Finlandiya və Almaniya şirkətlərinin təmsilçiləri iddia edir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müxtəlif layihələri üzrə tenderlərin qalibi elan edilmək üçün onlardan ümumilikdə yarım milyon manat rüşvət alınıb. Bununla əlaqədar «RTMS GmbH» şirkətinin rəhbəri Rayner Klaus Verner Lor hətta Berlin polisinə də şikayət edib.
Azərbaycanda da araşdırma aparılıb və bir nəfər həbs olunub – SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin İdarəetmə Aparatında Texnoloji informasiya və idarəetmə sistemlərinin tətbiqi şöbəsinin rəis müavini olmuş Səyavuş Valehov. O, CM-nin 178.3.2 (dələduzluq), 320.2 (sənədləri, rəsmi blankları saxtalaşdırma) və başqa maddələriylə suçlanır. Bu maddələr 5 ildən 12 ilədək həbs, 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 300 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
İddia olunur ki, Valehov Finlandiyanın «Prohoc Oy» və «Axedus Oy» şirkətlərinin nümayəndəsi Seppo Martikaynendən müxtəlif layihələr üçün bir neçə dəfəyə, ümumilikdə 377 min manat, R.K.V.Lordan isə 120 min manat pul alıb. Onların icra etmək istədiyi layihələr Astarada inşa ediləcək qaz kompressor stansiyasının tikintisi, «Günəşli» platformasında olan 15 stansiyanın hər birinin generatorları və elektrik avadanlıqlarının dəyişdirilməsi və başqaları olub.
«40 min avro SOCAR-ın binasında verildi»
S.Martikaynen deyir ki, «Prohoc Oy» şirkətində «Dədə Qorqud» layihəsi üzrə ümumi işlərin gedişatına nəzarət edən işçi idi, görülən işlərin həcmiylə şərtlənən müqaviləsi vardı. «Axedus Oy» şirkətində isə daimi əsaslarla işləyirdi. Ancaq hər iki şirkət ona nümayəndə kimi etibarnamə verib. Deyir, 2015-ci ildə S.Valehov onların şirkətlərinin «Günəşli» platformasıyla bağlı tenderdə qalib ola biləcəyini deyib. Amma sənədlərin hazırlanması, SOCAR səlahiyyətlilərinə vermək üçün gərəkən məbləğ barədə də danışıb.
S.Martikaynen deyir ki, o da məsələni «Prohoc Oy» şirkətinin meneceri və sahibi Matti Mannerlə müzakirə edib və bundan sonra «hə» deyilib. Onun sözlərinə görə, danışıqlarda məbləğlər «kilo» ilə ifadə olunurdu: «Əvvəlcə, Səyavuşun da dediyi kimi, «10 kilo» avro, yəni 10 min avronu M.Manner onun bank hesabına göndərdi. Az sonra 7 min 977 avro da köçürüldü. Səyavuş bildirmişdi ki, işi həll eləmək üçün SOCAR-ın müxtəlif vəzifəli şəxsləri ilə görüşür. 40 min avronu isə M.Manner «Azneft» meydanında SOCAR-ın binasındakı görüşdə verdi».
İttihamnaməyə görə, onlara deyilib ki, «Prohoc Oy» şirkəti tenderdə qalib gəlib, 2016-cı ilin yanvarında işlər başlayacaq. Ancaq 2015-ci ilin dekabrında «Günəşli» platformasındakı yanğından sonra onlara bildirilib ki, bu platforma ilə bağlı tender artıq aktual deyil, başqa işlər görülməlidir. O, layihə üçün alınan pulu geri tələb edəndə isə aldıqları cavab bu olub ki, pulların bir hissəsi sənədlərin hazırlanmasına xərclənib, qalanı da müəyyən adamlara verilib.
Finlandiyalı işadamı söyləyir ki, SOCAR-ın həm Heydər Əliyev prospektindəki binasında, həm də «Azneft» dairəsindəki inzibati binasında dəfələrlə olub. Hətta «Azneft»dəki binada onu gəzdiriblər. Onun iddiasına görə, sonradan başqa bir layihə üçün M.Mannerdən 60 min avro bir, 20 min avro da bir alınıb.
Bir müddət də keçib və Astarada qaz təchizatı layihəsi ortaya çıxıb: «Səyavuş deyirdi ki, Azərbaycan bu sahədə İranla əməkdaşlıq edir. Deyilənə görə, o layihənin dəyəri 99 milyon avro idi. Bu layihənin tenderini udmaq üçün 50 min avro tələb olunduğunu dedi. Şirkətin rəhbəri Tina Salovara ilə danışdıq, razılıq verdi. 30 min avro bir, 20 min də bir verdik...».
Almaniya vətəndaşı R.K.V.Lor isə Qaradağ rayonunda Qaz Kompressor Stansiyasında nəzarət-ölçü cihazları üzrə mühəndis işləyib. O, Astara Qaz Kompressor Stansiyasında nəzarət ölçü cihazları üzrə avadanlıqların quraşdırılması, sazlanmasıyla bağlı tenderin qalibi olmaq istəyib. O, ümumilikdə 57 min 120 avro ziyana düşdüyünü deyir.
«Özümü təqsirli bilmirəm»
S.Valehov istintaqa ifadəsində özünü qismən təqsirli bilib. Həm finlandiyalı və alman iş adamlarından, həm də SOCAR-ın nəzdindəki qurumlara işə düzəltmək adıyla daha bir neçə nəfərdən pul aldığını təsdiqləyib. Ancaq əcnəbilərdən alınan pulun məbləğinin xeyli şişirdildiyini bildirib. SOCAR-da sürücü və başqa işlərə düzəltmək adıyla alınan pulların isə qaytarıldığını söyləyib.
Təqsirləndirilən S.Valehov məhkəmədə isə özünü ümumiyyətlə, təqsirli bilməyib. Ona görə də məhkəmə qərara alıb ki, zərərçəkmişlər, şahidlər dindiriləndən sonra S.Valehov ifadə versin.
Əcnəbi iş adamlarının pulu rüşvət kimi verdikləri əsas gətirilərək, Azərbaycanda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi onları zərərçəkmiş qismində tanımayıb. Onlar şahid qismində dindirilib. Prokurorluq nüfuzuna zərbə dəyməsi əsasıyla SOCAR-ı zərərçəkmiş qismində tanıyıb.