Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:16

SOCAR məmurundan 50 min manatın alınmaqlığı


Manat və dollar, 15 yanvar 2016
Manat və dollar, 15 yanvar 2016

SOCAR-ın tikinti tresti müdirinin müavini Allahyar Mirzəyev biznesə girişmək istərkən, həm aldadılıb, həm də 50 min manat ziyana düşüb

SOCAR-ın tikinti tresti müdirinin müavini Allahyar Mirzəyev yol çəkilişi biznesinə girişmək istəyib, amma son nəticədə həm aldadılıb, həm də 50 min manat ziyana düşüb. Düzdür, həmin 50 minin 20 minini sonradan alsa da, qalan pulu geri almaq üçün indi istintaq orqanlarının, məhkəmələrin qapısını döyür.Məhkəmədə ona bir başqa sual da ünvanlayıblar, soruşublar ki, o 50 min manatı necə qazanmışdın?

Allahyar Mirzəyev hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işində zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxs isə Vəkillər Kollegiyasının üzvü Tahir Qurbanovdur. Müttəhimlər kürsüsündə də o oturub. Tahir Qurbanov biznes qurmaq, həbsdə olan yaxınlarını buraxdırmaq adı ilə müxtəlif adamlardan külli miqdarda pul alma və aldatmaqda suçlanır. Ona CM-in 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib. Başqa sözlə, vəkilə 7 ildən 12 ilədək həbs cəzası kəsilə bilər.

Tahir Qurbanov tək deyil, onunla işbirliyində təqsirləndirilən Adil Musayev axtarışdadır. Onun ölkədən getdiyi bildirilir. Bir başqa təqsirləndirilən Xanlar Məlikov SOCAR-da çalışan məmurdan alınmış 50 min manatın 20 minini -yəni üzərinə düşən ziyanı ödədiyindən, bir müddət öncə məhkəmə hökmüylə şərti cəza alaraq, azadlığa çıxıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısı
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısı

“Demişdi ki, Qubanın icra başçısının birinci müaviniylə dostdur”

Allahyar Mirzəyev 50 min manatınn əlindən necə alındığını məhkəmədə danışıb. Deyib ki, hazırda axtarışda olan Adil Musayevlə 2013-cü ildə, dostlarından biri vasitəsilə tanış olub. Həmin vaxt Allahyar Mirzəyevin “Alyans” adlı bir şirkəti varmış. Günlərin birində Adil Musayevlə söhbətində deyib ki, iş gördüyü adamdan pulunu ala bilmir. Həmsöhbəti ona müvafiq orqanlara şikayət göndərməyi tövsiyə edib, vəkil kimi isə öz tanışı Tahir Qurbanovu məsləhət görüb. İndi məhkəmədə baxılan məsələyə o işin aidiyyəti olmasa da, vəkil Tahir Qurbanovla tanışlıqları belə başlanıb.

“Bu söhbətlərdən bir müddət sonra Adil mənə dedi ki, Qubada avtomobil yollarının təmiri ilə bağlı bir iş var və onu biz görə bilərik. Demişdi ki, Qubanın icra başçısının birinci müavini Yusif Abidovla dostdur, o da bu işin onlara verilməsinə kömək göstərə bilər. Mənə söz Verdi ki, icra başçısının müavini ilə görüşdürəcək. Adillə birlikdə Qubaya getdik, yolda bir neçə dəfə telefonla danışanda “müəllim, gəlirik” dedi, mən də inanmışdım. Məni az qala, Qubanın bütün kəndlərini gəzdirəndən sonra bir nəfərlə görüşdük. Onu “icra başçısının müavini Yusif müəllim” kimi təqdim elədi. Mən də inandım. Onda vəkil Tahir Qurbanov da maşında idi. Danışıb razılaşdıq. Bir müddət sonra Adil zəng eləyib dedi ki, tender keçirilir, o işi bizim görməyimiz üçün 50 min pul istəyirlər. Mən də verdim. Sonradan bildim ki, sən demə, Qubada mənimlə görüşüb danışan adam, əslində, Xanlar Məlikov imiş…”, - SOCAR rəsmisi aldanma tarixçəsini məhkəməyə belə açıqlayıb.

SOCAR məmurunun maaşı soruşuldu

SOCAR
SOCAR

Allahyar Mirzəyev bu hadisədən əvvəl də iş gördüyü adamlardan birinin onu aldatdığını deyir. O səbəbdən, bu dəfə pulu notarial qaydada vermək qərarına gəlib. O, Adil Musayev və vəkil Tahir Qurbanovla birlikdə notariat kontoruna gedib. Orada məlum olub ki, Adil Musayevin şəxsiyyət vəsiqəsinin vaxtı keçib. Ona görə pulu müqavilə ilə Tahir Qurbanova verib, amma Adil Musayev götürüb aparıb. Buna baxmayaraq, yenə də pulunu vəkildən tələb edir: “Çünki o bu işlərin hamısından xəbərdar olub. Mənə qarşı dələduzluqda o da iştirak edib. Pulumu alandan sonra hamısı yoxa çıxdı, nömrələrini dəyişdilər”.

Günlərin birində Allahyar Mirzəyev Qubaya gedəndə, icra başçısının müavini ilə görüşmək istəyib. Binada mühafizəçi ona müavinin kabinetini göstərib. Otağa daxil olarkən, bir müddət əvvəl görüşdüyü adamı deyil, başqasını görüb. Dediyinə görə, onda aldadıldığını anlayıb.

Təqsirləndirilən şəxsin vəkili Çingiz Heydərov hakimlərə üz tutaraq deyib ki, məhkəmə məmurun bizneslə məşğul olmasına, tenderdə qalib çıxmaq üçün 50 min manat rüşvət verməsinə də hüquq müstəvisində baxmalıdır.

Vəkil SOCAR rəsmisinə belə bir sual da ünvanlayıb: “Siz məmursunuz, deyin görək, 600-700 manat maaşla 50 min sizdə hardandır?”.

Allahyar Mirzəyev deyib ki, o, ayda 600-700 manat yox, 4 min manat maaş alır.

Azərbaycan, 1 saylı həbsxana 22 yanvar 2017
Azərbaycan, 1 saylı həbsxana 22 yanvar 2017

Həbsdən buraxdırmaq vədi ilə alınan pullar

Vəkildən şikayətçi olan digər zərərçəkmişlər yaxınlarını həbsdən çıxarmaq istəyərkən, pulu da əlindən çıxanlardır. Zərərçəkmiş Samir Tahirov deyir ki, qardaşı oğurluğa görə həbsdədir, onun çıxmasına kömək üçün vəkil Tahir Qurbanov ondan 6 min 200 manat alıb, amma heç bir iş görməyib. O biri zərərçəkmişlərdən Zaur Əliyev qardaşına görə 3 min, Zahid Əliyevsə oğlundan ötrü 4 min 500 manat verdiyini bildirib. 70 yaşlı M.Allahrzayev də oğurluq ucbatından həbsə düşən oğlunun buraxılmasını istəyib və vəkil bu vədlə ondan 5 min 300 manat alıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG