Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 12:04

Sənaye parklarında 'atı arabanın qabağına bağlamaq' məsələsi


Prezident İlham Əliyev Pirallahı qəsəbəsində. 21 iyul 2017

«Sumqayıt Kimya Sənaye Parkı» MMC (Azərbaycandakı sənaye parklarının idarəedici təşkilatı) Mingəçevir və Pirallahı sənaye parklarında ətraf təbii mühit və sosial sahənin mövcud durumunun qiymətləndirilməsi məqsədilə tender elan edib.

Ekspertlər bu elanı anlaşılmaz sayırlar.

Buna da bax:​ Bir şirkət 3 ayda 28 tenderi necə udur?

Tenderdə qatılmaq istəyən şirkətlərdən Mingəçevir Sənaye Parkının 14,8 hektar ərazisində ətraf təbii mühit və sosial sahənin mövcud vəziyyətini qiymətləndirmək tələb olunur. Eyni iş Pirallahı Sənaye Parkına ayrılmış 30 hektar ərazidə də aparılacaq.

Zöhrab İsmayıl: «Bu, beynəlxalq kreditorun tələbi də ola bilər»

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin sədri Zöhrab İsmayıl beynəlxalq və yerli təcrübəyə arxalanaraq deyir ki, tikinti işlərinin aparılmasının ətraf mühitə və sosial sferaya təsirinin qiymətləndirilməsi işin birinci mərhələsinə aid olan addımdır.

Buna da bax: Sumqayıt Sənaye Parkı ötən il 19 milyon ziyan edib

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

O xatırladıb ki, məsələn, Qaradağ rayonunda tikilmış «Norm» sement zavodunun Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə 2010-cu ildə razılaşdırılmışdı. 2009-cu ildə ekoloji və sosial təsirlərin qiymətləndirilməsilə bağlı ətraf qəsəbələrdə yaşayan sakinlər, bələdiyyələr, QHT-lər və mətbuatın iştirakı ilə ictimai dinləmələr keçirilmişdi. Zavodun tikintisi haqqında müqavilə isə bir il sonra bağlanmışdı.

«Ola bilsin ki, sənaye parklarının rezidentləri hardansa kredit alırlar. Beynəlxalq kreditor da soruşub ki, ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilmə hesabatı varmı? Amma onu da istisna etmirəm ki, bu əməliyyat, sadəcə, pul silmək üçündür»? - Zöhrab İsmayılın sözləridir.

Buna da bax:​ 'Gilan' pambıq biznesini nəzarətə götürür [araşdırma]

Elvin Yusifli: «Bu, səriştəsiz planlaşdırmanın nəticəsidir»

Elvin Yusifli
Elvin Yusifli

«Şəffaflıq-Azərbaycan» Korrupsiyaya Qarşı Mübarizə Təşkilatının eksperti Elvin Yusifli də AzadlıqRadiosu ilə söhbətində bu məsələdə Z. İsmayılla eyni mövqeyi paylaşdığını bildirib: «Qiymətləndirmənin məqsədi tikinti aparılacaq sahələrdə ətraf mühit və ictimai həyata vurulacaq zərəri minimallaşdırmaq və ya onun qarşısını almaqdır. Buna görə də qiymətləndirmə tikinti işlərinə başlamazdan öncə həyata keçirilməliydi. Məncə, bu, həm də görüləcək işlərin səriştəsiz planlaşdırılması ucbatından da baş verə bilər. İstənilən halda parkların tikintisinə böyük məbləğlərdə vəsaitin ayrılması nəzərdə tutulub və onların xərclənməsinin şəffaf şəkildə təşkil edilməsi zəruridir. Xüsusən, satınalmaların həyata keçirilməsi sahəsində».

Buna da bax: Deputat: 'Ağır sənaye inkişaf etməlidir'

Tikinti işləri aparılmır?

Məsələ ilə bağlı AzadlıqRadiosu Sumqayıt Kimya Sənaye Parkı MMC-yə müraciət edib. Tender komissiyasının adının çəkilməsini istəməyən üzvü telefon söhbətində sənaye parklarında tikinti işlərinin aparılmadığını bildirib. Radionun əməkdaşı tikinti işlərinin aparılmasına dair İqtisadiyyat Nazirliyinin yaydığı məlumatları xatırladandan sonra komissiya üzvü onların işinin yalnız iddiaçı şirkətlərdən sənəd qəbul edilməsi olduğunu deməklə kifayətlənib.

Nazirlik tikintinin getdiyini təsdiqləyir

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Pirallahı Sənaye Parkının ərazisində əczaçılıq sənayesi müəssisələrinin qurulması üçün 3 şirkətlə («Hayat Farm» MMC, «Caspian Pharmed» MMC və «Diamed Co» MMC) razılıq əldə olunub. Zavodların tikintisinə ötən ilin noyabrında başlanıb. Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi ötən ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Azərbaycan qəzeti (rəsmi dövlət qəzeti) burada tikinti işlərinin sürətlə getdiyini yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG