Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 20:28

MSK qarşısında baş verənlər və Davos


İ.Əliyev Davosda
İ.Əliyev Davosda

Bu il fevralın 9-da Azərbaycanda gerçəkləşən növbədənkənar parlament seçkilərindən artıq üç gün keçib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin qaliblərin adlarını açıqlayıb və bu nəticələrlə razılaşmayan, seçkidə ciddi pozuntulara yol verildiyini vurğulayan namizədlər də şikayətlərə başlayıb.

Dünən, fevralın 11-də seçkilərdə ciddi qanun pozuntularına yol verildiyini deyən bəzi namizədlər və onların müşahidəçiləri MSK özündə oturaq aksiyaya başladılar. Axşam saatlarında aksiya genişlənməyə başladı. Bunun ardınca da polis Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığını əsas göstərərək, aksiyanı sərt formada dağıtdı.

Hələ bu ilin yanvarında Davosda Dünya İqtisadi Forumunda «Strateji baxış: Avrasiya» mövzusunda keçirilən panel iclasında moderator Azərbaycan prezidenti İlham Əliyevə belə bir sual vermişdi: «...Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?».

Azərbaycan prezidentinin cavabı isə belə olmuşdu: «Biz onların nə istədiklərini dinləyərdik... Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib».

A.Mirzəzadə
A.Mirzəzadə

«Cənab prezidentin də bəyan etdiyi kimi...»

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə «Turan» agentliyinə deyib ki, bir qrup deputatlığa namizədin düşüncələrinə görə dairələrində hansısa bir məsələni MSK-ya çatdırmaq istəmələri normaldır: «Onların qarşısına MSK sədrinin müavini çıxdı. Fikirlərini qeydə aldı və bunların hər birinin araşdırılacağını dedi. Göründüyü kimi, cənab prezidentin də bəyan etdiyi kimi, dövlət onları dinləməyə hazır olduğunu bir daha ortaya qoydu. Heç bir şübhəm yoxdur ki, onların təqdim etdiyi hər bir fakt dərindən araşdırılacaq».

Şöbə müdiri, eyni zamanda, bəzi namizədlərin konkret hər hansı fakt olmadan sadəcə ümumi fikir bildirmələrini doğru saymır, belə iddiaları qəbuledilməz sayır.

A.Mirzəzadə polisin aksiyaya müdaxiləsini də normal sayır: «O baxımdan ki, şikayətlər dinlənildi,... ərizələri götürüldü. Bütün bunlara baxmayaraq, onların yenə də kütləvi aksiyanı davam etdirmək istəmələri bu, artıq polisin səlahiyyətində olan məsələdir».

Onun vurğulamasına görə, orada kiməsə qarşı zorakılıq tətbiq olmayıb, kimsə tutulmayıb, kiminsə hüquqları pozulmayıb: «Hesab edirəm ki, bu gün və ya yaxın günlərdə biz MSK-nın həmin o narazıların qaldırdıqları hər bir məsələ üzrə qərarını eşidəcəyik».

Halbuki, həmin aksiya iştirakçılarının bəziləri müvəqqəti saxlandıqlarını və bunun ardınca da fiziki zorakılıqla üzləşdiklərini bəyan ediblər. Hərçənd, Daxili İşlər Nazirliyi bunu təsdiqləmir.

H.Həsənov
H.Həsənov

«Namizədlər tələb edir ki,...»

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə AzadlıqRadiosuna deyib ki, fevralın 11-də baş verənlər fevralın 9-da olanların nəticəsidir: «...Baş verən qanunsuzluqlar nəticə etibarı ilə xalqın iradəsinə söykənən həqiqi namizədin müəyyən olunmasına imkan vermədi. Deputatlığa namizədlər də hesab edirlər ki, haqları özlərinə verilməyib və ya kimlərəsə yazılıb. Bu baxımdan, bir etiraz idi».

H.Həsənova görə, bu, həm də şikayətlərin, pozuntuların obyektiv və ədalətli aparılmamasının nəticəsidir: «Namizədlər tələb edir ki, bu araşdırma yerlərdə konkret, obyektiv, ədalətli aparılsın. Elə olsa, Seçki Məcəlləsinin tələbi baxımından seçki dairələrinin çoxunda nəticələr etibarsız hesab olunar».

Seçki eksperti hesab edir ki, prezidentin məlum çağırışlarına da əməl olunmalıdır: «Küçələrə cavanlar da çıxdı, başqaları da. Öz haqlarını bu müstəvidə tələb etdilər. Nəzərə alsaq ki, seçki dairələri üzrə nəticələr MSK-ya göndərilir, müddət baxımından proseslər tezləşdirilməlidir».

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb. Bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. «Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurlarının aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşıdırılması idi», - rəydə vurğulanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə onlara belə cavab verib: «...Bəyanatında çatışmazlıqlar kimi təqdim edilən məqamların bəziləri ilə razı olmasaq da, onların əsasən prosedur və təşkilati səciyyəli olduğundan qeyd götürürük. Mərkəzi Seçki Komissiyasının sədrinin artıq bəyan etdiyi kimi, iddia olunan və özünü büruzə verən pozuntular müfəssəl şəkildə araşdırılacaq və qanun çərçivəsində bütün zəruri tədbirlər həyata keçiriləcək».

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Müxalifətdən Milli Şura və bəzi başqa qüvvələr bu seçkiləri boykot edib. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG