunaya çevrilib. Mən öz fikirlərimi onsuz da deyirəm».

***Buna da bax-Taleh Bağırov: 'İstəyirlər prezidentlik müddətini 70 il etsinlər...'

Vəkili kimi, T.Bağırov da deyir ki, başqa məhkumlarda da həmin yaddaş kartlarından olur. Buna görə onun haqqında cinayət işi başlanması isə hakimiyyətin ona münasibətindən irəli gəlir.

T.Bağırov çıxışında rəhbərlik etdiyi «Müsəlman Birliyi» Hərəkatının həbsdə olmayan üzvlərinə qarşı təqib və təhdidlərin olduğunu söyləyib.

Sonda isə ilahiyyatçı məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını istəyib.

Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra şikayətin təmin olunmadığını, Qaradağ Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.

Vəkil F.Namazlı AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti veriləcək.

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş T.Bağırovun cəzası Qaradağ Rayon Məhkəməsinin hökmü ilə artırılıb. T.Bağırov özünü bu ittihamla da təqsirli bilmir. Deyir ki, həmin yaddaş kartlarından məhkumların əksəriyyəti musiqi və s. dinləmək məqsədilə istifadə edir. İlahiyyatçının sözlərinə görə, ondan tapılan kartlarda da qanunsuz heç nə olmayıb. Kartların yaddaşında Quran ayələri, dini musiqilər, həmçinin siyasi informasiyalar – jurnalist Əfqan Muxtarlı, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi haqda məlumatlar olub.

T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırov və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvlərinə, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevə 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG