Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Deputat Rövşən Rzayev: 'O başqa variantlar haqda danışmağa hazır deyiləm'


Rövşən Rzayev
Rövşən Rzayev

Milli Məclis Seçki Məcəlləsinə dəyişikliklər edib. Seçki mütəxəssisləri bu dəyişikliklərdən bəzilərinə şübhəylə yanaşırlar. Məsələn, seçki qutularının möhürlənməsinin ləğv edilib, sadəcə kilidlənməsinə və ya deputatların mandatdan məhrum edilməsi səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına verilməsinə və s.

AzadlıqRadiosu bu dəyişikliklərlə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevlə söhbət edib.

Deputat Rövşən Rzayev: 'O başqa variantlar haqda danışmağa hazır deyiləm'
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00
Direct-ə keçid

– Seçki Məcəlləsinə edilən dəyişiklikləri necə dəyərləndirirsiniz?

– Konkret nəyi nəzərdə tutursunuz?

– Məsələn, yeni dəyişikliklərə görə, bundan sonra seçki qutularının ağzı möhürlənməyəcək, sadəcə kilidlənəcək.

– Orda texniki baxımdan heç bir problem yoxdur. Əksinə, eyni dərəcəli məsələlərdir.

– Eyni dərəcəli məsələdirsə, o zaman niyə qutular kilidlənəcək, möhürlənməyəcək?

– Məsələ də ondadır ki, nə fərqi var? Mən bunda da problem görmürəm.

– Amma belə iddialar var ki, kilidi açmaq daha asandır, nəinki möhürü qırmaq. Sizcə, bu gələcəkdə seçki qutularına müdaxiləni asanlaşdırmayacaq?

– Mən hesab edirəm ki, gələcəkdə bunun heç bir problemi olmayacaq.

– Yeni dəyişikliyə görə, növbədənkənar prezident seçkiləri üç ay yox, iki ay ərzində keçiriləcək. Bu müddət niyə qısaldılıb?

– Orda hansısa niyyət yoxdur. Əsas məsələ odur ki, indiyədək belə hal baş verməyib. Mən bilmirəm, bu gün hansı hal baş verəcək, amma düşünmürəm ki, belə hal olacaq. Müddətə qalanda, nə qədər kifayət edirsə, o qədər də götürülür. Mən başqa fikir deyə bilmərəm.

– İmza vərəqələri səlahiyyətli nümayəndələrə imzalanmaqla veriləcək. Burda...

– Burda da bir problem görmürəm. Mən gördüyüm problem başqadır. Onunla bağlı sualınız yoxdur deyə, danışmaq istəmirəm.

– Bəlkə özünüz danışasınız o haqda?

– Yox, danışmıram.

– Bəs deputatların başqasının yerinə və ya başqası onun əvəzinə səs verdikdə deputat mandatından məhrum edilməsinə necə baxırsınız? Deputatın bu qədər asanlıqla mandatdan məhrum edilməsi normaldır?

– Mənə belə gəlir, normaldır. Bu, dünya praktikasında da var, hər bir millət vəkili səsvermədə iştirak etməli, öz mövqeyini bildirməlidir.

– Amma ola bilsin, deputat həmkarı Rövşən Rzayevdən xahiş edir ki, beş dəqiqəlik işi var, bu məsələdə onun əvəzindən səs versin.

– Məndən bu günə kimi belə xahiş olmayıb, bundan sonra da olmayacaq.

– Yəni belə bir sadə məsələyə görə mandatın itirilməsi deputat toxunulmazlığını kövrəkləşdirmirmi?

– Bu, dünya praktikasında mövcud məsələdir. Özü də ciddi məsələdir. Parlament həmişə olduğu kimi, Azərbaycanin hüquqi dövlət olması, inkişafı məsələsində sözünü, mövqeyini bildirib. Qanunvericilik həmişə təkmilləşdirilir. Ona görə də millət vəkilləri məsuliyyətlərini dərk etməlidirlər. Öz mövqelərini səsləndirməlidirlər. Heç kimdən «mənim əvəzimə səs ver» deyə xahiş etməməlidirlər. Başqa məsələdir ki, səsvermədə iştirak etmir, çıxıb çölə, harasa gedib, bu gün parlamentə gələ bilməyib... Səsvermədə səs çoxluğuyla bütün layihələr qəbul edilə bilər. Ona görə də kimisə buna vadar etməyə ehtiyac yoxdur.

– Etik qaydaların pozulmasına görə də deputat mandatını itirə biləcək. Deputat kimi buna necə baxırsınız?

– Millət vəkili hər bir halda məsuliyyətini dərk etməlidir. Həm davranışında, həm də fəaliyyətində. İkincisi də, bu, Konstitusiyada təsbit edilmiş məsələdir. Burada qeyri-adi heç nə bir şey yoxdur.

– Rövşən bəy, normal ölkələrin parlamentlərində hər zaman qızğın polemikalar gedir, bəzən bu, sonucda əlbəyaxa davaya belə gətirib çıxarır. Bəlkə təqdir ediləsi hal deyil, amma buna görə deputat mandatından məhrum edilən də olmur.

– Bizdə də dava olsa, eyni şey olacaq. Bizdə qeyri-adi hal var ki? Eyni şeydir də. Etik qayda pozularsa, bundan ötrü parlament komissiyası var, o deputatın hərəkətinə qiymət verəcək. O qiymət verəndən sonra başqa məsələlər ola bilər. Yəni bu, asan mexanizm deyil. Yenə də millət vəkili öz fəaliyyətində tam azaddır, öz mövqeyində, fikirlərini ifadə etməkdə tam azaddır. Yeni dəyişikliklər deputatın fəaliyyətinə heç bir məhdudiyyət gətirmir.

– Amma bəzi mütəxəssislərin qənaətincə, bu dəyişikliklər deputatları daha korrekt davranmağa, özünüsenzuraya sövq edəcək. Polemilkalara, fikir mübadilələrinə yer qalmayacaq.

– Hər bir millət vəkili seçiciləri qarşısında məsuliyyətini dərk etməlidir. O, işini elə qurmalıdır ki, seçici ona səs verdiyinə görə peşman olmasın və o, Azərbaycanın qanunverici orqanında mövqeyini səsləndirməyi bacarsın.

– Deputatın səsvermə zamanı qaydanı və ya etik normanı pozmasına görə son qərarı MSK verəcək. Niyə MSK, niyə Milli Məclis deyil?

– Əvvəlcə parlamentin etik komitəsi qərar verəcək. Həmin qərara MSK-da baxılacaq. Narazı tərəfin məhkəməyə müraciət etmək hüququ var.

– Son qərarı parlamentin deyil də, MSK-nın verməsi haqda nə deyə bilərsiniz?

– Mənim öz mövqeyim var. Amma bu məsələ səs çoxluğu ilə artıq qəbul edilib.

– Siz bu məsələdə nədənsə narazısınız?

– Onu sizə deyə bilməyəcəm. Mən hər halda dövlətimi, öz liderimi dəstəkləyən adamam, seçicilərimə böyük hörmətlə yanaşan adamam. Mən qanunvericilik fəaliyyətimdə daha da mükəmməl işləməyi özümə borc hesab edirəm. Bu, mənim həm özüm, həm seçicilərim, həm də dövlətim qarşısında götürdüyüm məsuliyyətdir.

– Belə başa düşmək olar ki, MSK məsələsində siz də narazısınız?

– Narazı deyiləm, amma yaşayıb görərik də nə baş verir. Hər halda, mən bunu dəstəkləmişəm.

– Dediklərinizdən dəstəklədiyiniz başa düşülmür amma.

– Deyə bilmərəm ki, narazıyam. Mən digər variantlar barəsində düşünüb danışa bilərdim. Narazı olduğumu demirəm. Deyirəm ki, Azərbaycanda yetərincə məsuliyyətli, bilikli hüquqşünaslar var, məndən də, bir çoxlarından da artıq, Azərbaycanın inkişafını yaradanlardır.

– «Digər variantlar» nə ola bilərdi?

– Qalsın sonraya.

– Niyə mətbuatla bölüşmək istəmirsiniz?

– Mətbuatla da bölüşmək olar. Problem nədir ki? Azərbaycan demokratik dövlətdir, söz azadlığı mövcuddur, müxtəlif fikirlər ola bilər, bununla razılaşmaq da ola bilər, razılaşmamaq da.

– O zaman «başqa variantlar» haqda niyə susursunuz?

– O başqa variantlar haqda danışmağa hazır deyiləm. Qalsın gələn dəfəyə.

XS
SM
MD
LG