Keçid linkləri

2025, 20 Aprel, bazar, Bakı vaxtı 23:23

Sanksiyaların müddəti bitəndən sonra İran Rusiyaya raket satacaq?


İranın ballistik raket istehsalının önünü kəsmək üçün tətbiq edilən BMT sanksiyalarının müddəti bitdikdən sonra həm Tehran, həm də müttəfiqi Rusiya bu növ texnologiyanın alınıb-satılmasına heç bir əngəlin qalmadığını açıqlayıb.


Bu iddia Moskva və Tehranın aralarında mövcud olan silah ticarətini genişəndirəcəyi, bura daha qabaqcıl silah, nou-hau və texnologiyaları da daxil edəcəyi ilə bağlı narahatlığa yol açıb. Rusiyanın Ukraynada apardığı sonu görünməyən müharibə və İranın ballistik raket və dron proqramları bu ticarəti daha da genişləndirə bilər.


Müşahidəçilər İranın daha öncə yasaqlanmış silahları, əsasən. qısamənzilli ballistik raketləri Rusiyaya satmağa çalışacağını istisna etməsələr də, onun bunu bacara biləcəyinə skeptik yanaşırlar.

Sanksiyalar qüvvədə qalsa da…

Səbəblərdən biri kimi Tehranın Yaxın Şərqdə körüklənən münaqişə fonunda öz arsenalını doldurmağa ehtiyac duymasını göstərirlər.

Berlində fəaliyyət göstərən Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun araşdırıcısı Həmidreza Əzizi AzadlıqRadiosu-na deyib ki, İranın indən belə BMT sansiyalarına əməl etməli olmadığını söyləməsi “texniki olmaqdan daha çox siyasidir” və İran hərbi ticarət və köçürmələri gerçəkləşdirmək bacarığını “normallaşdırmaq” istəyir:

“Bütün bu illər ərzində sanksiyalar qüvvədə qalsa da, İranın təkcə öz raket proqramını deyil, dron proqramını, hərbi imkanlarını da misli görünməmiş dərəcədə gəlişdirə bilməsinə şahid olmuşuq”.


Əzizi vurğulayır ki, İran bu sonuclara tərəfdaşları sayəsində, əsasən, Şimali Koreya, Rusiya və Moskvanın digər müttəfiqləri ilə texniki və elmi əməkdaşlıq sayəsində nail olub.

Maykl Skollonun müəllifi olduğu yazıda deyilir ki, İran Tacikistan və Belarusda döyüş dronları istehsal edəcək zavodlar qurub. Bu zavodlarda İranın “Şahed-136” kamikadze dronlarının düzəldiləcəyi bildirilir. Rusiya Ukraynada apardığı müharibədə bu dronlardan geniş yararlanır.

Üstəlik, Qərb hökumətləri Rusiyanın özündə də İranın yardımıyla dron istehsalı müəssisəsinin qurulduğunu bildirib. Bu zavod Moskvaya İran dronlarının yerli versiyasını çox böyük sayda istehsal etmək imkanı verəcək. Zavodun gələn il işə salınacağı gözlənilir.


İran ən çağdaş raket və dronlarından bəzilərini Yaxın Şərqdə nümayiş etdirmək imkanı qazanıb. İsrail-HƏMAS savaşı bağlantısında Tehranın proksiləri və dəstəklədiiyi silahlı təşkilatlar da dünyanın diqqət mərkəzindədir.

Sanksiyalar qüvvədə qalsa da…

Ötən il Rusiyanın Ukraynaya hücumundan sonra İran Moskvaya ucuz, amma effektiv kamikadze dronları satmaqda suçlanır. İran bu ittihamları rədd edir və həmin dronları savaşdan öncə satdığını deyir. ABŞ rəsmiləri Tehranı dəfələrlə Ukraynadakı mülki infrastrukturun dağıdılmasında istifadə edilən “Shahed-136” dronlarını Rusiyaya verməkdə günahlandırıb. Rusiyanın İran dronlarının adını dəyişərək, “Geran-2s” adı ilə döyüş meydanında istifadə etdiyi dəlillərlə sübuta yetirilib.

İki ölkə arasında hərbi-texniki əməkdaşlığın artması fonunda İranın müdafiə naziri İran istehsalı olan ballistik, kruiz, tank əleyhinə və hava hücumundan müdafiə raket sistemlərini vaxtaşırı Rusiya rəsmilərinə nümayiş etdirir.


Oktyabrın 18-də müddəti bitən sanksiya 2015-ci ildə BMT-nin 2231 saylı qətnaməsinin tərkibində qəbul edilmişdi və İranın dünya gücləri ilə bağladığı nüvə sazişinin (JCPOA) bir hissəsi idi.

Sazişə görə, dünya gücləri İranın nüvə proqramını dayandırması müqabilində ona qarşı sanksiyaları yumşaltmağı vəd edirdi. ABŞ Tramp administrasiyası dönəmində - 2018-ci ildə sazişdən çıxdı. Britaniya, Fransa və Almaniya paktı ayaqda saxlamağa çalışsa da, İran götürdüyü öhdəliklərin bir neçəsindən geri çəkildi, ancaq bütövlükdə JCPOA-də qaldı.

Təhlükəsizlik Şurasının JCPOA-i təsdiqlədiyi zaman tətbiq edilən BMT sanksiyalarının İranın üzərinə qoyduğu öhdəliklərdən biri “nüvə silahlarını daşıya bilən ballistik raketlərlə bağlı hər hansı fəaliyyətlə məşğul olmamaq” idi. Bu müddəalara görə, İranla bu sahədə ticarət əlaqələri qurmaq istəyən istənilən ölkə BMT Təhlükəsizlik Şurasından icazə almalı idi.


“Janes” qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə eksperti Ceremi Binni (Jeremy Binnie) deyir ki, İranın daha öncə Rusiyaya “Shahed-136” dronlarını ixrac etməsi, qismən, bu silahların BMT təsnifatında konvensional (ənənəvi) silahlar kateqoriyasına daxil olması əsaslandırıla bilər.

“Biz, hələlik, İran raketlərinin Rusiyaya ötürülməsi barədə heç bir dəlil görməmişik. Ancaq bunun iranlıların [BMT-nin 2231 saylı qətnaməsini] (UNSCR 2231) açıq-aşkar pozan [dövlət] kimi görülmək istəməməsi ilə bağlı olub-olmamasını deyə bilmərik, - Binni AzadlıqRadiosu-na verdiyi yazılı şərhdə belə deyib.


Onun sözlərinə görə, BMT sanksiyalarının müddətinin bitməsi ilə İran “artıq Rusiyaya daha aşkar silah ötürmək istəyə bilər”.

“İranlılar… ucuz raketlər düzəltməyin yollarını öyrədə bilərlər”

Ancaq Qəzza zolağındakı münaqişə və İranın müharibəyə qoşulma ehtimalı kontekstində İranın bu cür silahları kiməsə vermək istəyib-istəməyəcəyi tamam başqa sualdır.


“İranlıları düşündürən başqa bir məsələ öz hərbi imkanlarını qoruyub saxlamaqdır. Rusiyaya çox sayda raket veriləcəyi təqdirdə [ölkənin özünün hərbi imkanları] zəifləyə bilər. Hazırda Yaxın Şərqdəki qeyri-müəyyənlik İranın Rusiyaya silah satmaq istəyini azalda bilər. Onlar bu silahları özlərinə saxlamaq, ya da öz regional maraqlarını dəstəkləmək üçün müttəfiqləri sayılan qruplara vermək istəyə bilərlər”, - yenə Binninin sözləridir.

Onun fikrincə, bir çıxış yolu da ““Şahed-136”larda olduğu kimi davranmaq, …Rusiyanın bu silahları öz ərazilərində düzəltməsi üçün hissələri və texnologiyaları Rusiyaya ötürmək” ola bilər.

O deyir ki, Rusiyanın özünün qabaqcıl raketdüzəltmə imkanları olsa da, “iranlılar onlara Qərb sanksiyalarından yan keçərək, əlçatan resurslardan ucuz raketlər düzəltməyin yollarını öyrədə bilərlər”.

ABŞ və Avropa Birliyi sözügedən sanksiyaların müddətinin bitməsindən sonra yeni məhdudlaşdırıcı tədbirlər görmək istiqamətində cəld tərpəndi.

Sentyabr ayında Britaniya, Fransa və Almaniya İranın ziddiyyətli nüvə proqramı və ballistik raket istehsalı ilə bağlı mövcud sanksiyalarını saxlayacaqlarını elan etdi.


BMT sanksiyalarının bitdiyi gün - oktyabrın 18-də ABŞ İran, Rusiya və digər ölkələrdə fərdləri və şirkətləri hədəfə alan yeni sanksiyalarını açıqladı. Bu sanksiyaların məqsədi İranın öz raket və dron proqramları ilə bağlı texnologiya və avadanlıq alıb-satmaq cəhdlərinin önünü kəsməkdir.

XS
SM
MD
LG