Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:36

Türk kinematoqrafçılarının çiləsi


Nuri Bilge Ceylan «Qış yuxusu» filminə görə Qızıl Palma mükafatı alıb. 2014
Nuri Bilge Ceylan «Qış yuxusu» filminə görə Qızıl Palma mükafatı alıb. 2014

Nuri Bilge Ceylan türk kinematoqrafının taxtına yüksəlmiş ustad kimi tanınır. Onun sonuncu «Yabanı armud ağacı» (Ahlat ağacı) filmi uğur qazanıb və ötən il Kann festivalında Qızıl Palma mükafatına namizəd göstərilib. Rejissor bu mükafatı hələ 2014-cü ildə «Qış yuxusu» (Kış uykusu) filminə görə almışdı. Film rus yazıçısı Anton Çexovun «Arvad» (Жена) hekayəsinin motivləri əsasında çəkilib.

Ancaq Ceylan-ın artıq rəqibləri də var. Çünki türk kinematoqrafçılarının son dərəcə perspektivli yeni nəsli artıq onun kölgəsindən çıxmağa və öz uğurlarını qazanmağa başlayır.

«Son 10 ildə özlərinin birinci, ikinci, üçüncü filmlərini çəkən rejissorlar festivallarda uğur qazanmağa başlayırlar. Bu yeni nəsil türk kinosu üçün yeni cığır açmağa çalışır», - həm vətəndə, həm də xaricdə uğur qazanmış «Atamın qanadları» (Babamın Kanatları) (2016) filmini çəkən Kıvanç Sezer deyir.

Hər şey Antalyadan başlandı

37 yaşlı Tolga Karaçelik-in «Kəpənəklər» (Kelebekler) (2018) adlı qara komediyası ötən il «Sandens» kino festivalında jürinin ən yüksək mükafatına layiq görülmüş ilk türk filmi oldu. Rejissorun «Sarmaşıq» (Sarmaşık) (2014) adlı psixoloji trilleri 2015-ci ildə eyni mükafata namizəd göstərilib.

Emin Alper-in qaranlıq «Blokada» (Abluka) filmi 2015-ci ildə Venesiya kino festivalında jürinin xüsusi mükafatına layiq görülüb. Alper bu ilin fevralında «Üç bacının nağılı» (Kız Kardeşler) filmi ilə Qızıl Ayı mükafatı uğrunda mübarizə aparıb.

Ancaq ölkə xaricində bu qədər uğur qazanan, yüksək ustalığa malik kinematoqrafçılar vətəndə ciddi çətinliklərlə üzləşirlər.

«Onlarla danışsanız onların nə qədər dəhşətli şəraitdə çalışdıqlarını eşidərsiniz», – kino tənqidçisi Evrim Kaya «Middle East Eye» saytına müsahibəsində deyib.

Siyasi risklər arasında senzura və dövlətin kifayət qədər maliyyə ayırmaması da var. Bu maliyyə vəsaiti isə müstəqil filmlər üçün son dərəcə vacibdir. Prezident R.T.Erdoğan hökumətini sevməyən rejissorlarsa həbs olunur, onlara cəza kəsilir.

Türkiyədə indiki hökumətdən əvvəl də incəsənətin müxtəlif növləri senzuraya məruz qalıb. Ancaq kinematoqrafçılara iş kəsilməsi bu fenomeni misli görünməmiş həddə çatdırıb.

Sezer son illərdə vəziyyətin daha da ağırlaşdığını deyir.

Kaya-nın sözlərinə görə, hər şey Antalyadan sonra başlayıb. 2014-cü ilin oktyabrında hökumət Antalya beynəlxalq film festivalında göstəriləcək sənədli filmə qadağa qoymağa çalışdı. Bu festival Türkiyənin ən prestijli kino festivalıdır. Sözügedən filmsə bir il öncə baş vermiş Gəzi etirazlarına həsr olunmuşdu. Hökumətin qadağa cəhdi türk kinematoqrafçılarının festivalı genişmiqyaslı boykot etməsi ilə nəticələndi.

Erdoğan-ın gileyi

Növbəti ilsə Antalya film festivalında rejissor Karaçelik «Sarmaşıq» filmi üçün aldığı mükafatı tanınmış jurnalistlər Can Dündar və Erdem Gül-ə həsr etdi. Hər iki jurnalist həmin vaxt Türkiyə hökumətinin Suriyadakı islamçı terrorçulara silah göndərməsini işıqlandırdıqları üçün casusluq və terrorizmi təbliğ etmək ittihamı ilə həbs edilmişdi.

Hökumətyönlü televiziya kanalı isə «Sarmaşıq» filmindəki roluna görə festivalın mükafatına layiq görülmüş aktyor Nadir Sarıbacak-ın mükafatı alarkən söylədiyi nitqin translyasiyasını yarımçıq kəsmişdi. Özü də bu, aktyorun «mən ölkəm üçün nigaranam» sözlərindən sonra baş vermişdi.

İki il sonra Antalya meri, Erdoğan-ın hakim AK partiyasından olan Menderes Türel «milli film» kateqoriyalarından «türk tammetrajlı bədii filmi», «qısametrajlı film» və «sənədli film» kateqoriyalarını ləğv etdirib. Nəticədə bütün Türkiyə kino assosiasiyaları və birlikləri festivalı daimi boykot ediblər.

Hökumət dairələri uzun zamandan bəri özlərinin ölkədə mədəniyyətə, arthaus filmlərinə nəzarət edə bilməməsindən gileylənir. Axı, belə filmləri prezident Erdoğan-ı dəstəkləməyən dünyəvi baxışlı sənətkarlar çəkir.

«Siyasi idarəçilik bir şeydir, ictimai və mədəni idarəçilik tamamilə fərqli şeydir. Biz 14 il hakimiyyətdə olduq, ancaq hələ də ictimai və mədəni sahədə idarəçilik problemimiz var», – R.T.Erdoğan 2017-ci ildə demişdi. O, yaxın zamanlarda da buna bənzər bəyanatlar verib.

XS
SM
MD
LG