Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Seçici sayında kəskin fərqin səbəbi


Parlament seçkiləri ilə bağlı poster, 18 oktyabr 2010
Parlament seçkiləri ilə bağlı poster, 18 oktyabr 2010

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə qarşıdan gələn növbədənkənar ( 9 fevral) parlament seçkilərində seçici sayında kəskin fərq olacaq.

Mərkəzi Seçki Komissiyasının ( MSK) məlumatlarında dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici sayı 4 972 356 göstərilmişdi.

Halbuki, qurumun hazırda saytında seçici sayı 5 milyon 212 nəfərdən çox göstərilir. Üstəlik, Dövlət Statistika Komitəsinin (DSK) açıqlamalarına görə də, ölkədə yaşı 18-dən yuxarı olan şəxslərin sayı 7 milyon civarındadır. Belə olan halda bir sıra müşahidəçiləri belə bir sual düşündürür. Hazırda, seçici siyahıları nə dərcədə real mənzərəni əhatə edir?

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Azadlıq Radiosuna deyib ki, bələdiyyə seçkilərində seçici sayındakı kəskin fərq Azərbaycanın işğal altndakı ərazilərində prosesin keçirilməməsi və həmin seçicilərin ümumi saya (yəni, 5 milyon 212 min nəfər) daxil edilməməsi ilə bağlıdır.

Hafiz Həsənov, arxiv foto
Hafiz Həsənov, arxiv foto

Amma ekspert hesab edir ki, istər MSK-nın, istərsə də DSK-nın göstərdiyi rəqəmlər gerçəkliyi əks etdirmir, elə problem də buradan başlayır:

“DSK çalışır ki, ölkədə əhali sayını daha çox göstərsin. Əhalinin 2019-cu ildə siyahya alınması da real hallara uyğun aparılmayıb. Bu bir daha göstərdi ki, çox yerlərdə heç adamlarla görüşməyiblər”.

“Buna rəsmi izah verilməlidir”

H.Həsənova görə, digər tərəfdən MSK köhnə siyahı ilə işləyir, seçici siyahıları reallığı əks etdirmir:

“Buna rəsmi mövqe və izah verilməlidir”

H.Həsənov deyir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkiləri müşahidə etdiyi vaxtlarda seçici siyahıları daim kəskin tənqid edilib:

“Amma təəssüf ki, seçici siyahısı ilə bağlı hökumət, MSK araşdırma aparmayıb və bu məsələyə rəsmi aydınlıq gətirilməlidir”.

“Fərq hazırda 2 milyon nəfərə yaxındır”

Bəşir Süleymanlı, arxiv foto
Bəşir Süleymanlı, arxiv foto

Vətəndaş Hüquqları İnstitunun rəhbəri Bəşr Süleymanlı da hesab edir ki, bu fərqin əmələ gəlməsi, 7 dairədə bələdiyyə seçkilərinin keçirilməməsi ilə bağlıdır.

MSK ilə DSK arasında seçici sayındakı fərqə gəlincə B.Süleymanlı deyir ki, illərdir, bu məsələ MSK qarşısında qaldırılır:

“Əvvəllər fərq 200-300 min nəfərdən başladı, hazırda 2 milyon nəfərə yaxındır. Buna da rəsmi olaraq doğru-dürüst açıqlama vermirlər. Bunun nədən yarandığını da izah etmirlər”

B.Süleymanlı hesab edir ki, seçici sayının düzgün alınmaması əhalinin siyahıya alınmasının düzgün aparılmamasından qaynaqlanır:

“Keçən il əhalinin siyahıya alınması keçirildi. Xeyli sayda insanlar, bunların arasında məşhurlar da var idi, bildirirdlər ki, siyahıya alınmayıblar. Odur ki, bu rəqəmlərin çoxu doğru-düzgün rəqəmlər deyil. Bu rəqəmi nəyə əsasən göstəriblər, o da bəlli deyil. Buna görə də MSK ilə DSK-nın seçici sayı göstəricləri arasında ciddi fərq yaranır”.

“Hökumət fakta qiymət verməlidir”

B.Süleymanlı hesab edir ki, hökumət bu fakta düzgün qiymət verməlidir:

“Belə olduqda isə ölkədə əhali sayının 10 milyon nəfər olmasının saxtalığı etiraf edilməlidir. Odur ki, “kim haqlı sualı”na cavab verilmədiyi üçün məsələ belə qeyri-müəyyən qalır”

MSK-da deyir ki...

Mərkəzi Seçki Komissiyasının binası, arxiv foto
Mərkəzi Seçki Komissiyasının binası, arxiv foto

MSK-dan da “ Turan” agentliyinə deyiblər ki, dekabrın 23-də işğal faktı ilə bağlı 7 dairə üzrə seçkilər keçirilməyib, həmin dairələr üzrə seçicilər nəzərə alınmayıb, seçici siyahısındakı fərq bundan irəli gəlib. 1988-ci ildə başlanan Qarabağ münaqişəsi gedişində Azərbaycanın təqribən 20 faiz ərazisi işğal edilib. Bura Dağlıq Qarabağ və onun ətrafında 7 rayon daxildir.

O, ki qaldı MSK ilə DSK-nın məlumatlarının üst-üstə düşməməsinə, məsələnin bu tərəfi ilə bağlı suallara, artıq cəmiyyət illərdir ki, cavab axtarır.

Ötən ilin mayında AzadlıqRadiosu bununla bağlı Dövlət Statistika Komitəsinə müraciət edib. Mətbuat xidmətindən bu sualı cavablandıra bilməyəcəklərini söyləyərək başqa şöbəyə yönləndirsələr də, ordan da açıqlama almaq mümkün olmamışdı. Əməkdaşımıza sualı yazılı ünvanlamağı və 7 gün ərzində cavab veriləcəyini bildiriblər. Amma bunun da nəticəsi olmamışdı.

DSK-dan indi də bu məsələyə münasibət almaq mümkün olmayıb.

Mərkəzi Seçki Komissiyasından isə “Turan” agentliyinə onda bildirmişdilər ki, əhalinin bütünlükdə qeydiyyatı ilə seçici sayı fərqli məsələlərdir:

“Əhali qeydiyyatı belədir ki, ölkə ərazisində anadan olan kimi vətəndaş kimi reyestrdə qeydə düşür”.

Komissiyadan habelə deyilib ki, seçici sayına müxtəlif amillər təsir edir - vətəndaş ölkədən gedə, seçki dairəsini dəyişə, yenisində qeydiyyata düşənə kimi fasilə yarana bilər.

Xatırlatma

2019-cu il noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib.Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Prezident də öz növbəsində seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG