Bir tacik-amerikalı işadamı və iki rusiyalı-kanadalı Nyu-Yorkda həbs edilib. Onlar ABŞ-da hazırlanmış texnologiyanı Rusiyaya göndərməkdə suçlanırlar. İddiaya görə, göndərilən elektron hissələr sonradan Ukraynada ələ keçirilən Rusiya hərbi avadanlığının içində tapılıb.
Bruklin sakini, 52 yaşlı Salimcon Nasriddinov və Monrealda yaşayan evli cütlük - 37 yaşlı Nikolay Qoltsevlə 32 yalı Kristina Puzıryovanın hər birinə qarşı qaçaqmalçılıq, sanksiyaları pozmağa plan qurma və pulköçürmə saxtakarlığı ittihamları irəli sürülüb.
Yasaqlanmış əşyalarla dolu 300 bağlama
Onların ABŞ sanksiyalarından yayınmaq üçün yaradılan qlobal şəbəkənin bir bölməsi olduğu iddia edilir. Şəbəkənin məqsədi kimi Rusiya ordusunun Ukraynada apardığı müharibədə istifadəsi üçün vacib texnologiyanın əldə edilməsi göstərilir.
Nyu-Yorkda daxili güvənlik araşdırmalarına cavabdeh özəl agent İvan Arvelo (Ivan Arvelo) deyir ki, müttəhimlər bir il ərzində Rusiya döyüş meydanına [toplam] dəyəri təxminən 7 milyon dollar olan yasaqlanmış əşyalarla dolu 300 bağlama göndərə biliblər.
Nasriddinov, Qoltsev və Puzıryovanın göndərdiyi iddia olunan texnoloji avadanlığın qəbuledicisi ABŞ-ın sanksiya siyahısındakı bir neçə Rusiya qurumu olub.
Onların arasında elektron hissələr satan "Testkomplekt" şirkətinin və Rusiya müdafiə sənayesini xarici mallarla təchiz edən "Radioavtomatika" təchizat şəbəkəsinin də adları var. Bu şirkətlərin adı mart ayında ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsinin sanksiya siyahısına əlavə edilib.
Elektron hissələr satan "EKB-NEVA" MMC elə həmin ayda ABŞ Dövlət Departamentinin sanksiya siyahısına salınıb.
Nyu-Yorkda həbs edilən üçlüyün ABŞ istehsalçılarından elektron malları satın alaraq xaricə yollamaq üçün Bruklində qeydiyyatdan keçirilmiş "SH Brothers" və "SN Electronics" adlı iki şirkətdən yararlandığı düşünülür.
"Bir neçə şirkətdən faydalanmalı olacağıq"
AzadlıqRadiosunun tacik xidmətinin hazırladığı məqalədə deyilir ki, Nasruddinov "SH Brothers" şirkətini 2021-ci ilin iyununda qeydiyyatdan keçirib. O bu ilin yanvarında "SN Electronics" şirkətini quraraq arvadının adına qeydiyyata salıb.
ABŞ prokurorluğu bildirir ki, avadanlıq öncə Çin, Hindistan və Türkiyə kimi ölkələrə, ardınca Rusiyaya göndərilirmiş.
Seriya nömrələri "SH Brothers"in göndərdiyi bəzi elektron hissələrin sonradan Rusiya dron, raket, helikopter, tank və digər hərbi avadanlığının içində Ukraynada tapıldığını göstərib.
Ədliyyə Departamentinin şikayət ərizəsində deyilir ki, Nasriddinovla Qoltsev arasındakı SMS yazışması onların ixrac etdikləri avadanlığın hərbi məqsədlərlə istifadəsindən xəbərdar olduğunu göstərir.
Qoltsev bir mesajında Rusiyaya mal göndərməyin təhlükəli olmasından yazır və elektron hissələrlə dolu bir bağlamanın Nyu-York hava limanında ABŞ qurumları tərəfindən müsadirə edildiyini bildirir.
Nasriddinovsa cavab verir ki, "Ukraynalılar iddia edirlər ki, onları [ABŞ istehsalçılarının düzəltdiyi] hissələrlə bombalayırlar, bəlkə, ona görə hər şeyi araşdırmağa başlayıblar?".
Qoltsev başqa bir mesajında yazır: "Gələcəkdə diqqət çəkməməkdən ötrü bir neçə şirkətdən faydalanmalı olacağıq. Onların nəyi üzə çıxardığını öyrənənədək, hələlik, iri bağlamalar [göndərmək] təhlükəli olacaq… Yükü bölüm-bölüm paylaşdırmaq haqda düşünməyə məcburuq…".
Fevralın 23-də Nasriddinov Qoltsevə yazır: "Vətən Qoruyucuları Günün mübarək".
"Biz də onu bacardığımız kimi müdafiə edirik", - cavabında Qoltsev belə yazıb.
AzadlıqRadiosu müttəhimlərin vəkilləri ilə əlaqə yarada bilməyib.
Prokurorluğun məlumatında deyilir ki, Nasriddinovun həbs olunduğu Bruklindəki evində minlərlə yarımkeçirici və başqa avadanlıq aşkar edilib.
Nasriddinov Rusiyada yaşayıb və burada doktorluq dərəcəsi alıb
Qoltsev və Puzıryova isə Nasriddinovla görüşmək üçün gəldikləri Nyu-Yorkda - Manhettendə qaldıqları oteldə həbs olunublar. Onların üstündə 20 min dollar aşkarlanıb.
ABŞ bank hesablarından sözügedən şəbəkə ilə bağlı 1.1 milyon dollardan çox pul müsadirə edilib.
Tacikistanın şimal-qərbində yerləşən Pəncəkənd şəhərindən olan Nasriddinovun Nyu-Yorkdakı tacik diasporu arasında yaxşı tanınan uğurlu işadamı sayıldığı deyilir.
AzadlıqRadiosunun tacik xidməti bildirir ki, Nasriddinov Rusiyada yaşayıb və burada doktorluq dərəcəsi alıb. Xəbərdə daha sonra deyilir ki, işadamı Tacikistanın "Roğun" su elektrik stansiyası layihəsi üçün avadanlıq idxal etməsinə də yardımçı olub.
Nasriddinovun Facebook hesabında paylaşdığı bir fotoda onun "Roğun" layihəsinə göstərdiyi xidmətlərə görə Tacikistan prezidenti Emomali Rahmondan medal aldığını görmək mümkündür.
Hələlik, məhkəmənin vaxtı müəyyənləşdirilməyib. Prokurorluq müttəhimlərin "ciddi qaçış riski" daşıdığı və "önəmli" xarici əlaqələri olduğu üçün nəzarət altında qalacaqlarını bildirib.