Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:53

'250 min ailənin ünvanlı sosial yardıma ehtiyacı var'


Qeyri-neft ixracatçılarının respublika müşavirəsi
Qeyri-neft ixracatçılarının respublika müşavirəsi

Ölkədə iqtisadi durum, sosial yardım almaqdan ötrü müraciət edənlərin sayının artması, xaricə istirahətə gedənlərin azalması və neftdən asılılığın aradan qalxmamasının səbəbləri bu gün medianın aparıcı mövzusudur...

«MADE IN AZERBAIJAN»

«Azərbaycan» qəzetində ««Made in Azerbaijan» brendi artıq dünyada şöhrət qazanır» başlıqlı yazı dərc edilib.

Müəllif dövlət başçısı İlham Əliyevin aprelin 17-də Yevlax rayonunda qeyri-neft ixracatçılarının müşavirəsindəki çıxışında səsləndirdiyi fikirlərə geniş yer verir.

Yazıda qeyd edildiyinə görə, dövlət başçısı bildirib ki, son bir ildə aparılan iqtisadi islahatlar öz nəticəsini verməkdədir. Kənd təsərrüfatında inkişaf əldə edilib, ixrac artıb, idxal azalıb. Ölkənin valyuta ehtiyatları çoxalıb.

Prezident əlavə edib ki, indi qarşıya qoyulan əsas vəzifə daxili tələbatı yerli istehsal hesabına ödəməkdir.

Dövlət başçısı vurğulayıb ki, artıq «Made in Azerbaijan» brendi dünyada tanınmaqdadır.

Yazıda bildirilir ki, prezident çıxışında sahibkarlara dövlət dəstəyindən də danışıb. O qeyd edib ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verib. «Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq»,- İ.Əliyev deyib.

Pul
Pul

HÖKUMƏTDƏN SOSİAL YARDIM UMANLARIN SAYI ARTIB

«Yeni Müsavat» qəzetində «Sosial yardımı kəsilən ailələr – onlar nə etsin…» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkədə əhalinin yoxsulluq səviyyəsi artmaqdadır. Bunu bazarlarda alıcılıq qabiliyyətinin azalmasından da görmək mümkündür: «Son iki ildə iş yerlərinin sürətlə bağlanması, əmək haqlarının azalması, xarici ölkələrdə, xüsusən Rusiyada işləyən həmvətənlərimizin ölkəyə göndərdikləri vəsaitlərin azalması, ərzaq və gündəlik tələbat məhsullarının bahalaşması insanların yaşayış səviyyəsini aşağı salıb».

Müəllif hesab edir ki, elə bu sadalanan səbəblər ölkədə ünvanlı sosial yardıma ehtiyacı artırıb. Ancaq bu prosesin əksinə olaraq, bölgələrdə sosial yardımın alınması xeyli çətinləşib.

İqtisadçı-ekspert Rəşad Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib: «Elektron müraciət formasının qəbul edilməsindən sonra, xüsusilə regionlarda maarifləndirmə tədbirlərinə ehtiyac var idi ki, insanlar müraciət zamanı texniki səhvlərə yol verməsinlər. Belə olduğu halda həmin ailələr növbəti müraciət dövrünə qədər sosial yardım itkisi ilə üzləşirlər».

Bununla belə, R.Həsənov statistik rəqəmlərə istinadən ünvanlı sosial yardım alanların sayının artdığını bildirib. O qeyd edib ki, 2016-cı ildə sosial yardım alanların sayında 55 faiz artım olub: «2016-cı ildə bu göstəricilər ciddi şəkildə artıb. 2015-ci ildə 450 min nəfər sosial yardım almışdısa, 2016-cı ildə bu göstərici 680 min nəfərə qədər artıb. Bu o deməkdir ki, sosial yardım alan fərdi vətəndaşların sayında 230 min nəfərə qədər artım baş verib».

Ekspert deyib ki, son iki ildə əhalinin gəlirlərinin azalması da yardım məqsədilə müraciət edənlərin sayını artırıb. Onun fikrincə, hazırda 250 minə yaxın ailənin ünvanlı sosial yardıma ehtiyacı var. Amma texniki və ya digər süni yaradılmış səbəblər üzündən bu yardımı ala bilmirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə sosial müavinətlərin verilməsində hər hansı problem olmadığını bildirib.

Turistlər
Turistlər

XARİCƏ İSTİRAHƏTƏ GEDƏNLƏRİN SAYI AZALIB

«Exo» qəzetində dərc edilən «Azərbaycan vətəndaşlarının xarici ölkələrdə məsrəfləri getdikcə azalır» sərlövhəli məqalədə ölkə vətəndaşlarının xaricə turist səfərlərini azaltması ekspertlərlə dəyərləndirilir.

Müəllif yazır ki, neftin qiyməti düşənə qədər Azərbaycandan xaricə daha çox insanlar səyahət edirdilər. Kimi istirahətə, kimi də alış-verişə gedirdi: «Alış-verişə gəlincə, Avropa mağazalarında geyimlərin qiymətləri Azərbaycandan ucuz idi. Amma iki devalvasiya ABŞ dolları ekvivalentində Azərbaycan vətəndaşlarının gəlirlərini iki dəfə azaltdı, bilet qiymətləri, Qərb otellərində qalmaq iki dəfə bahalaşdı. Nəticədə vətəndaşlar çox nadir hallarda xaricə çıxmağa başladılar və indi ölkənin regionlarına, maksimum Gürcüstana getməyə üstünlük verirlər».

Müəllif mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə istinadən qeyd edir ki, keçən il ilə müqayisədə bu il xaricə istirahətə gedənlərin sayı 10 faizdən çox azalıb.

Ekspert Vüqar Bayramovun bildirməsinə görə, əhalinin gəlirlərinin azalması elə durum yaradıb ki, artıq vətəndaşlar xaricə turist səfərinə çıxmaq barədə fikirləşmirlər: «Əhalinin çoxu hər şeyə qənaət edir. Odur ki, turist səfəri üçün vəsaiti yoxdur. Bu da ona səbəb olub ki, ölkə vətəndaşları daha çox əyalətlərə üz tuturlar. Maksimum isə Gürcüstan və Türkiyəyə gedə bilərlər ki, oralarda qiymətlər Avropa ölkələrindən ucuzdur».

Neft
Neft

«QARA QIZIL»A ARXALANMAQ

«Novoye Vremya» qəzetində isə «Postneft erasında «qara qızıl»a arxalanmaq olarmı?» sualına cavab axtarılır.

Yazıda qeyd edilir ki, neftin qiymət düşəndən sonra ölkənin gəlirləri bir xeyli azalıb. İndi ölkədə neftdən bir ildə təqribən 5 milyard dollar gəlir gözlənir: «Məbləğ kifayət qədər təsiredicidir. Amma bu, əvvəlki kimi vəsaitlərə qənaət etmədən iqtisadiyyatı düzəltmək üçün yetərlidirmi? Beynəlxalq reytinq agentliyi «Fitch» belə hesab edir ki, yetərli deyil».

Müəllifə görə, Azərbaycan iqtisadiyyatının yenidən özünə gəlməsindən ötrü neftin bir barreli minimum 66 dollara satılmalıdır: «Amma yaxın perspektivdə neftin barrelinin 66 dollara ola biləcəyi görünmür. Neft bazarında izafi neft həcmi var və hətta indiki qiymətlər belə aşağı düşə bilər».

Müəllif hesab edir ki, 10 illərlə neft amilinə əsaslanaraq büdcə quran dövlətlərin səhv yolda olduqları indi özünü çox aydın şəkildə göstərməkdədir.

Yazıda vurğulanır ki, bu vəziyyətdən yalnız qeyri-neft sektorunu inkişaf etdirməklə çıxmaq olar.

Müəllif qeyd edir ki, indinin özündə belə Azərbaycanda neft-qaz xammalının satışı ölkəyə ən çox valyuta gətirən sahədir: «Korrupsiya, məmur məsuliyyətsizliyi, ən başlıcası inhisar qeyri-neft sektorunun böhrandan çıxmasına imkan vermir».

XS
SM
MD
LG