ABŞ prezidenti Donald Tramp sentyabrın 29-da Ağ evdə süni intellekt (Sİ) sahəsi üzrə aparıcı texnologiya şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Görüşün yekununda sahənin özünütənzimləməsinə dair birgə bəyanat qəbul olunub.
Sənəddə deyilir ki, "hər bir şirkət öz texnologiyasını müştərilərin və cəmiyyətin etimadını gücləndirəcək şəkildə, təhlükəsiz şəraitdə hazırlamağa görə məsuliyyət daşıyır". Şirkətlərin modellər üzərində nəzarəti təmin edən etibarlı daxili prosedurları olmalıdır. Bu, xüsusilə kibertəhlükəsizlik, biotəhlükəsizlik və kimyəvi təhdidlər kimi sahələrə aiddir. "Modellərin texniki sistemləri sındırmaması və onlara icazəsiz giriş əldə etməməsi" də təmin olunmalıdır.
Razılaşmada Sİ modellərinin imkanlarına müstəqil auditorların nəzarət etməsi nəzərdə tutulur. Şirkətlər sistemlərin təhlükəsizliyi məsələləri üzrə müntəzəm olaraq bir-biri ilə məsləhətləşmələr aparmağa da razılaşıblar. Şirkət rəhbərləri gələcəkdə Sİ təhlükəsizliyi tədbirlərinin dövlət səviyyəsində rəsmiləşdirilə biləcəyini də istisna etmirlər. Ancaq hələlik söhbət məhz sahənin özünütənzimləməsindən gedir.
Sənədi prezident Trampla yanaşı, sahənin aparıcı şirkətlərinin rəhbərləri - Sundar Piçai (Google), Dario Amodei (Anthropic), Mark Zukerberq (Meta), Qreq Brokman (OpenAI), İlon Mask (xAI) və Censen Huanq (Nvidia) imzalayıblar.
Sənəd hüquqi baxımdan məcburi qüvvəyə malik olmasa da, Tramp onu sahə üçün bir növ "konstitusiya" adlandırıb.
Tramp icra hakimiyyəti orqanlarının rəsmi sənədlərində "süni intellekt" ifadəsinin "superintellekt" termini ilə əvəzlənməsi barədə fərman imzalayıb. "Amerikanın Səsi"nin məlumatına görə, o, görüşü "çox məhsuldar və dostyana" adlandırıb.
Ağ evdəki bu görüş sahə nümayəndələrinin süni intellektin yarada biləcəyi potensial risklərlə bağlı xəbərdarlıqları fonunda baş tutub. Bəzi siyasətçilər isə dövlətin bu sahəyə qadağalar və ya məhdudiyyətlər qoymasını tələb edirlər.