Türkiyənin Konstitusiya Məhkəməsi ölkənin əsas kürdyönlü partiyasının liderinin həbsxanada uzun müddət saxlanmasının müttəhimin hüquqlarını pozduğuna dair qərar qəbul edib.
Lakin Reuters yazır ki, barəsində başqa bir cinayət təhqiqatı aparıldığına görə sözü gedən liderin həbsxanadan buraxılacağı gözlənilmir.
Türkiyənin tanınmış siyasətçilərindən Selahattin Demirtaş terrorizmlə əlaqədar ittihamlarla bağlı 2016-cı ilin noyabrından bəri həbsxanadadır.
Ona qarşı irəli sürülmüş əsas ittiham təsdiq olunarsa, Demirtaşı 142 illik həbsxana cəzası gözləyə bilər.
Əsaslandırılması mümkün olmayan müddət
Məhkəmənin qərarında deyilir ki, siyasətçi həbsxanada əsaslandırılması mümkün olmayan uzun müddətdə saxlanıb və beləliklə də onun azadlıq hüququ pozulub.
Konstitusiya Məhkəməsi bununla bağlı siyasətçiyə təzminat ödənilməsi barədə də qərar çıxarıb.
Lakin Türkiyə mediasının yazdığına görə bu məhkəmə hökmü onun həbsxanadan azad olunması ilə nəticələnməyəcək, çünki Demirtaşla bağlı ayrıca cinayət təhqiqatı davam edir və onun bu iş üzrə həbs orderi qüvvədədir.
Vəkillər dərhal azad olunmasını tələb edirlər
Ötən sentyabrda məhkəmə Demirtaşın barəsində araşdırmanın davam etdiyi müddətdə siyasətçinin sərbəst buraxılması barədə hökm çıxarmışdı.
O vaxt prokurorlar ona qarşı yeni cinayət işi açmış və yenidən həbs olunmasını tələb etmişdilər. Demirtaş özünə qarşı ittihamları rədd edir.
Onun vəkillərindən Mahsuni Karaman deyib ki, Konstitusiya Məhkəməsinin hökmü ötən sentyabradək olan müddəti əhatə edir. Amma bu hökm həm də ikinci saxlanma orderinə şamil edilməlidir.
Vəkil izah edir ki, ikinci həbs orderi üçün də birinci həbs orderi üçün təqdim edilmiş səbəb göstərilib.
Vəkil deyir ki, məhz buna görə də Demirtaş dərhal azad edilməliydi.
Avropa Məhkəməsinin bu barədə qərarı var
Reuters agentliyi yazır ki, Türkiyənin Konstitusiya Məhkəməsi əvvəllər də həbsxanada uzun müddət saxlanılan başqaları üçün buna bənzər hökmlər çıxarıb. Bu şəxslərdən bəziləri son nəticədə azad ediliblər.
Demirtaşın həbsxanaya atılanadək rəhbərlik etdiyi Xalq Demokratik Partiyası və ya HDP Türkiyə parlamentində ikinci böyük fraksiyadır.
Erdoğan hökuməti HDP-ni qadağan olunmuş Kürdüstan İşçi Partiyası və ya PKK ilə əlaqələrdə ittiham edir.
HDP bu ittihamları rədd edir.
Reuters yazır ki, Demirtaşın məhbusluğu artıq beynəlxalq miqyasda müşahidə edilir.
Avropa İnsan Haqları Məhkəməsinin 2018-ci ilin noyabrında verdiyi hökmdə Demirtaşın məhbusluğunun əsaslandırılması mümkün olan müddəti aşdığı bildirilir.