Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Sovet mühəndisi Şimali Koreyaya sirləri necə ötürürmüş


Ukrayna KQB-sinin açılmış arxivlərindəki materiallardan görünür ki, Moskvaya rəsmən dost münasibəti göstərən KXDR rejimi SSRİ ərazisində aktiv casusluqla məşğul olurmuş: agentlər toplayır, hərbi sirləri öyrənməyə çalışırmış.

“Nastoyaşeye Vremya” portalı Ukrayna Təhlükəsizlik Xidmətinin arxivlərində qorunub saxlanan iki iş (əməliyyat işi və cinayət işi) əsasında məqalə hazırlayıb. On üç cildlik material koloniyada keçirilməklə 10 illik həbs cəzasına məhkum edilmiş, həbsdə ölmüş Kiyev sakininə aiddir.

1981-ci ilin iyulu idi. Həmin şəxsin adı Stanislav Puşkardır. Ona Cinayət Məcəlləsinin 56-cı maddəsi üzrə “casusluq formasında vətənə xəyanət” ittihamı irəli sürülüb. Müttəhim öz günahını danmır, peşman olduğunu deyir, ona mərhəmət göstərilməsini istəyir.

Hədiyyə ilə satın alınmış agent

Hakim ona sərt rejimdə keçirilməklə on il həbs cəzası verir. Puşkarın yetkinlik yaşına çatmamış oğlu uzun müddət valideynsiz qalır. Ancaq bəlkə də Puşkar bu qərardan bir qədər rahatlıq tapıb. Çünki ona minimal cəza kəsilmişdi. Bu cinayətə görə güllələnmə də verə bilərdilər.

Bağlı qapılar arxasında keçirilən proses haqda bircə dənə də olsun qəzet yazmamışdı. Güman ki, “sükut rejimi” müttəhimin kimə işləməsi ilə bağlı olub. Bu, formal olaraq dost sayılan sosialist dövləti – Koreya Xalq Demokratik Respublikası (KXDR) idi.

Bütün bu əhvalat 1970-ci ilin sonlarında Kiyevdə yerləşən 61809 saylı hərbi hissədə başlamışdı. Şəhər sakinləri buranı hərbi texnikanın təmiri ilə məşğul olan “Arsenal-2” rejim zavodu kimi tanıyırdılar.

Şimali Koreya casus üçlüyü
Şimali Koreya casus üçlüyü

Qapalı obyektə Şimali Koreya ordusunun üç zabiti və eyni zamanda Kiyev hərbi məktəbinin kursantları praktika keçməyə gəlir. Adları Kim Ze Xan, Tsoy The Li və Dim Sun Kil olan koreyalıları yalnız soyadları (adın birinci hissəsi) ilə tanıyırlar.

Məqsəd stajçılara KXDR-nın SSRİ-dən aldığı tank əleyhinə raket kompleksləri ilə təchiz olunmuş hərbi maşınlara qulluğu öyrətmək idi.

Ancaq qonaqların hədəfi onların görməli olmadıqları gizli texnika idi. Bu texnikanı onların görməməsi üçün müvəqqəti brezent örtüklə örtmüşdülər. “Arsenal”ın işçilərinə bəzən elə gəlirdi ki, stajçılar qadağalardan yan keçərək tədris proqramından kənar şeyləri də görməyə çalışırlar...” – məqalədə deyilir.

Verilən hədiyyələrə şirniklənərək Şimali Koreya kəşfiyyatının agentinə çevrilmiş sovet vətəndaşı haqda məqalənin tam mətnini “Nastoyaşeye Vremya” portalından oxumaq olar.

“Bütün dünya düşmən idi”

“Potensial düşmənlərin” bir-birinə qarşı kəşfiyyat əməliyyatları haqda çox danışılıb. Ancaq bəzi xüsusi xidmətlər dost ölkələrə qarşı da fəaliyyət göstərirmiş.

SSRİ və Şimali Koreya arasında münasibətlər Kim rejiminin yaranmasından demək olar, dərhal sonra pisləşib. 1950-ci illərdə KXDR xeyli dərəcədə sovet nəzarətindən çıxmışdı. Ancaq eyni zamanda məsələni açıq münaqişə həddinə çatdırmamış, şimal qonşusundan yardım almaqda davam edirdi.

Tamamilə məxfi kitablardan birinin fotosurəti
Tamamilə məxfi kitablardan birinin fotosurəti

SSRİ KXDR-na silah verirdi. Ancaq bu heç də ona lazım olanların hamısı deyildi.

Koreyaşünas Andrey Lankovun sözlərinə görə, KXDR SSRİ ərazisində kəşfiyyat fəaliyyətini hələ 1950-ci illərin sonlarından başlamışdı. Dövlətlər arasındakı formal dostluq bu işə mane olmurdu. 1980-ci illərdə və 1990-cı illərin əvvəllərində Puşkarın işi kimi işlər az deyildi. Puşkar Şimali Koreyaya casusluq edən ilk və son vətəndaş deyildi.

“Koreyanın nəzər nöqtəsindən baxanda bütün dünya düşmən idi, hərə özü üçün. Onun üçün beynəlxalq münasibətlər bir ...oyun idi. Bu oyunda ...heç bir qadağan olunmuş fənd yoxdur. Hansısa fəndlər qadağandırsa, bu, zəiflər üçündür. Onlarsa özlərini heç vaxt zəif saymayıblar. Onların heç vaxt müttəfiqləri olmayıb. Daha doğrusu, müttəfiqlər vəziyyətə görə yaranıb. Bu gün onlar Çinə qarşı SSRİ ilə blok yarada, sabah SSRİ-yə qarşı Çinlə blok yarada bilərdilər. Bu xətt indi də saxlanılıb: Şimali Koreyada ABŞ-la birgə Çinə qarşı ittifaqdan danışırlar. Bu, tamamilə praqmatik, müəyyən mənada sinik, müəyyən qədərsə sağlam və realist yanaşmadır”, – ekspert deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG