Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 16:56

Polislər ilahiyyatçının məhkəməsinə gələnləri buraxmadı


Sərdar Babayev

Masallı rayonunda məsciddə namaz qıldığına, xütbə oxuduğuna görə həbs olunan ilahiyyatçı Sərdar Babayevin 3 il azadlıqdan məhrum edilməsi haqda hökm qüvvədə saxlanılıb.

Sentyabrın 25-Şirvan Apellyasiya Məhkəməsində Rafiq Cəlilovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar çıxarıb.

İlahiyyatçının vəkili Yalçın İmanovun AzadlıqRadiosuna bildirdiyinə görə, məhkəmə binasının ətrafına çoxsaylı polislər, Post-Patrul Xidməti maşınları toplaşmışdı. Polislər S.Babayevin məhkəməsinə gələnlərə içəri daxil olmağa imkan verməyiblər. Hətta vəkillərin də qarşısını kəsiblər.

***Buna da bax-İlahiyyatçının məhkəməsi qalmaqalla başladı

«Nəhayət, biz onlara başa sala bildik ki, vəkillər olmadan proses keçirilməyəcək. Bundan sonra bizi buraxdılar. Vəkilləri və Sərdar Babayevin 7 nəfər qohumunu buraxdılar. Digər şəxslərin məhkəmədə iştirakına imkan verilmədi», – Y.İmanov bildirib.

Məhkəmədə vəkillər Y.İmanov və Cavad Cavadov bu cür davranışa etiraz ediblər. Deyiblər ki, S.Babayevin məhkəməsinin adı «açıq» olsa da, faktiki qapalı keçirilir, prosesi izləməyə gələn şəxslərin məhkəmədə iştirakına imkan verilmir. Vəkillər etiraz olaraq, məhkəmədə müdafiə çıxışından imtina ediblər.

S.Babayev özü isə çıxışında haqqındakı hökmün qanunsuz və əsassız olduğunu bildirib. Konkret faktları sadalayan ilahiyyatçı deyib ki, məsciddə namaz qılmağa, xütbə oxumağa görə adamı həbs etmək absurddur. O, hökmün ləğv olunmasını və bəraət verilməsini istəyib.

***Buna da bax-İlahiyyatçının məhkəməsindəki şahid onu şəxsən tanımırmış

Hakimlər qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını və S.Babayevin 3 il azadlıqdan məhrum edilməsi haqda Masallı Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib.

Vəkillər bildirib ki, Şirvan Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

XATIRLATMA

S.Babayev bu il fevralın 22-də saxlanmışdı. O, Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. İyulun 3-də isə Masallı Rayon Məhkəməsində hakim Anar Alməmmədov ilahiyyatçını 3 il azadlıqdan məhrum edən hökm çıxarıb.

İstintaq prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirib ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricdə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricdə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Yerli sakinlərin AzadlıqRadiosuna dediklərinə görə, S.Babayev həmişə məsciddə oxuduğu xütbələrdə ölkədəki problemlərdən bəhs edərək, tənqidi fikirlər səsləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG