Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Sovet xüsusi xidməti Amerika üzərində necə 'qələbə' çaldı


Viktor Pelevin
Viktor Pelevin

«İzvestiya» qəzeti oxucuların diqqətini tanınmış rus yazıçısı Viktor Pelevinin bu il yazdığı üç kitaba çəkib. Söhbət «İakinf», «Yüngül toxunuşlar sənəti»«Stolıpin» romanlarından gedir.

«İakinf» romanında dörd dost Kabardaya trekkinq səyahətinə çıxır və burada müdrik ağsaqqal bələdçi Akinfiy İvanoviçlə tanış olur. Akinfiy İvanoviç gənclərlə birlikdə dağları gəzərkən tədricən İakinfə (yaxud Apollonun dostu Giasintə) çevrilir. İakinf gənclərə çoxlu faydalı informasiya verir. Uşaqların əslində insanların nəyinə lazım olduğunu izah edir.

Yalnız bir süjet

Bu, Pelevin üçün bir növ tematik yenilikdir. O öz kitablarında uşaq məsələsinə kədərli bir soyuqqanlılıqla yanaşır: sözsüz ki, insan uşaqları onların öz xeyri üçün dünyaya gətirmir, zamanı aldadıb ölümdən qurtulmaq üçün gətirir.

Real rus həyatından get-gedə daha çox uzaqlaşaraq ümumbəşəri fəlsəfəyə daha çox yaxınlaşan Pelevin «İakinf»də «yeni Rusiya»da gənclərin qarşısında açılan dörd karyera variantını təklif edir: televiziyada ortabab «danışan», bank brokeri, «Eyvan materiki» pəncərə şirkətində pəncərə ölçən və hər üçünün tamamilə mənasız olduğunu anlayan sosioloq.

Əsərdəki dörd dostun peşələri də bunlardır. Pelevin İakinfin dili ilə deyir: «Bir latın amerikalı var idi, deyirdi ki, həyatda cəmi dörd süjet var. Ancaq məncə, ikicə süjet var. Birincisi – insanın pula görə adam öldürməsi. İkincisi – insanın qurban verilməsi». Daha sonra yazıçı əslində bunun optik illüziya olduğunu, iki yox, yalnız bir süjetin olduğunu yazır.

«Yüngül toxunuşlar sənəti» adlı novella isə kulturoloji məqamları olan detektivdir. Əsər real hadisələrə, daha doğrusu, yazıçının bağ qonşusu, QRU generalı İzyuminin müəmmalı ölümü ətrafında baş verənlərə əsaslanır.

İşlə bağlı təhqiqat əsərin qəhrəmanı, oxucuya digər romanlardan tanış olan Qolqofskini Kalininqrad kafedral kilsəsinə, Lionda bir bordelə, Parisin intellektualları arasında tanınan «Café de Flore»a, Norveç fyordlarına və Suxumun ətrafında gətirib çıxarır. Bu mənada əsərin «Da Vinçi kodu» tərzində yazıldığını anlamaq olar.

İzyuminin vəzifəsi

Bu konspiroloji traveloq sensasion tapıntı ilə yekunlaşır: Amerikanın hazırkı mənəvi halı əslində sovet xüsusi xidmətlərinin illərlə apardığı və çox diqqətlə planlaşdırdığı işin nəticəsidir. Bütün bu işlərə isə İzyumin rəhbərlik edirmiş: «…Onun işi Amerikanı Amerika edən əsas şeyi – aydın, rasional və azad Amerika düşüncəsini məhv etmək idi. Ən yaxşı halda o, ABŞ-ı Sovet İttifaqının 70-ci illərdə olduğu küt və riyakar cəmiyyətə çevirmək istəyirdi. İzyuminin vəzifəsi Amerikada söz azadlığının axırına çıxıb qandonduran, adamı boğan riyakarlıq atmosferi yaratmaq idi».

Ancaq qələbə hər şeyin sonu deyilmiş. İzyuminin buraxdığı əqli nüvə bombasına Amerikadan cavab gəlir. Bu zaman bağ evində olan Qolqofski bu gözəl axşam günəşinin əvəzinə qəfildən «bir zamanlar böyük ölkənin skeletini görür. Bu ölkədə hər şey o qədər çoxdan və yerli-dibli oğurlanıb ki, artıq nə gələcəyə, nə də keçmişə ümid var».

Əsərin sonuncu 1/3-i «Qələbədən sonrakı döyüş» adlanır. Döyüş yalnız bir «Stolıpin»dən ibarətdir. Məqalədə deyilir ki, Pelevin üçün bütün Rusiya bir «stolıpin»dən ibarətdir.

«İakinf»dən fərqli olaraq, «Stolıpin» oxucuya bir növ sürpriz hazırlayır. «Fudzi dağına açılan gizli mənzərə» adlı ötən kitabın qəhrəmanları, oliqarxlar Fyodor Semyonoviç və Rinat Museyeviç burada da peyda olur. Onlar startaper Damian Ulitinin yaratdığı yeni attraksion sayəsində öz təhlükəli buddist səyahətlərindən evə qayıdıblar.

«Pelevinin pərəstişkarları bu kitabda özlərini çox rahat hiss edəcəklər», - qəzet yazır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG