Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 10:38

Sosial media yeniyetmələrin əqli sağlamlığına necə təsir göstərir


Yaşadığımız dövrdə uşaqlar ekran qarşısında həddindən çox vaxt keçirirlər. Mütəxəssislər smartfon, kompüter, planşet qarşısında çox vaxt keçirməyin uşaqların psixikasına ciddi təsirləri barədə xəbərdarlıq etsələr də, bir çox ailələr bu məsələnin həllini tapmaqda çətinlik çəkirlər. Bəs görəsən, ekran qarşısında keçirilən vaxt bütövlükdə zərərlidir, yoxsa bunun uşaqlara hər hansısa faydası da var?

Psychology Today” dərgisi nəticələri Amerika Tibb Assosiasiyasının “Psychiatry” (JAMA Psychiatry) nəşrində dərc edilmiş bir tədqiqat haqqında yazıb. Tədqiqatın nəticələrinə görə, sosial mediadan istifadə yeniyetmələrin əqli sağlamlığına mənfi təsir göstərir. Ancaq bununla yanaşı, bu yaxınlarda aparılan başqa bir araşdırmaya görə, ekran qarşısında vaxt keçirmək uşaqlar üçün zərərli deyil. Nə baş verir?

Simptomlar azı 2 dəfə artır

Adı çəkilən birinci tədqiqatın müəllifləri qeyd edirlər ki, yeniyetmələr sosial mediada nə qədər çox vaxt keçirirlərsə, qorxu, narahatlıq və depressiya kimi hallarla bir o qədər çox üzləşirlər. Tədqiqata rəhbərlik edən Johns Hopkins Universitetinin Bloomberg İctimai Səhiyyə məktəbinin doktorantı Kira Riehm bu ikisi arasında “çox dəqiq əlaqə” olduğunu deyib.

“Psychology Today” bu araşdırmanın müəyyən qədər məhdud olduğunu yazır. Çünki toplanan informasiya yeniyetmələrin özlərinin verdiyi məlumatlara əsaslanır.

Məqalədə internalizasiya və eksternalizasiya terminləri haqda söz açılır və hər birinin qısa izahı verilir: “Internalizasiya simptomları insanın daxildə əzab çəkməsini bildirir.

Qorxu, depressiya, intihar düşüncələri, özündən bədgümanlıq, tənhalıq kimi simptomlar internalizasiyaya nümunədir.

Eksternalizasiya simptomları isə insanın özündən kənara yönələn simptomlardır. Bura impulsivlik, qaydaları pozma, yaxud diqqətin zəif olmasını aid etmək olar”.

Sözügedən tədqiqatın nəticələrinə görə, sosial mediadan gündə 30 dəqiqə - 3 saat arasında istifadə internalizasiya simptomlarını iki dəfəyə qədər artırıb. Gündə 3 saatdan artıq istifadə nəticəsində hallar 2,5 dəfə, 6 saatdan artıq istifadə nəticəsində isə 3 dəfə artıb.

“Sosial mediada daha çox vaxt keçirən yeniyetmələrdə qorxu, depressiya və tənhalıq kimi hallar müşahidə edilib”, – yazıda deyilir.

Sosial media problemdir, yoxsa simptom?

“Bəs görəsən, sosial media problemdir, yoxsa simptom? …Mental problemlərin səbəbi sosial mediada keçirilən vaxtdır, yoxsa mental problemlər uşaqları sosial mediada daha çox vaxt keçirməyə vadar edir?” deyə jurnal sual edir.

Alimlər bu sualın cavabını əvvəldən mövcud olan halları təcrid etmək yolu ilə tapmağa çalışsalar da, etibarlı cavab ala bilməyiblər.

Ancaq “Clinical Psychological Science” jurnalında dərc edilmiş başqa bir məqalənin müəllifləri bu araşdırmanın nəticələri ilə razılaşmır.

Müəllif, Qrinsborodakı Şimali Karolina Universitetinin professoru Michaeline Jensen telefon və internetdə keçirilən vaxtın əqli sağlamlıq problemləri yaratmasına dair fikirlər üçün yetərincə əsas tapılmadığını deyir.

“Psychology Today” jurnalı iki tədqiqatı müqayisə edərək onların əslində fərqli şeyləri araşdırdığı qənaətinə gəlib.

“Ola bilsin ki, ekran qarşısında keçirilən ümumi vaxtın təsiri çox da böyük deyil, ancaq sosial mediada keçirilən vaxtın təsiri böyükdür. Sosial mediadan 3 saatdan artıq istifadə istənilən adam üçün çoxdur və valideynlər bu vaxtı məhdudlaşdırmağı məntiqli saya bilərlər. Artıq ruhi sağlamlıq problemlərindən əziyyət çəkən həssas yeniyetmələrin valideynləri isə sosial mediadan istifadəni daha çox məhdudlaşdırmaq haqda düşünsələr yaxşıdır”, – məqalədə deyilir.

XS
SM
MD
LG