Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Seçkilərə görə nə tədbir görüləcək?


Parlament seçkilərində 7 əsas pozuntu...
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

Parlament seçkilərində 7 əsas pozuntu...

Dövlət başçısı İlham Əliyev fevralın 12-də Kürdəmir rayonunda «ASAN xidmət» mərkəzinin acılısında növbədənkənar parlament seçkilərindən də danışıb.

«Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meylləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu, prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu», - İ.Əliyev bildirib.

B.Süleymanlı
B.Süleymanlı

«Söhbət qutulara topa bülletenlər atılmasından,...»

Vətəndaş Hüquqları İnstitutunun (VHİ) rəhbəri, seçki eksperti Bəşir Süleymanlı AzadlıqRadiosuna vurğulayıb ki, əgər dövlət başçısı beynəlxalq təşkilatlar dedikdə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun hesabatını nəzərdə tutursa, həmin sənəddə təkcə prosedur yox, həm də seçkilərə ciddi şəkildə təsir göstərə biləcək pozuntulardan bəhs edilir:​

«Söhbət qutulara topa bülletenlər atılmasından, seçkilərin nəticəsinin düzgün hesablanmamasından, aidiyyəti seçki dairəsində qeydiyyatda olmayan seçicilərin qrup halında gətirilməsi kimi pozuntu hallarından gedir və hesabatda belə faktlar yer alır».

«Pozuntulara yol verən şəxslərlə bağlı ciddi ölçülər götürülməlidir»

B.Süleymanlı hesab edir ki, bu seçkilərlə bağlı prezidentin öz rəyini ortaya qoyması, seçki pozuntuları ilə bağlı araşdırmalar aparılacağını və pozuntuları törədənlərin cəzalandırılacağını açıqlaması yaxşı haldır: «Digər tərəfdən, hesab edirəm ki, müvafiq qurumlar, hüquq-mühafizə orqanları, seçki komissiyaları prezidentin bu açıqlamasından nəticə çıxarmalıdırlar, həmin pozuntulara yol verən şəxslərlə bağlı ciddi ölçülər götürülməlidir».

Ekspertə görə, nəticə olaraq pozuntulara yol verən komissiyalar buraxılmalı, inzibati və cinayət əməli törədənlər məsuliyyətə cəlb olunmalıdır...

«Bəzi məntəqələrdə nəticələr ləğv oluna bilər»

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki qərargahının sədri Məhərrəm Zülfüqarlı isə hesab edir ki, seçkilərdə ciddi pozuntulara yol verilməyib:

M.Zülfüqarlı
M.Zülfüqarlı


«Prezident həm də çıxışında dedi ki, hər hansı qanun pozuntusu olarsa, ciddi cəzalar olacaq. İndi də Mərkəzi Seçki Komissiyası şikayətlərə və seçkilərlə bağlı sosial şəbəkədə yayılmış videomateriallara baxır. Həmin videomateriallar araşdırılır. Yəqin ki, nəticələr yaxında elan ediləcək. Bəzi məntəqələrdə nəticələr ləğv oluna bilər».

«Bu təcrübə əvvəl də olub»

M.Zülfüqarlı vurğulayıb ki, belə təcrübə əvvəllər də olub, bir sıra məntəqələrdə, hətta bəzi dairələrdə nəticələr ləğv olunub.

Bu araşdırmaların nəticələrə təsir edə bilməsinə gəlincə isə, qərargah sədri deyib: «Bu, MSK-ya verilmiş faktlardan asılı olacaq. Belə faktlar olarsa, nəticələrə təsir edəcək. Əvvəlki seçkilərdə olub ki, dairənin nəticəsi ləğv edilib».

MSK-dan deyilənlər

Mərkəzi Seçki Komissiyasından (MSK) isə bildiriblər ki, seçkilərlə bağlı sosial şəbəkədə yayılmış videogörüntülərə baxış davam edir. «Artıq 200-dən çox videomateriala baxış keçirilib. Baxışlar hələ davam edir. Yaxın müddətdə bununla bağlı qərar veriləcək»,- MSK-dan bildiriblər.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb. Bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb.

«Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurların aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşdırılması idi», - rəydə vurğulanıb.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG