Türkiyə ordusu İraqın şimalında Kürd Fəhlə Partiyasına (PKK) qarşı əməliyyat zamanı 500-dən artıq kürd hərbi hədəfini vurub. Məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
“Pələng Caynağı Əməliyyatı” iyunun 16-da Türkiyə bazalarına kürd silahlılarının hücumlarının artmasına cavab olaraq başladılıb, ordunun iyunun 18-də yaydığı bəyanatda deyilir.
Bəyanata görə, iyunun 14-də və 16-da İraqın şimalında müxtəlif regionlarda PKK obyektlərinə qarşı hava reydləri keçirilib. 36 saat ərzində Türkiyənin F-16 qırıcılarının, dronlarının, qaubitsalarının 500-dən artıq PKK hədəfini vurduğu bildirilir.
“Pələng Caynağı Əməliyyatı çox yaxşı keçir. Allah qoysa, bu qətiyyət və ciddiliklə əməliyyatı uğurla başa vuracağıq”, – Müdafiə naziri Hulusi Akar deyib.
PKK-nı Türkiyə, Birləşmiş Ştatlar və Avropa Birliyi terror təşkilatı kimi tanıyır. Təşkilat 40 ilə yaxın bir müddət ərzində Türkiyə dövlətinə qarşı savaşıb, kürdlərə daha böyük azadlıqlar tələb edib. Bu müharibədə 40 minədək insan həyatını itirib.
PKK-nın Türkiyə, İraq, İran və Suriyada silahlı və siyasi qanadları, Avropada isə kürd diasporu şəklində yüzminlərlə tərəfdarı var.
Türkiyə mütəmadi olaraq cənub-şərqi Anadoluda PKK-ya qarşı hərbi əməliyyatlar aparır, İraqda isə PKK-ya qarşı onlarla əməliyyat keçirib.
Türkiyə ordusu Suriyanın şimalındakı kürd qüvvələrə qarşı üç dəfə əməliyyat aparıb, onların məhz PKK-nın nəzarətində olduğunu deyir.