Keçid linkləri

2026, 05 İyun, cümə, Bakı vaxtı 15:52

Süni intellekt susuz qoyanda: Kaliforniya şəhərində data mərkəzləri səsvermə ilə qadağan edildi

Texasın Abilin şəhərində tikilməkdə olan OpenAI data mərkəzlərinin polad karkası
Texasın Abilin şəhərində tikilməkdə olan OpenAI data mərkəzlərinin polad karkası

Kaliforniyanın Monterey Park şəhərində seçicilər data mərkəzlərinin qadağan edilməsini böyük səs çoxluğu ilə dəstəkləyiblər. "The New York Times" yazır ki, bu, ABŞ-də bu tip obyektlərin səsvermə yolu ilə qadağan olunduğu ilk şəhərdir.

Referendumun bu həftə açıqlanan qeyri-rəsmi nəticələrinə görə, seçicilərin 86 faizindən çoxu qadağanı dəstəkləyib. Səsvermədən əvvəl şəhərdə data mərkəzi qurulması təklifinə qarşı güclü etirazlar olmuşdu.

Data mərkəzlərinin tərəfdarları və əleyhdarları

Hazırda Birləşmiş Ştatlarda süni intellekt sənayesini dəstəkləyən data mərkəzlərinə qarşı müqavimət artır. Tənqidçilər bu obyektlərin fasiləsiz səs-küy yaratdığını, yüksək enerji istehlakı səbəbindən elektrik tariflərini artırdığını və yaxşı maaşlı iş yerləri yaratmadığını deyirlər. Digər bir mühüm amil isə avadanlıqların soyudulması üçün böyük həcmdə suyun tələb olunmasıdır ki, bu da su qıtlığı riskini yaradır.

Təklifi dəstəkləyənlər isə data mərkəzlərinin bələdiyyələr üçün yaxşı vergi gəliri mənbəyi olduğunu, yerli əhali üçün iş yerləri yaratdığını, səs-küy və enerji qiymətləri ilə bağlı narahatlıqların isə şişirdildiyini iddia edirlər.

ABŞ-nin müxtəlif şəhər, rayon və ştatlarında data mərkəzlərinə müvəqqəti məhdudiyyətlər və ya qadağalar qoyulub. 60 min əhalisi olan Monterey Park bunu seçicilərin birbaşa səsverməsi ilə gerçəkləşdirən ilk şəhər ola bilər.

Maraqlıdır ki, süni intellektin (AI) əsas inkişaf mərkəzi Silikon Vadisi olsa da, data mərkəzləri Virciniya, Miçiqan, Ohayo kimi əhalinin daha az sıx olduğu ştatlarda yerləşir. Bu bölgələrdə torpaq daha ucuzdur.

Corciya sakinlərinin içməli su dərdi

Ötən ay ABŞ Konqresinin üzvü Aleksandriya Okasio-Kortes Konqres dinləməsində Corciya ştatının kənd bölgəsi sakinlərinin narahatlıqlarını gündəmə gətirib. Onlar yaxınlıqdakı data mərkəzinin istifadə etdikləri içməli suya mənfi təsirindən şikayətlənirlər.

Konqresmen dinləmə zamanı bulanıq su olan qabları göstərib və bəzi ailələrin yemək bişirmək, həmçinin çimmək üçün evlərinə ayrıca su sifariş etməyə məcbur qaldıqlarını deyib.

"Bu, sadəcə narahatlıq yaradan bir vəziyyət deyil; bu, ictimai sağlamlıqla bağlı əsas məsələdir", – konqresmen bildirib.

Bu həftə Bakıda keçirilən Enerji Forumunda Azərbaycanın data mərkəzləri və süni intellekt infrastrukturu üçün cəlbedici ölkələrdən birinə çevrilə biləcəyi fikri səsləndirilib. APA-nın məlumatına görə, bunu sessiyalardan birində "Boston Consulting Group"un idarəedici direktoru Pattabi Seşadri bildirib. Onun sözlərinə görə, 2030-cu ilədək dünyada təxminən 75 giqavat həcmində yeni süni intellekt və data mərkəzi güclərinin istifadəyə verilməsi gözlənilir.

XS
SM
MD
LG