Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 03:51

Düşənbə aeroportunda tacik kişini saxlayıblar, ailəsinə meyitini qaytarıblar


Saidazam Rahmonov
Saidazam Rahmonov

Saidazam Rahmonovu ailəsi sonuncu dəfə oktyabrın əvvəlində Düşənbə Beynəlxalq Hava Limanında görüb.

Bir həftədən sonra Tacikistanın təhlükəsizlik xidməti əməkdaşları 29 yaşlı gəncin meyitini ailəsinə təhvil veriblər. Meyitin üzərində döyülmə, elektroşok izləri olub, sümükləri sınıb.

Rahmonovun ailə üzvləri və dostları bu haqda AzadlıqRadiosuna danışıblar. Onlar təqiblərdən çəkindiklərindən adlarını açıqlamayıblar.

Rahmonov 2019-cu ildən Almaniyada yaşayıb, Tacikistana vizasını yeniləməyə gəlib. Oktyabrın 6-da Düşənbə aeroportundan Moskvaya uçmaq istəyəndə onu saxlayıblar.

Ailəsinə yaxın mənbələrə görə, dindar müsəlman olan Rahmonovu dindirənlər onu dini ekstremizmdə, terror aktı planlaşdırmaqda ittiham olunub.

Ailəsi danışır ki, Rahmonov Almaniyada evlənib, heç bir dini, siyasi partiyanın və ya qrupun üzvü olmayıb. Sakit həyat tərzi sürür, Almaniyanın kiçik bir şəhərində oteldə işləyirmiş.

Tacikistan prezidenti Emomali Rahmon hakimiyyəti islamyönlü siyasi və dini qrupları sıxışdırır, saqqal saxlayanlar təqiblə üzləşir.

Tacikistan Orta Asiyanın ən yoxsul ölkəsidir. Son illər islam ekstremizmi ilə mübarizə aparır. Amma tənqidçilərin fikrincə, hakimiyyət radikallaşmanın səbəblərini aradan qaldırmaq əvəzinə islam adətlərini sərtliklə məhdudlaşdırır.

Rahmonovun ölümü ilə Tacikistanın istintaq təcridxanalarında sistematik işgəncələr və pis rəftar halları yenidən gündəmə gəlib. Hüquq müdafiəçiləri bu barədə xəbərdarlıqlar səsləndirirdilər.

Saidazam Rahmonov
Saidazam Rahmonov

"Sakit həyat"

Rahmonovun ailəsi onun Moskvaya çatmadığını görəndə narahat olub. O, Rusiya paytaxtında dostunun toyunda iştirak edib Düşənbəyə qayıtmalı idi.

İyunda Rahmonov Almaniyada vizasını uzatmaq üçün gərəkən sənədləri əldə etmək üçün Tacikistana gəlmişdi. Bu proses aylarla çəkə bilərdi.

"Düşənbədəki qohumları polisə, təhlükəsizlik xidmətlərinə, digər dövlət orqanlarına müraciət ediblər, amma heç bir cavab ala bilməyiblər", – bunu Rahmonovun dostu deyib.

"Aeroportda təhlükəsizlik əməkdaşları onun gur saqqalından şübhələniblər, təhlükəsizlik otağına aparıb mobil telefonunu yoxlayıblar. Telefonunda dini məzmunlu bir neçə video tapıblar", – dostu əlavə edib.

Ailəyə yaxın mənbələrə görə, Rahmonov saxlanılanda təhlükəsizlik xidmətinin əməkdaşları onun Düşənbədəki evində reyd keçirib, ailə üzvlərini sorğu-suala tutublar.

"Təhlükəsizlik xidmətləri ailəyə bildiriblər ki, Rahmonov ekstremistdir, terrorçularla əlaqəsi olub, Tacikistanda terror aktı planlaşdırıb", – yenə ailəyə yaxın mənbə bildirib.

Oktyabrın 13-də Rahmonovun cəsədi ailəyə təhvil verilib, onun saxlanarkən intihar etdiyi bildirilib. Ailəsi bu versiyanı rədd edir.

AzadlıqRadiosu məsələ ilə bağlı Tacikistanda rəsmi orqanlara sorğu göndərib, amma cavab almayıb.

Rahmonovun həyat yoldaşı AzadlıqRadiosuna deyib ki, cütlük Almaniyanın qərbindəki Frankenberq şəhərində sakit həyat sürürdü.

Qadın danışır ki, Rahmonov Almaniya immiqrasiya orqanlarına Tacikistana səfər edərsə, təhlükəsizlik riski ilə üzləşəcəyini deyibmiş. Amma Almaniya rəsmiləri onun vizasını yalnız Tacikistanda uzatmalı olduğunu bildiriblər.

XS
SM
MD
LG