Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:56

‘’Alov Qüllələri’ ilə qürur duyan hökumət narkoloji dispanseri taxta binadan köçürə bilməyib’ [media icmalı]


Narkoloji mərkəzdə yanğından sonra
Narkoloji mərkəzdə yanğından sonra

Respublika Narkoloji Mərkəzdə baş verən faciəli yanğın, sənayenin vəziyyəti və ixracda neftdən asılılığın davam etməsi və başqa məsələlər şənbə, 3 mart, 2018-ci il medianın aparıcı mövzularındandır...

25 insanın faciəli ölümü

Azadlıqinfo.az” saytında “Ölənlərə qayğı” sərlövhəli yazı oxumaq olar.

Yazıda martın 2-də Respublika Narkoloji Mərkəzdə 25 insan ölümü ilə nəticələnən yanğın fonunda Azərbaycanda hakimiyyət-vətəndaş münasibətləri nəzərdən keçirilir.

Müəllif iddia edir ki, ölkədə sağlara qayğı göstərilmir, insanlar yalnız öləndən sonra hökumətin yadına düşür.

Buna da bax: Narkoloji Dispanserdə yanğın. Prezident hadisə yerinə getdi [Video]

Yazıda yaxın keçmişdə baş verən bir sıra olaylar da xatırladılır: “Binalara penoplast üzlüklərin vurulmasının yanlış olduğu dəfələrlə deyilsə də, hökumət qətiyyən narahat olmadı. 15 nəfər həyatını itirdikdən sonra bu üzlüklər söküldü, cinayət işi açıldı və təbii ki, nəticədə günahkarlar yayındı. Yaxud, dənizçilər köhnəlmiş estakadanın qurbanına çevrildilər və bundan sonra hökumət əl-ayağa düşdü, nəticə yenə də olmadı. Bunun ardınca, məcburi köçkünlərin yaşadığı binada yanğın oldu, bir ailə faciəli şəkildə həlak oldu və bundan sonra “Qaçqınkom” yeni binanın tikiləcəyi “müjdə”sini verdi”.

Alov Qüllələri
Alov Qüllələri

Müəllif martın 2-də Mərkəzdə yanğının taxta konstruksiyalı binada baş verməsini xüsusi vurğulayıb:

Buna da bax: Narkoloji dispanserdə yanğın görüntüləri

“Bəli, 1.2 milyard dəyərində 54 mərtəbəli bina tikməyə hazırlaşan, Neft şirkətinin, Vergilər Nazirliyinin yeni binalarına yüz milyonlar xərcləyən, “Alov Qüllələri” ilə qürur duyan, rayon mərkəzlərində saysız-hesabsız Heydər Əliyev kompleksləri, muzeyləri tikən hökumət, Narkoloji Dispanseri taxta binadan daş binaya köçürə bilməyib...”

Yazıda vurğulanır ki, hər dəfə insanlar yarıtmazlığın, səhlənkarlığın, məsuliyyətsizliyin qurbanına çevriləndə, dərhal cinayət işi başlanır, prezident işi nəzarətə götürür və bir neçə ildən sonra hər şey unudulur...

Neft asılılığı davam etdikcə...

Novoye Vremya” qəzetində “Azərbaycanın ixrac potensialı, hələ də neftdən asılıdır” sərlövhəli yazı yer alıb.

Yazıda bildirilir ki, son illərdə ölkədə qeyri-neft məhsullarının ixracının artması barədə məlumatlar yayılıb. Xüsusilə pomidor, xurma, meşə qozu, meyvə-tərəvəz və başqa kənd təsərrüfatı məhsullarının ixracında yüksək artım olduğu bildirilir.

Buna da bax: İlqar Məmmədov həbsdən yazır: 'Neft olmasa…'

Müəllif isə hesab edir ki, bu məsələdə ciddi bir “əmma” var. Yazıda vurğulanır ki, ölkə, hələ də neft asılılığından xilas olmayıb:

İlham Əliyev 24-cü Beynəlxalq Xəzər Neft-qaz sərgisində. 31may2017
İlham Əliyev 24-cü Beynəlxalq Xəzər Neft-qaz sərgisində. 31may2017

“Son aylarda neftin qiymətinin artması nəzərə alınsa, bu asılılıq özünü daha aydın göstərir. 2017-ci ilin yekunlarına görə, ixrac strukturunda neftin həcmi 77,52, təbii qaz 8,64, neft məhsulları 2,46 faiz təşkil edir”.

Yazıda bildirilir ki, Azərbaycanın əsas tərəfdaşı olan Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsi 39,11 faiz təşkil edib. Amma Avropa ölkələrinə ixracın da əsas hissəsi neftin payına düşür.

Müəllif həmçinin hesab edir ki, qeyri neft məhsullarının ixracının artırılmasının vacibliyini “yuxarı”lar da yaxşı anlayır. Yazıda qeyd edilir ki, bu günlər Mingəçevirə səfər edən prezident İlham Əliyev də bu məsələyə toxunub.

Müəllif “Fitch” beynəlxalq reytinq agentliyinə istinadən bildirir ki, ölkənin qeyri-neft sektorunda artım dövlət kapital qoyuluşundan çox asılıdır. Yazıda vurğulanır ki, bu meylin 2018-2020-ci illərdə də davam edəcəyi gözlənilir və ölkənin ixrac potensialına neftin, qazın qiymətinin dəyişməsi ciddi təsir göstərir:

Buna da bax: Neftin qiymətinin cəmi 5 dollar düşməsi Azərbaycan üçün nə deməkdir?

“Təəssüf ki, qeyri-neft sektorunun inkişafında əsas rolu dövlət oynayacaq və özəl sektor bu sahədə o qədər də fəal deyil”.

Müəllif hesab edir ki, özəl sektorun bu sahədə fəal olmaması ölkə iqtisadiyyatındakı problemlərdən və rəqabətin yetərsizliyindən qaynaqlanır.

Sənayenin inkişafı

Azərbaycan” qəzetində dərc edilən “Davamlı tərəqqi sənayenin inkişafından asılıdır” sərlövhəli yazıda da ölkədə qeyri-neft sənayesinin imkanları dəyərləndirilir.

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

Müəllif yazıb ki, davamlı iqtisadi inkişafı ilə Azərbaycan bir çox ölkələrə nümunəyə çevrilib. Yazıda İddia olunur ki, Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Müəllif, habelə, hesab edir ki, indi qeyri-neft sənayesinin inkişafı əsas prioritetlərindən biridir, son illər həyata keçirilən islahatları, sahibkar və sərmayəçilərə yaradılan şəraiti bu sahəyə dövlət qayğısının göstəricisidir:

İlham Əliyev və Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin açılışında. 27fev2018
İlham Əliyev və Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin açılışında. 27fev2018

“Modern sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən layihələrin reallaşması nəticəsində Azərbaycan regionun sənaye mərkəzinə çevrilməkdədir. Ümumiyyətlə, ölkədə son illər sənaye parkları və sənaye məhəllələrinin yaradılması iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsini nəzərdə tutan siyasətin mühüm hissəsidir. Müasir istehsal infrastrukturuna malik sənaye məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisini, iqtisadiyyatın tarazlı yüksəlişinin təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib”.

Hazırda ölkədə 3 sənaye parkının fəaliyyət göstərdiyini, daha 3 sənaye parkının tikilməsinin başa çatmaqda olduğunu deyən müəllif eyni zamanda vurğulayır ki, 3 sənaye məhəlləsi isə ayrılıqda tikilməkdədir.

Buna da bax: Bakı-Tbilisi-Qars işə düşdü

Müəllif qeyd edir ki, 2016-cı ildə təməli qoyulan Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları istehsalı üzrə 9 fabrik yaradılacaq. Yazıda bildirilir ki, onlardan fəaliyyətə başlayan iki fabrikə, artıq Sahibkarlığa Kömək Milli Fondu 10 milyon manat güzəştli kredit verib.

XS
SM
MD
LG