Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 03:12

Prezident: 'Pozuntular ciddi araşdırılacaq,...'


İ.Əliyev
İ.Əliyev

«Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meylləri qəbul etməyə məcbur olmuşlar».

AZƏRTAC-ın xəbərinə görə, bunu fevralın 12-də prezident İlham Əliyev Kürdəmirdə «ASAN xidmət» mərkəzinin açılışı zamanı çıxışında deyib. Dövlət başçısı sonra da əlavə edib:

«Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu».

Prezident daha sonra da bunları deyib: «ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik».

«Bu, rekord göstəricidir»

Dövlət başçısı vurğulayıb ki, bu dəfə parlament seçkilərində 1300-dən çox namizəd olub: «Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Nəyə görə həmişə bizə qarşı «sərbəst toplaşmaq azadlığı təmin olunmayıb» ifadəsini işlədirlər, yalandır, olunub. Çünki indi hər kəs sərbəst toplaşmaq haqqını müvafiq yerlərdə icra edə bilər, amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə».

Dövlət başçısının qeyd etməsinə görə, seçki prosesi bütün demokratik meyarlara cavab verib: «Heç kim deyə bilməz ki, seçki prosesində hər hansı pozuntular olub. Hesab edirəm ki, səsvermə günü də seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, bir daha demək istəyirəm ki, bu pozuntular araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin».

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri qazanıb. Bir çox dairələr üzrə şikayətlər eşidilməkdədir. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq.

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb.


«Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurların aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşdırılması idi», - rəydə vurğulanıb.

Xatırlatma

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər. Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Müxalifətdən Milli Şura və bəzi başqa qüvvələr bu seçkiləri boykot edib. Onlar hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG