Keçid linkləri

2026, 15 İyun, bazar ertəsi, Bakı vaxtı 22:41

ABŞ 'Anthropic'in qabaqcıl süni intellekt modellərini dondurdu

"Anthropic"
"Anthropic"

"Anthropic" şirkəti ən qabaqcıl süni intellekt (Sİ) modellərini ictimaiyyətə təqdim etdikdən cəmi bir neçə gün sonra Donald Tramp administrasiyası onların fəaliyyətini dondurub. "The Financial Times" (FT) yazır ki, bu qərar süni intellekt sənayesində təəccüb doğurub və Vaşinqtonun bu texnologiyaya yanaşması ilə bağlı ciddi suallar yaradıb.

ABŞ Ticarət Nazirliyi iyunun 12-də "Anthropic" şirkətinin ən yeni "Fable" və "Mythos" modellərinə ixrac məhdudiyyətləri tətbiq edib. Qərara əsasən, xarici vətəndaşların bu texnologiyadan istifadəsi qadağan olunub, nəticədə şirkət bütün istifadəçilər üçün hər iki sistemin fəaliyyətini dayandırmağa məcbur qalıb.

Şirkətə yaxın mənbənin bildirdiyinə görə, qərarın icrası üçün "Anthropic"ə cəmi 90 dəqiqə vaxt verilib, rəsmi sərəncam qüvvəyə minənədək isə rəhbərliyə heç bir ətraflı izahat təqdim olunmayıb. Şirkət yaranmış böhranı həll etmək məqsədilə həftəsonu özünün yüksək səviyyəli texniki komandasını Vaşinqtona göndərib.

Bənzər funksiyalar rəqib sistemlərdə də mövcuddur

Qərar "Amazon" tədqiqatçılarının hesabatından sonra verilib. Həmin sənəddə "Fable" modelində proqram təminatının yenidən yazılmasına şərait yaran təhlükəsizlik boşluqlarının aşkarlandığı bildirilib. Məlumata görə, "Amazon" bu tapıntıları əvvəlcə "Anthropic" ilə bölüşüb.

"Anthropic"ə 13 milyard dollar sərmayə qoymuş "Amazon" şirkətinin baş icraçı direktoru Endi Cessi iyunun 12-də məsələni ABŞ rəsmiləri ilə müzakirə edib. Onun qabaqcıl Sİ modellərinin ümumi imkanları ilə bağlı narahat olduğu bildirilir.

"Anthropic" isə administrasiyanın bu addımı ilə razılaşmır. Şirkət bəyan edir ki, aşkarlanan xüsusiyyət yalnız onların modellərinə xas deyil, bənzər funksiyalar rəqib sistemlərdə, o cümlədən "OpenAI" tərəfindən hazırlanan modellərdə də var.

FT yazır ki, bu qarşıdurma Tramp administrasiyasının getdikcə güclənən Sİ modellərinə necə nəzarət edəcəyinin ilk ciddi sınaqlarından sayılır. Sənaye rəhbərləri və tədqiqatçılar vurğulayırlar ki, model təhlükəsizliyi problemini ixrac nəzarəti vasitəsilə həll etməyə çalışmaq qabaqcıl Sİ texnologiyalarının gələcək istifadəsi ətrafında ciddi qeyri-müəyyənlik yarada bilər.

XS
SM
MD
LG