Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:29

Seymur Həzi həbsxanadan prezidentə müraciət göndərib


Seymur Həzi məhkəmədən aparılarkən

“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Seymur Həzi həbsxanadan prezident İlham Əliyevə müraciət göndərib.

Müraciətin əvvəlində OCCRP-nin bu günlər yayılan «Azərbaycanın pulyuyan maşını» araşdırmasına toxunulur. Həmin araşdırmada vurğulanır ki, 2012-2014-cü illərdə ölkədən 2,9 milyard dollar pul çıxarılıb. Həmin pulların Avropada rüşvət kimi verildiyi, mənimsənildiyi iddia olunur.

Buna da bax:​ Hökumətə S.Həzi və M.Ədilovla bağlı suallar gəlib

Seymur Həzi isə prezidentə yazır:

“Ən dəhşətlisi odur ki, ictimai rəy bu məsələdə həmin o qərbliləri sizdən daha çox qınayır...”

Məhbus həyatı yaşayan jurnalist daha sonra televiziya kanallarının təbliğatına toxunur:

“Rəsmi və qeyri-rəsmi televiziya kanallarınıza baxmaq bəs edir ki, dünyanın dörd tərəfini ölkə ilə düşmən etdiyiniz bəlli olsun. O qədər “müdrik” siyasət yürüdürsünüz ki, bütün dünya, sizin təbirinizcə desək, “ermənipərəst”dir. Hərbi və siyasi manevrlərinizin yanlışlığından Rusiya Ermənistanla iki hərbi-strateji müqavilə bağlayıb – 50 illik ittifaq və birgə qoşun komanda mərkəzi barədə...20 Yanvarda, Qarabağ döyüşlərində sinəsini imperiyanın qabağına verən insanlar indi ədalət üçün imperiyanı arzulayır”.

Buna da bax:​ Deputat media indeksi haqda: 'Qaralama kampaniyasıdır'

Seymur Həzi məktubunda sosial vəziyyətə də toxunur:

“10 milyonluq ölkədə milyonyarımdan çox insanın banklarınıza kredit borcu var. Heç orta əsrlərdə xalqın feodallara borcu indi sizə və oliqarxlara olan borcu qədər olmayıb. Unutmayın, sizin də onlara borcunuz var...”

Xatırlatma

Ancaq rəsmilər isə OCCRP-nin «Azərbaycanın pulyuyan maşını» araşdırmasını qərəzli və əsasız hesab edirlər. Rəsmilər bəyan ediblər ki, orada əks olunan məsələlərin nə dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyatı var.

Azərbaycan hakimiyyətini təmsil edən şəxslər hesab edirlər ki, bu araşdırma erməni lobbisinin və Azərbaycanı sevməyən, onun uğurlarını qısqanan qüvvələrin sifarişi ilə hazırlanıb.

Buna da bax:​ Seymur Həzi 'Free Media' mükafatını aldı

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

Seymur Həzi həbsxanada olarkən başqa bir keçmiş məhbus, gənc fəal Nigar Yaqublu ilə rəsmi ailə qurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG