Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:48

146 min nəfər yardımsız qalıb, səbəbi...


Sosial yardım almaq istəyən İmişli sakinləri

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 21 faiz azalıb. Səbəb ehtiyac içində yaşayanların kasıbçılığın daşını atmağı yox, yardımların təyinat müddətinin başa çatmasıdır.

Cəmi iki gün qabaq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyirdi ki, 2016-cı ilin sonuna 165,4 min ailə (692 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub.

Buna da bax:​ Yoxsulluq səviyyəsi 1 faiz artdı

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov

Ötən gün – mayın 5-də isə rəsmi mətbuatda çıxışında o, maddi yardım alan ailələrin sayının 130,8 minə düşdüyünü açıqlayıb. Söhbət yardımdan məhrum olunan 146 min nəfərdən gedir. Ötən il bu ailələrin hər birinə orta hesabla 119 manat 40 qəpik ödənilib.

İki illik müddət sona çatıb

Məsələni AzadlıqRadiosu-na şərh edən nazirliyin sözçüsü Elman Babayev dövlət başçısı İlham Əliyevin 16 mart 2015-ci il tarixli sərəncamını xatırladıb: «Ünvanlı dövlət sosial yardımı haqqında» qanunda dəyişiklik edilməsi barədə» qanuna əsasən, ölkəmizdə aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımlarının təyinat müddəti bir ildən iki ilədək uzadılıb. Qanun həmin tarixdən qüvvəyə minmişdi və bundan sonra təyin edilən bütün ünvanlı sosial yardımlar bir il deyil, iki illik müddət üçün nəzərdə tutulmuşdu. Hazırda azalma 2 il müddətinə yardım təyinatlarının müddətinin başa çatması ilə bağlıdır».

Buna da bax: '250 min ailənin ünvanlı sosial yardıma ehtiyacı var'

Nazirliyin mətbuat katibi deyib ki, müddəti başa çatmış sosial yardım almaq hüququ olan ailələr bundan ötrü yenidən müraciət edə bilərlər. Müraciət elektron qaydada göndərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Aylıq gəlirin 116 manatın altındadırsa...

Bu il ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiqlənib. Bu, 2016-cı ildəkindən 9 manat çoxdur.

Yardım almaq iddiasında olan ailələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinə sübut etməlidirlər ki, ailə üzvlərinin hər birinin aylıq gəliri 116 manatdan azdır.

Buna da bax:​ Ünvanlı sosial yardımın kəsilməsi haqqında məlumatlar var... [video]

Yoxsulluq «özü-özünə» düşüb

Sosial yardımların kəsilməsi ölkədə yoxsulluq səviyyəsinə də təsirsiz ötüşməyib. Əgər 2016-cı ildə təkcə ünvanlı sosial yardım alanların sayı ölkə əhalisinin 6,98 faizi qədər idisə, hazırda bu göstərici 5,6 faizə düşüb.

Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2016-cı ildə ölkədə yoxsulluq səviyyəsindən aşağı, yalnız ən aşağı maddi ehtiyaclarını ödəmək iqtidarında ola bilənlər ölkə əhalisinin 5,9 faizini təşkil edirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG