Amerika Birləşmiş Ştatlarının səfirliyi Azərbaycan hökumətini "Media haqqında" yeni qanunu Avropada Təhlükəsizlik və Əməkdaşlığı Təşkilatının (ATƏT) standartlarına və öz beynəlxalq öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırıb.
“Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə onların prezident İlham Əliyevin dünən, fevralın 9-da imzaladığı "Media haqqında" qanunla bağlı sorğularına cavabda bildirilib.
Xəbərə görə, ABŞ səfirliyinin rəsmi nümayəndəsinin cavabında deyilir:
"Biz media haqqında yeni qanunun müstəqil jurnalistlərin, kütləvi informasiya vasitələri sahəsində ekspertlərin və beynəlxalq təşkilatların, o cümlədən ATƏT və Avropa Şurasının fikri nəzərə alınmadan qəbul edilməsindən, imzalanmasından narahatıq”.
Xəbərə görə, cavabda qeyd edilib ki, ABŞ prezident Əliyevin imzaladığı qanunu tədqiq etməyi davam etdirir:
“Səbrsizliklə bu və digər ekspertlərin bu qanunu təhlil etməsini gözləyirik. Hökuməti yeni qanunu ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində öhdəliklərinə uyğun şəkildə tətbiq etməyə çağırırıq".
Prezident İlham Əliyev dünən, fevralın 9-da “Media haqqında” qanunu təsdiqləmişdi.
Venesiya Komissiyasından media haqqında qanuna rəy istənilirdi
Bundan əvvəl bildirilirdi ki, fevralın 2-də Venesiya Komissiyasına Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin sədri Piero Fassinonun sorğusu daxil olub.
O, Azərbaycanda Milli Məclisin qəbul etdiyi “Media haqqında” yeni qanun layihəsi ilə bağlı Avropa Şurasının Venesiya Komissiyasının rəyini istəyib. Bu barədə Venesiya Komissiyasının saytındakı məlumatda qeyd edilirdi.
“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, ondan da əvvəl ABŞ Dövlət Departamentinin sözcüsü Azərbaycanda “Media haqqında” yeni qanun layihəsinin qəbulundan narahatlığını ifadə etmişdi.
“Turan”ın ABŞ-dakı müxbiri xəbər verirdi ki, sözçü suala cavab olaraq deyib:
“Ümid edirik ki, Prezident Administrasiyası qanuna baxarkən müstəqil jurnalistlərin, media ekspertlərinin və ATƏT də daxil olmaqla beynəlxalq qurumların rəylərini diqqətlə nəzərdən keçirəcək”.
Qanunda nələr var?
Bu qanun layihəsi dekabrın 30-da Azərbaycan parlamentində qəbul edilib. Sənəd 9 fəsil, 78 maddədən ibarətdir.
Orada jurnalistlərin fəaliyyətinə dair məsələlər, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.
Bir neçə dəfə bir qrup jurnalist Bakıda Milli Məclisin önünə toplaşaraq layihəyə etirazlarını bildirmişdilər. Onlar iddia edirdilər ki, bu layihə müstəqil jurnalistlərin əl-qolunu bağlaycaq.