Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 03:43

Mohammed bin Salman 30 yaşlarında kral olarsa...


Müdafiə naziri Mohammed bin Salman əmisi oğlu, daxili işlər naziri Mohammed bin Nayef ilə söhbət edir
Müdafiə naziri Mohammed bin Salman əmisi oğlu, daxili işlər naziri Mohammed bin Nayef ilə söhbət edir

Səudiyyə Ərəbistanının yeni vəliəhd şahzadəsi cəsarətli islahatçı kimi tanınır, krallığın neftdən asılılığına son qoymaq istəyir. O, həmçinin əzəli düşmən İranın nüfuzunu önləməkdən ötrü aqressiv xarici siyasət aparır.

«Reuters» agentliyi 31 yaşlı Mohammed bin Salman-ın təyinatından gözləntiləri şərh edir.

GƏNCLƏRİN SEVGİSİ

26 il idi vəliəhd şahzadə postunu onun əmisi oğlu tuturdu. Müdafiə və enerji siyasətinə nəzarət edən bin Salman vəliəhd şahzadə təyin olunmaqla ölkədə ən güclü fiqura çevrildi.

«Reuters» yazır ki, Kral Salman-ın bu qərarı hakim dəyənəyin daha gənc nəslə ötürülməsi deməkdir. İllər boyu krallıqdakı patriarxal ənənələr hakimiyyəti qocaların əlində saxlayıb.

Mohammed bin Salman 30 yaşlarında kral olarsa, Səudiyyənin ən gənc monarxına çevrilər.

Gənclərin çoxu onu dəstəkləyir. O, adətən gizliliyi sevən hakim sinifdən ayrılaraq mediaya qucaq açıb, saqqallı təsvirləri nadir hallarda TV-dən, yaxud küçə bilbordlarından əskik olur.

Digər tərəfdən, bu təyinat Səudiyyə iqtisadiyyatının gələcəyi ilə bağlı onun siyasətinin təsdiqlənməsinin göstəricidir. Eləcə də sərt, intervensionist xarici siyasətinin...

AĞLAGƏLMƏZ İSLAHATLAR

İqtisadi cəbhədə bin Salman «Baxış 2030» adlı köklü dəyişikliklər elan edib. Məqsəd krallığın neftdən asılılığını bitirməkdir. Bu plan iqtisadiyyatın diversifikasiyasını, qadınların iqtisadiyyatda daha böyük rol oynamasını, dövlətə məxsus «Saudi Aramco» neft şirkətinin qismən özəlləşdirilməsini nəzərdə tutur. Bir neçə il öncə bu islahatları ağla gətirmək belə çətin idi.

Donald Trump ilk xarici səfərini Səudiyyə Ərəbistanına elədi
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Şahzadənin xarici siyasəti isə krallığın regional və qlobal səhnədəki rolunu dəyişməkdədir. Diplomatlar və təhlilçilər onun Yəməndəki müharibəyə müdaxilə qərarının, Körfəz ölkələrinin qonşu Qətərlə münasibətləri kəsməsinin arxasında durduğunu deyirlər.

Hər iki qərar Səudiyyənin qarşıdurma xarakterli xarici siyasətini müjdələdi. Sünni müsəlman krallığı şiə İranın nüfuzunu önləməkdən ötrü aqressiv hərəkətə keçdi.

İki ölkənin dolayısıyla qatıldığı müharibə hazırda Yəməndə gedir. Ər-Riyad devrilmiş hökuməti, İran isə husi qüvvələrini dəstəkləyir.

DAHA SƏRT ADDIMLAR GÖZLƏNİR

Bəzi təhlilçilər Səudiyyənin siyasətində bu dəyişikliyi 10 il boyunca Yaxın Şərqdə İranın nüfuzunun bərkiməsi, Vaşinqtonun keçmiş prezidenti Barack Obama administrasiya dönəmində Ər-Riyadı gözardı etməsi sarıdan əndişələrlə bağlayırlar.

«Mohammed bin Salman-ın yüksəlişi Səudiyyə Ərəbistanı tərəfdən daha sərt addımlara gətirə bilər. Krallıq İranı önləmək cəhdlərini gücləndirə bilər», – «RBC Capital Markets» şirkətindən Helima Croft deyir.

Onun sözlərinə görə, indi əsas sual növbəti addımın nə olacağıdır. Qətərin blokadası yalnız ilkin addımdırmı?

Səudiyyə əhalisinə gəlincə, yaşlılar yeni vəliəhdin islahatlarına skeptik yanaşırlar. Onlar indiyədək aparılan iqtisadi islahatların məhdud sonuclar verdiyini düşünürlər.

İndi bəziləri Şahzadə Mohammed-in dəyişikliklərinin sosial partlayışla sonuclanacağından ehtiyatlanırlar. Digərlərinin fikrincə, siyasi dəyişiklikləri nə qədər ağıllı olursa-olsun, Səudiyyə bürokratiyasında dərindən kök salmış problemlər hər hansı mənalı islahatlarla sonuclanmayacaq.

XS
SM
MD
LG