BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk sentyabrın 7-də xəbərdarlıq edib ki, süni intellekt bəşəriyyət üçün təhlükə yaradacaq qədər güclənə bilər. O, yaxın günlərdə şirkətləri bu riskləri azaltmağa çağıracağını bildirib.
"Bu sənayenin ekspertlərinin qabaqcıl süni intellektin bəşəriyyətin mövcudluğuna risk yarada biləcəyi ilə bağlı narahatlığını bölüşürəm", – Türk Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasındakı geniş çıxışında deyib. Gələn aydan onun ikinci səlahiyyət müddəti başlayır.
"Bu gün buradan çağırış edirəm: çox gec olmadan süni intellektin təhlükəsizliyinə dair möhkəm zəmanətlərin yaradılması üçün bütün qüvvələr səfərbər olunmalıdır", – o əlavə edib.
Türk ad çəkmədən xəbərdarlıq edib ki, kiçik bir qrup insan süni intellekt texnologiyaları üzərində, demək olar, qeyri-məhdud hakimiyyətə malikdir.
"Ən azından, süni intellekt sistemlərinin yerləşdiyi və onların təchizat zəncirlərində yer alan ölkələr razılaşdırılmış qırmızı xətlər üzrə ortaq məxrəcə gəlməlidirlər", – o bildirib.
Süni intellekt sahəsində aparıcı şirkətlər "Meta", "Antropik", "OpenAI" və "Google"dur.
Bundan əvvəl süni intellekt sahəsinin rəhbər şəxsləri, o cümlədən “OpenAI” şirkətinin baş icraçı direktoru Sem Altman bu texnologiyanın bəşəriyyətin məhvinə yol aça biləcəyi barədə xəbərdarlıq etmişdilər.
BMT riskləri azaltmaq üçün vahid qaydaların hazırlanmasına çağırıb. İyulda süni intellektin idarə edilməsinə həsr olunmuş ilk qlobal toplantı keçirilib.