Yerli və beynəlxalq çağırışlara, etirazlara baxmayaraq, yeni "media qanunu"nu fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə dərc edilib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yanvarın 25-də Azərbaycan prezidentinə yazdığı məktubda media qanununu yenidən baxılmaq üçün geri qaytarmağa çağırmışdı.
Oxşar çağırışları edən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax deyir ki, prezidentin bu qanunu təsdiqləməsi onu təəccübləndirmədi:
“Çünki həmişə beynəlxalq ictimaiyyət və ya təşkilatlar hansısa addımları atmamağa çağıranda, Azərbaycan əksini edir. İnsan haqları komissarı, AŞPA-nın iki məruzəçisi cənab prezidenti bu qanunu təsdiqləməməyə çağırdı. Amma nəticədə yenə də qanun təsdiqləndi. Mən ümid edirdim ki, o təsdiqləməyəcək, amma nəticə mənim üçün surpriz olmadı”.
Seçki pozuntularını qoruyan qanun?
Yeni qanuna əsasən, yalnız dövlət reyestrində qeydiyyatdan keçmiş jurnalistlər müxtəlif tədbirlərə qatıla bilərlər. Qeydiyyatdan keçmək üçün onlardan ali təhsil, 3 il iş stajı, əmək müqaviləsi, çalışdıqları media qurumunun özünün də reyestrdə qeydiyyatda olması və digər tələblər irəli sürülür.
Bundan başqa qanunun 21-ci maddəsində gizli video və səs yazılarının yayılmasına da maneələr var.
Qanun layihəsi hələ parlamentin müzakirəsində olan vaxt etiraz aksiyası keçirən jurnalistlər deyirdilər ki, bu tələblər onların əl-qolunu bağlayacaq.
Məsələn, əvvəllər seçki pozuntusunu çəkib göstərən jurnalistləri indi dövlət reyesterində adı olmadığı üçün seçki məntəqələrinə buraxmaya bilərlər. Jurnalist Aidə Yaqublu da bu qanuna etiraz edənlərdən biridir:
"Təsəvvür edirsiniz, seçki pozuntularının çoxu gizli çəkilişlərlə üzə çıxıb. Bu qanunun qüvvəyə minəndən sonra kimsə bu cür pozuntu çəksə, gərək gedə pozuntunu edən şəxsdən icazə ala".
Prezident İlham Əliyev fevralın 8-də “media qanunu”nu təsdiqləməklə yanaşı, daha iki fərman da imzalayıb.
Həmin fərmanlarda Medianın İnkişafı agentliyinə Azərbaycandan kənarda yerləşən media subyektlərinin fəaliyyətində də bu qanunun tələblərinin pozulmasını aşkar edib tədbir görmək səlahiyyəti verilir. Bu qurum həmçinin Nazirlər Kabineti ilə birlikdə 2 ay ərzində qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən normaları hazırlamaq tapşırılır.
Avropa yenə də “narahatıq” deməklə kifayətlənəcək
Media eksperti Ələsgər Məmmədli hesab edir ki, beynəlxalq tələblərə zidd olan bu qanunun qəbulu göstərir ki, Azərbaycan hökuməti əsas piortiteti öz hədəflərinə çatmaqdır. Ona görə də bəynəlxalq təşkilatların çağırışlarını qulaq ardına vurdu:
“Bu həm də hökumətin bundan sonra edəcəklərinin yol xəritəsidir, işıq tutur. Bu qanun qüvvəyə minəcək, daha sonra qanunlarla bağlı məhdudiyyətlər tətbiq ediləcək. Jurnalistlər kateqorizə ediləcək, bir qism jurnalist sayılacaq, bir qism yox. Bir qismin media qurumu bağlanacaq. Bir qism jurnalistlər həvəsləndiriləcək, ipotekalar veriləcək, müzeylərə pulsuz giriş veriləcək, bir qismini ümumiyyətlə, jurnalist saymayacaqlar. Bütün bunlar da kənardan hesabatlarda sonuncu yerlərə düşməkdən, bundan “narahatıq”, “bu düzəlsin” kimi xırda bəyanatlardan başqa, Azərbaycan hökumətinə bir yük gətirməyəcək. Ona görə də hökumət bundan rahatdır”.
Təxminən bir il öncə, 2021-ci ilin yanvarında İlham Əliyev Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda "Media haqqında" Qanununun layihəsinin iki aya hazırlanması nəzərdə tutulmuşdu. Azərbaycan ictimaiyyəti bu qanun layihəsindən ötən ilin sonlarında, layihə parlamentə daxil olanda xəbər tutmuşdu.
Bu qanunun qəbulu media sahəsində yeni yaranan meyllərin tənzimlənməsi, bu sahədə də istlahatların davamı kimi dəyərləndirilir.
Müstəqil ekspertlərsə hesab edirlər ki, jurnalistika hökumətin fəaliyyətinə ictimai nəzarətdir. Bu qanunla isə hökumət öz işinə nəzarətçiləri özü seçir.