Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 06:14

Seriallar Türkiyənin Balkanlarda imicinə necə təsir göstərir


«Payitaht: Abdülhamid» serialından kadr
«Payitaht: Abdülhamid» serialından kadr

Populyar türk teleserialları ölkənin Balkan regionundakı ziddiyyətli imicini cilalamağa kömək edir. Ancaq bəzi seriallar Osmanlı nostalgiyasına işarə edir.

Amerika və Avropa Birliyinin Balkan regionunda iştirakı azaldıqca, Türkiyə və digər dövlətlər yaranmış boşluğu doldurmağa çalışır.

Balkan Araşdırmaçı Reportyorlar Şəbəkəsinin balkaninsight.com saytı yazır ki, Türkiyə «yumşaq güc» vasitəsilə Balkanlarda Osmanlı irsinə isti münasibət oyatmağa çalışır. Bu, regiondakı müsəlman icmalara münasibətdə özünü daha qabarıq göstərir.

Ankaranın məqsədi

«Türk seriallarının Bosniya və Herseqovina, Serbiya, Kosovo, Şimali Makedoniya və Monteneqroda göstərilməsini bu «yumşaq güc»ə örnək saymaq olar. Bu seriallar təkcə yerli əhali arasında Türkiyənin nüfuzunu artırmır, eyni zamanda tarixi yenidən yazmağa kömək edir», – sayt yazır.

Keçmiş Yuqoslaviyanın 1990-cı illərdə parçalanmasından sonra Türkiyə tədricən Balkanlara yaxınlaşmağa çalışır. 2000-ci illərin əvvəllərinin iqtisadi çiçəklənməsi, AKP-nin yüksəlişi ilə Ankara bu regiona daha çox diqqət yetirməyə başlayıb.

Keçmiş baş nazir Ahmet Davutoğlu-nun dövründə Türkiyənin xarici siyasəti qonşularla problemlərin olmaması yönündə qurulub. Qarşılıqlı faydalı siyasətsə Ankaraya regionda öz siyasi, iqtisadi və mədəni nüfuzunu yaymağa kömək edir. Türk seriallarının Balkanlarda yayılması da həmin mədəni təsirin bir hissəsidir.

Son onillikdə Balkan televiziya kanallarının, demək olar, hər biri ən azı bir türk serialını nümayiş etdirib. Tədqiqatçı Mehmet Hüseyin Bilgin deyir ki, 2014-cü ildə Türkiyə ABŞ-dan sonra dünyanın ikinci ən böyük teleserial ixracatçısı olub.

Şimali Makedoniya kimi ölkələrdə türk «sabun operaları» TV-də ən çox izlənilən ikinci kontent növüdür. Birinci yeri xəbər proqramları tutur. Monteneqroda türk serialları artıq bazarda öz Latın amerikalı rəqiblərini əvəzləyib. Onların populyarlığı azalmaq bilmir.

«Sabun operaları»nın Türkiyənin rəsmi dairələri ilə birbaşa əlaqəsi olmasa da, Ankara onları alqışlayır və bu məhsulun yayılmasına kömək edir. Hökumət bir çox hallarda bu serialları yerli TV kanallarına ödənişsiz təklif edir.

Populyarlığın səbəbləri

Seriallar regionun bütün dillərində yayımlanır. Türk həyatının ideallaşdırılmış təsviri, ümumi mədəni keçmişdən qaynaqlanan çoxsaylı oxşarlıqlar Türkiyənin region əhalisi arasında imicinin yaxşılaşmasına yol açır.

Azərbaycanda da məşhur «Yaprak dökümü» serialı bir ailənin kənd yerini tərk edərək İstanbulda yeni həyata başlamasından, «Muhteşem Yüzyıl» serialı Osmanlı imperiyasının tarixindən, Sultan Süleymanın sarayındakı intriqalardan söz açır.

Nisbətən yeni çəkilmiş «İstanbullu gelin»«Kırgın çiçekler» kimi seriallar türklər haqda stereotipləri dağıdır, islam, demokratiya, müasirlik və ənənəviliyin sağlam balansında yaşanan həyatı nümayiş etdirir.

Bu serialların Balkanlardakı populyarlığının səbəbi çoxdur. Bəzi tədqiqatçılar bunu ümumi mədəni dəyərlərlə bağlayırlar. Ancaq, eyni zamanda, bu filmlərdə kobud dil, söyüş və zorakılıq da yoxdur. Sadə ssenari və realistik personajlar bu filmləri daha baxımlı edir. Yerli dillərə dublyaj sayəsində onları anlamaq da asan olur. Dublyaj həm də türklər və qonşuları arasında dil və mədəni oxşarlıqları üzə çıxarır.

Bir çoxları isə nostalgiyaya qapılır. Ard-arda davam edən müharibələr, çətin iqtisadi vəziyyət Balkanlarda ənənəvi ailə modellərini ağır sınaq qarşısında qoyub. Serbiyalı sosioloq Ratko Bozovic deyir ki, bu seriallar auditoriyanı indi itirilmiş kimi görünən keçmişə bağlayır.

Erdoğan tarixə necə əl gəzdirir

Nostalgiya öz yerində, ancaq bu yaxınlarda Kosovoda «Payitaht: Abdülhamid» serialı ətrafında yaranan ziddiyyət serialların doğura biləcəyi təhlükədən xəbər verir. Bu serial məhz AKP və prezident Recep Tayyip Erdoğan-ın yaymağa çalışdığı nostalgiya növünü təlqin edir.

Ancaq XIX əsrin sonunda dövləti idarə etmiş Sultan II Əbdülhəmidi istedadlı lider və qəhrəman kimi göstərməyə çalışan bu serial ciddi tənqidə məruz qalıb. Serialda II Əbdülhəmid Avropa dövlətləri, sionistlər və liberal intellektualların əlində parçalanmaqda olan Osmanlı imperiyasında qanun və ədalətin qoruyucusu kimi qələmə verilir.

Bəzi mənbələrdə Erdoğan-ın bəyənmədiyi deyilən «Muhteşem Yüzyıl» serialından fərqli olaraq, «Payitaht» serialı birbaşa Türkiyə hökuməti tərəfindən maliyyələşdirilir.

Əyləncə industriyasının tarixi bədii filmlərdə detalları dəyişdirməsi yenilik deyil. Ancaq bu serialın Kosovoda tənqidlə qarşılanmasının səbəbi var: bu, Erdoğan hökumətinin tarixi faktlara «əl gəzdirdiyi» ilk hal deyil. Bundan əvvəl Kosovonun Təhsil Nazirliyi Türkiyə hökumətinin xahişi ilə 5 və 13-cü siniflər üçün tarix dərsliklərində dəyişiklik edərək, Osmanlı imperiyasının törətdiyi vəhşiliklərin üstündən keçməli olub.

Bəziləri Türkiyənin mədəni təsirinin çox da işə yaramadığını deyirlər. Məsələn, Erdoğan Qərbi Balkan hökumətlərini Fethullah Gülen-lə bağlı qurumları bağlamağa məcbur edə bilməyib. Ancaq M.H.Bilginin keçirdiyi sorğu türk seriallarına baxan adamların ümumilikdə Türkiyəyə müsbət münasibət bəslədiyini üzə çıxarıb.

Türk kanallarının təhsil səviyyəsi çox da yüksək olmayan təbəqə arasında daha populyar olduğu deyilir. Türkiyə, eyni zamanda, öz «yumşaq güc»ünü təhsil mübadilə proqramları, məscidlərin bərpası və s. təşəbbüslərlə yaymağa çalışır.

XS
SM
MD
LG