Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 01:17

Seçki qutuları niyə möhürlənməyəcək, kilidlənəcək?


Hafiz Həsənov

«Bu dəyişikliklər deputat toxunulmazlığını çox kövrək edir. Göstərilən bu əsaslar çox adi olduğundan, deputat toxunulmazlığını, deputat mandatından məhrumetməni həddən artıq asanlaşdırır. Özü də indi bu səlahiyyət Mərkəzi Seçki Komissiyasına verilir. Bunun özü də mübahisəli məsələdir».

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri, seçki üzrə mütəxəssis Hafiz Həsənov AzadlıqRadiosuna Seçki Məcəlləsinə təklif edilən dəyişikliklərdən danışarkən belə deyir.

Milli Məclis Seçki Məcəlləsinə dəyişiklik etməyə hazırlaşır. Layihədə ümumilikdə 30 dəyişiklik təklif olunur.

H.Həsənov bu dəyişikliklərin mahiyyətindən danışır:

– Seçki Məcəlləsinə təklif edilən dəyişikliklərin çoxu texniki xarakterlidir. Məsələn, əvvəlki illərdə seçki bülleteninin zərfə qoyulması ləğv edilsə də, bir sıra maddələrdə zərf məsələsi qalmışdı. İndi yaddan çıxan «zərflər» qanunvericilikdən götürülür. İkinci bir təklif imza vərəqləri ilə bağlıdır. İmza vərəqləri seçki komissiyalarından götürülərkən partiya üzvləri və ya səlahiyyətli nümayəndələr tərəfindən aşağı küncü imzalanacaq. Bu, ciddi məsələdir, məqsəd odur ki, sonradan imza vərəqləri çoxaldılmasın, müəyyən sayda verilsin. Tutaq ki, imza vərəqləri korlanacaqsa, yenisini almalı olacaqlar.

- Burda məqsəd nədir? Sənədlərin saxtalaşdırılmasını önləmək, ya..?

- Tutalım, bir imza vərəqi korlandıqda surətini çıxarıb doldurmaq olurdu. Amma bundan sonra orda imza atılacaq və artıq onu çoxaltmaq mümkün olmayacaq. Hamı bilir ki, ötən seçkilərdə yeni imza vərəqlərinin alınmasında bürokratik əngəllər yaradılırdı. Bu məsələ nisbətən ciddi məsələdir. Başqa bir məsələ, növbədənkənar prezident seçkilərinin vaxtı ilə bağlıdır. Ötən referendumdan sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün bir sıra konstitusion əsaslar yarandı. Bu əsaslar Seçki Məcəlləsində təsbit edilməmişdi. İndi bununla bağlı qanunvericilikdə dəyişiklik ediləcək. Əvvəllər növbədənkənar prezident seçkilərinin üç ay ərzində keçirilməsi nəzərdə tutulurdusa, indi bu müddət iki aya endirilib. Yəni müddət baxımından fərq var. Daha bir məsələ. Əvvəllər səsverməyə 10 gün qalmışa qədər seçkiyə qatılan şəxs namizədliyini geri götürə bilərdisə, indi bu müddət aradan qaldırılıb. Yəni istənilən halda, istənilən vaxtda namizədlik geri götürülə bilər. Yadınıza gəlirsə, ötən parlament seçkilərində Müsavat Partiyası öz namizədlərini kütləvi şəkildə geri çağırdı, bu da səsverməyə 10 gündən çox az qalmış baş verdi. Buna görə də müsavatçıların namizədlikləri geri götürülmədi. Amma dəyişiklikdən sonra belə çıxır ki, seçkilərə qatılan şəxs istənilən vaxt namizədliyini geri götürə biləcək.

- Bu, yaxşı haldır?

- Belə götürəndə bir o qədər də problemli məsələ deyil. Məncə, imza vərəqləri və növbədənkənar prezident seçkilərinin 2 ay ərzində keçirilməsi daha ciddi məsələdir. Və ya Seçki Məcəlləsində seçki qutularının ağzının möhürlənməsi nəzərdə tutulurdusa, indi qutular kilidlənəcək. Möhürlənmə sözü kilidlənməylə əvəzlənəcək. Bundan başqa, seçici vəsiqəsi qanundan çıxarılır. Qanunda belə bir tələb vardı ki, seçici vəsiqəsi ilə səs verilməlidir. Deməli, səsverməyə gələn şəxsdən həm seçici, həm də şəxsiyyət vəsiqəsi tələb olunurdu. Amma praktikada seçici vəsiqəsindən, demək olar, istifadə edilmədi. İndi seçici vəsiqəsi anlayışı qanundan çıxarılır. Daha bir məsələ pulsuz efir vaxtı ilə bağlıdır. Qanunda tələb vardı ki, namizəd vaxtından əvvəl namizədliyini geri götürsə və ya zəruri sayda səs toplamasaydı, həmin efir vaxtının, rəsmi çap nəşrlərində pulsuz gedən elanların, yazıların dəyərini dövlətə geri qaytarmalı idi. Yəni həmin pulu ödəməli olurdu. İndi bu tələb aradan çıxır. Bu da praktikada işləmədi.

- Seçki qutularının kilidlənməsi məsələsinə qayıdaq. Möhürü açdıqdan sonra onun bərpası daha çətindir, nəinki kilidi açıb bağlamaq. Bu baxımdan, seçki qutularının möhürlənməsinin ləğvi, əvəzində sadəcə kilidlənməsi nə vəd edir?

- Onu seçki praktikası göstərər. Mənə də şəxsən maraqlıdır ki, niyə kilid? Möhür vardı da. Ancaq onu da deyim ki, bu möhür məsələsi daha çox postsovet ölkələrinin qanunvericiliyində vardı. Sovet dövrünün qanunlarında da daha çox bundan istifadə edilirdi. Ancaq möhürdən fərqli olaraq, kilidin açılıb bağlanması daha asandır. Növbəti seçkilər göstərəcək ki, bu əvəzlənmə sırf texniki xarakter daşıyırdı, yoxsa başqa məqsəd vardı.

- Seçki Məcəlləsinə deputatlarla bağlı da dəyişikliklər edilir. Sizcə, bu dəyişiklik deputatları daha məsuliyyətli olmağa vadar edəcək, ya daha çox susmağa?

- Referendumdan sonra deputatı mandatından məhrum etməyin daha iki əsası müəyyən edildi. Bunlardan biri deputatın parlament müzakirələrində şəxsən səsverməsi ilə bağlıdır. Praktikada olur ki, bir deputat başqa həmkarının yerinə də səs verir. Konstitusiyaya edilən dəyişiklikdən sonra deputat başqasının yerinə səs verdikdə və ya özü səsvermədə şəxsən iştirak etmədikdə mandatından məhrumetmə üçün əsas yaranacaq. İkincisi, deputat etik davranış qaydalarını pozduqda da mandatdan məhrum edilə bilər. Bu dəyişikliklər deputat toxunulmazlığını çox kövrək edir. Göstərilən bu əsaslar çox adi olduğundan, deputat toxunulmazlığını, deputat mandatından məhrumetməni həddən artıq asanlaşdırır. Özü də indi bu səlahiyyət Mərkəzi Seçki Komissiyasına verilir. Bunun özü də mübahisəli məsələdir.

- Mübahisəli olan nədir? Niyə parlament yox, MSK mandat məsələsinə qarışır?

- Deputat mandatından məhrumetmə üçün əvvəl nəzərdə tutulan əsaslar fərqliydi. MSK deputatı mandatından o zaman məhrum edə bilərdi ki, sonradan seçkilərin düzgün keçirilməməsi, səsvermədəki nöqsanlar üzə çıxsın və s. Yəni sırf seçkilərlə bağlı proseslər nəzərdə tutulurdu. Ancaq sırf parlament müzakirələrində şəxsən səs verməməyə və ya başqasının yerinə səs verdiyinə görə, yaxud adi etik davranış qaydasına görə 40 min seçicinin iradəsini təmsil edən deputatın asanlıqla mandatdan məhrum edilməsi, məncə, mənfi haldır. Həm deputatın müstəqilliyi, həm də toxunulmazlığı baxımından mənfi haldır. Deputatın parlamentdəki fəaliyyətinə, davranışına görə belə bir qərarı MSK-nın verməsi başadüşülən deyil. Bunun MSK-ya nə aidiyyəti var? Seçkilərlə bağlı məsələ deyil, axı.

- Və ya MSK deputatın qanunu pozduğunu necə müəyyənləşdirəcək?

- Yəqin intizam komissiyası müzakirə edib MSK-ya müraciət edəcək ki, filan deputatın intizam xətası olub, təqdimat veriləcək və bunun əsasında da qərar qəbul ediləcək. Seçkilərlə bağlı deyil, deputatın parlamentdəki işi, davranışı ilə bağlı MSK-nın qərar qəbul etməsi başadüşülən deyil.

- Sizcə, bunda məqsəd nədir?

- Bu, MSK-nın deputatlarla bağlı səlahiyyətlərinin genişləndirilməsidir. Həm də MSK-ya deputatı cəzalandırmaq üçün yeni bir status verilir, guya qərarı kənar bir qurum, onu seçən bir qurum verir. Amma əslində, məsələ MSK-ya deputatları məsuliyyətə cəlb edəcək bir qurum statusu verilməsinə gəlib çıxır. Bu da hüquqi məntiqə sığmır.

- Hafiz bəy, etik davranış məsələsinə də aydınlıq gətirərdiniz. Sənəddə deyilirmi ki, hansı hallarda deputat mandatından məhrum edilə bilər?

– Bu tip şeylər Milli Məclisin daxili nizamnaməsi ilə nizamlanır. Etik davranış çox geniş anlayışdır. Əvvəlcə buna görə deputata xəbərdarlıq edirdilər və ya etik qaydanı pozduğu halda həmin iclasdan çıxarıla, bir neçə iclasa buraxılmaya bilərdi. Amma indi birbaşa mandatdan məhrum edilməsi mümkündür. Əslində, parlament müzakirə yeridir, orda hər cür dartışma ola bilər. Hətta bir sıra hallarda müzakirələr o həddə çata bilər ki, sözün həqiqi mənasında etik qaydalar pozular, qüsurlara yol verilər. Dünya praktikasında bu, normal haldır. Müzakirələrdə emosiyalar o həddə çatır ki, bəzən əlbəyaxa olurlar. Parlamentin xüsusiyyətidir ki, orda daha çevik, daha qızğın müzakirələr getsin, əks fikirlər ortaya qoyulsun. Ehtimal var ki, bu dəyişiklikdən sui-istifadə edilsin, yəni həmin dəyişiklik əsasında deputat çox asanlıqla mandatdan məhrum edilə bilər. Əvvəl bu məqsədlə cinayət işi qaldırılırdısa, məhkəmə qərarından sonra qərar verilirdisə, indi deputat çox asanca mandatını itirə bilər. Mandatın kövrəkliyi üçün əsaslar, hüquqi imkanlar yaranır. Bu da deputat toxunulmazlığı, onun müstəqilliyi, parlamentdə əks fikirlərin ortaya çıxdığı plüralistik müzakirələrə problem yarada bilər. Bundan sonra həmin rıçaqlarla deputatlara daha çox təsir imkanları olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG