Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:00

"Bığlı-saqqalı" dərsliklər...


İllüstrasiya
İllüstrasiya

►Dərsliklərlə bağlı yeni qayda valideynlərə problem yaradacaqmı?

"Azərbaycan məktəbliləri dərs kitablarını məktəbə səliqə-sahmanlı qaytarmalıdılar ki, özlərindən sonra gələn şagirdlər də istifadə edə bilsinlər."

Bu, sovet dövründən qalma bir qaydadır, ancaq fərqli bir tərəfi var, o da indiki dərs kitablarının içində edilməsi zəruri olan tapşırıqlarla bol olması...

Dərs kitablarının yararlı vəziyyətdə geri qaytarmaq və itirməməklə bağlı məsələni Nazirlər Kabinetinin bu günlərdə təsdiqlədiyi “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi” aktuallaşdırır.

Əsasnamədə göstərilir ki, orta məktəblərdə kitabxanadan götürmüş kitabın itməsinə və ya yararsız vəziyyətə salmasına görə oxucu ya eyni kitabı tapıb qaytarmalı, ya da onun dəyərinin 10 misli qədər vəsait ödəməlidir.

“Kitabdakı rəsmlərə bığ-saqqal çəkirlər”

“İl boyu işlənən kitab necə salamat qala bilər?” Bunu, Bakı məktəblərinin birinin kitabxanaçısı Sahibə Məmmədova deyir. Onun sözlərinə görə, hər il dərs kitablarını geri yığmaqda çətinlik çəkmirlər, kitabın itməsi də nadir halda olur:

“Amma kitablar nə qədər təzə verilsə də, şagird nə qədər səliqəli olsa da, il boyu hər gün istifadə olunur, məktəbə aparılır, gətirilir. Mətnlərdəki rəsmləri rəngləyirlər, bığ-saqqal çəkirlər. İçindən vərəqlər qopmuş olur. Bir kitabxanaçının yüzlərlə kitabı vərəq-vərəq yoxlamağa vaxtı yoxdur. Növbəti il yaxşı oxuyan uşaqlar belə kitablara ağız büzürlər. İmtina edib özünə satışdan dərs kitabı alan şagird də var”, - Sahibə Məmmədova əlavə edir.

Buna da bax: İmtahanlar pullu ola bilər

“Sxemi dəftərə necə köçürsün?”

Ədəbiyyat müəlliməsi Mənsurə Atakişiyeva da kitabxanaçının sözlərini təsdiqləyir. Deyir ki, məsələ dərs vəsaitlərinin korlanıb-korlanmamasından getmir:

“Dərs kitabını səliqəli saxlamaq mümkündür, kitabını əzizləyən şagirdlər var. Amma məsələ bunda deyil, çünki ən səliqəli şagird də dərs vəsaitini korlamağa məcburdur”.

Mənsurə Atakişiyeva bunun səbəbini dərs kitablarının tərtibi ilə əlaqələndirir:

“İndiki dərs vəsaitləri birdəfəlik istifadəyə nəzərdə tutulub. Kitabda edilməsi vacib olan tapşırıqlar var, tutaq ki, bəzilərini şifahi və ya dəftərində etdin, axı, kitabda sxemlə, krossvordla tapşırıq verilir. Krossvordu və ya sxemi şagird dəftərinə çəkəsi deyil ki. Kitabda edilməli tapşırıq da ilk onu işlədən tərəfindən işləniləndə, növbəti il bu kitabı alan şagird deyir ki, “müəllim, artıq bu tapşırıq həll olunub””.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Valideyn Səbinə İlyasova yeni qaydalardan da elə buna görə narahatdır. Onun fikrincə, kitabın içində tapşırıq edilməsini əsas gətirib dərs vəsaitini yararsız saya bilərlər. O, “ya bizdən kitabın yenisini, ya da pulunu istəyəcəklər. Belə çıxır ki, onda da dərs kitabları dolayısı ilə pullu olacaq” deyə narazılığını dilə gətirir.

Tapşırıqların dəftərdə yazılmasına nəzarət olunur”

Təhsil Nazirliyi isə AzadlıqRadisouna bildirir ki, dərsliklərdə çalışmalar verilsə də, onların həlli adi yazı dəftərində aparılır:

“Bu, müəllim tərəfindən təmin olunur. Buna nəzarəti məktəb rəhbərliyi və təhsil şöbələri həyata keçirir”.

Təhsil Nazirliyi bildirir ki, mövcud qaydalara görə, ümumtəhsil məktəb dərslikləri 4 il müddətinə istifadəyə nəzərdə tutulur və şagirdlərə pulsuz verilir:

“Məktəblərə verilən bütün dərsliklər Rayon Təhsil Şöbələrində inventar kimi rəsmi qaydada qeydiyyata alınır, balansa daxil edilir və uçotu aparılır. Lakin respublika üzrə itən və korlanan dərsliklər barədə ümumiləşmiş statistika mövcud deyil”.

Nazirlik vurğulayır ki, şagirdlərə pulsuz verildiyindən dərsliklər dövlət əmlakı hesab edilir və onların istifadə zamanı qorunması vacibdir:

“İstifadə zamanı dərsliyin itkisi və ya yararsız hala düşməsi istifadəçinin günahı üzündən baş verərsə, bu halda məsuliyyət valideynin üzərinə düşür. Lakin belə hallara, hələ ki, təsadüf edilməmişdir. Belə halların qarşısının alınmasından ötrü dərsliklərin uçotu və düzgün istifadəsinə dair bütün təhsil şöbələrinə təlimati məktub göndərilir və bütün ümumtəhsil müəssisələrində mütəmadi maarifləndirmə işləri aparılır”, - Təhsil Nazirliyi bildirir.

“Elektron dərsliklərə keçmək lazımdır”

Şagirdləri dərs vəsaitləri ilə əyani işləməkdən azad etmək lazımdır. Bunu müəllim Mənsurə Atakişiyeva deyir. Onun sözlərinə görə, təhsil sistemində kompüter texnologiyalarından geniş istifadə olunur:

“Elektron dərsliklərə nə qədər mümkündürsə, o qədər tez keçmək lazımdır. Təhsil Nazirliyi bu məsələnin üstünə düşüb. Onsuz da müasir şagirdlər kitab oxumaqdan çox, kompüter qabağında oturmağı sevirlər”.

Mənsurə Atakişiyeva əlavə edir ki, elektron dərsliklər dövlət büdcəsini də izafi xərclərdən qoruyacaq. Onun sözlərinə görə, dərsliklərdə tez-tez metodiki, elmi səhvlər tapılır:

“Hər il milyonlarla tiraj çap edilmiş kitabda hansısa səhvlər tapılanda məcbur olub yeni dərs vəsaiti buraxırlar. Bu da dövlət büdcəsinə zərər vurur. Elektron kitab bunun qarşısını ala bilər”.

Müsahibimiz əlavə edir ki, bu zaman nə şagirdlər dərs kitabları ilə dolu ağır çantanı məktəbə aparıb-gətirəcəklər, nə də dövlət qurumları kitabların yararlı-yararsız olub-olmadığını yoxlamağa vaxt sərf edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG