Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 18:20

Səudiyyə Ərəbistanı futuristik şəhər tikməyi planlaşdırır


«Neom» layihəsinin 3D təqdimatı
«Neom» layihəsinin 3D təqdimatı

Səudiyyə Ərəbistanının nüfuzlu vəliəhd şahzadəsi bu həftə tamamilə alternativ enerji mənbələri üzərində fəaliyyət göstərəcək futuristik şəhər salmaq planını açıqlayıb. O həmçinin deyib ki, ifrat mühafizəkar krallıq «mötədil islam»a qayıtmalıdır.

Texnoloji innovasiyalar habı kimi nəzərdə tutulmuş 500 milyard dollarlıq «Neom» layihəsi krallığın şahzadənin nəzarətində olan suveren sərvət fondu, Səudiyyə hökuməti və bir sıra özəl və beynəlxalq investorlar tərəfindən maliyyələşəcək. Bu haqda «The Washington Post» qəzeti yazır.

«Bu məkan adi insanlar və adi şirkətlərdən ötrü deyil. Bura dünyanın xəyal quran insanları üçün olacaq», – vəliəhd Mohammed bin Salman iki gün öncə paytaxt Ər-Riyadda, Səudiyyə Ərəbistanının suveren sərvət fondunun təşkil etdiyi Gələcək İnvestisiya Təşəbbüsü konfransında çıxış edərkən deyib.

BURADA DRONLAR, ROBOTLAR İŞLƏYƏCƏK

Vəliəhd bu şəhəri innovasiyalar habı, alimlərin yeni texnologiyalar yaratdığı, investorların sağlam qazanc əldə etdiyi məkan kimi görür. O deyir ki, burada eyni zamanda dronlar, pilotsuz maşınlar və robotlar işləyəcək.

***Buna da bax-Kral qadınların maşın sürməsinə icazə verdi

Bu, on illər ərzində islahatlara çox ehtiyatla yanaşması, verdiyi vədlərin yerinə yetirilməməsi ilə tanınan Səudiyyə Ərəbistanının ən son sürpriz addımlarından biridir. Təqribən üç il öncə dünya neft qiymətlərinin kəskin azalması Səudiyyə Ərəbistanını 2020-ci ilədək xarici valyuta ehtiyatlarının və xərcləmə gücünün azalması təhlükəsi ilə üz-üzə qoyub. Nəticədə krallıq islahatlara başlamağa məcbur olub.

Hazırda krallıq «Neom» kimi layihələrin maliyyələşdirilməsini planlaşdırır. Məqsəd gəlirləri neft ixracatından yayındıraraq şaxələndirmək və vəliəhdin təşəbbüsü olan «Vision 2030» adlı plana uyğun olaraq, daha çox iş yeri yaratmaqdır.

Mohammed bin Salman Gələcək İnvestisiya Təşəbbüsü konfransında
Mohammed bin Salman Gələcək İnvestisiya Təşəbbüsü konfransında

Ancaq keçirilən islahatlardan heç biri köhnə qaydalara ötən ay qəbul edilən qərar qədər böyük zərbə vurmamışdı: artıq gələn ilin yayından Səudiyyə Ərəbistanında qadınlar da maşın sürə biləcəklər. Bundan başqa, krallığın tezliklə kinoteatrları bərpa edəcəyi və əyləncəyə daha açıq olacağı gözlənilir.

MÖTƏDİL İSLAMA QAYITMAQ

Şahzadə Mohammed öz çıxışında bu islahatları dəstəkləyərək belə deyib:

«Biz keçmişdə belə olmamışıq. Keçmişdəki duruma – mötədil islama qayıtmaq istəyirik».

İctimaiyyət arasında az-az görünən şahzadə, taxt-tacın vəliəhdi deyib ki, krallıq ekstremist fikirləri dəf etməyə çalışacaq və gənc səudiyyəlilərin dünyanın qalan hissəsi ilə harmoniyada yaşamasını təmin edəcək.

***Buna da bax-Mohammed bin Salman 30 yaşlarında kral olarsa...

Şahzadənin çıxış etdiyi paneldə ABŞ-ın «Blackstone» özəl investisiya şirkətindən Stephen Schwarzman və Yaponiyanın texnologiya konqlomeratı olan «SoftBank»ın baş icraçı direktoru Masayoshi Son kimi biznes nəhəngləri də var idi. Panelçilər bir-birinin ardınca gənc şahzadəni həvəsinə, baxışına və entuziazmına görə tərifləyiblər. Ancaq şahzadə onların sözünü kəsərək belə deyib:

«Mən 20 milyon insandan biriyəm. Onlarsız heç nəyəm».

2 TRİLYON DOLLAR

Hökumət işlərində çalışan bir çox səudiyyəlinin məvacibi ayda cəmi bir neçə yüz dollardır. Buna baxmayaraq, dövlət sektorunda çalışanların maaşları hökumət xərclərinin yarıya qədərini təşkil edir. Hökumət «Vision 2030» çərçivəsində həm də dövlət sektorunu kiçiltmək, burada işçi kütləsini 20% azaltmağı, bununla yanaşı, özəl sektorda yetərincə iş yerləri yaratmağı planlaşdırır.

Krallıq bu vaxtadək dünyanın ən böyük dövlət neft şirkəti olan «Aramco»nu Səudiyyə səhm birjasına, şirkətə nəzarəti isə İctimai İnvestisiya Fonduna (PIF) ötürməyi planlaşdırır.

Səudiyyə Ərəbistanı bildirir ki, bu 2 trilyon dollara qədər vəsaitin PIF-in nəzarətinə verilməsi demək olacaq. Bu isə hazırda dünyanın bu qəbildən ən iri fondu olan Norveçin suveren sərvət fondundan iki dəfə artıq vəsait deməkdir.

PIF direktoru Yasir al-Rumayyan «Bloomberg TV»də çıxışında deyib ki, fond hazırda 230 milyard dollarlıq aktivlərə nəzarət edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG