Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

‘Saxtakarlıq qərarı verilsə, müşahidəçilər...’


ATƏT-in bayrağı
ATƏT-in bayrağı

Sabah, dekabrın 23-də Azərbaycanda bələdiyyə, fevralın 9-da isə növbədənkənar parlament seçkiləridir.

Hər seçkidə müşahidəçəliyin yetərli olması, proseslərdə rolları və ümumiyyətlə bu institutun durumu haqqında suallar gündəmə gəlir.

AzadliqRadiosunun bu barədə suallarına cavab verən ekspertlərin yanaşması haçalanıb.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı təmsil olunduğu təşkilatın bələdiyyə seçkilərini müşahidə edəcəyini xatırladaraq bildirib ki, aralıq hesabatı yayıblar.

Amma onun qeyd etməsinə görə, bəzi beynəlxalq təşkilatlara müraciət olunsa da, onlar bələdiyyə seçkilərini müşahidə etməyəcəklər.

Məhərrəm Zülfüqarlı bildirib ki, 2015-ci ilin oktyabrına qədər qeyri-hökumət təşkilatları (QHT) əsasən seçkilərin müşahidəsinə buraxılmayıb:

“Çünki qanunvericilik xaricdən maliyyələşən vətəndaş cəmiyyəti qruplarına müşahidə qadağası qoymuşdu. O zaman yerli fondlar olmadığından, QHT-lər xaricdən maliyyələşirdi. Amma 2015-ci ilin oktyabrından məlum qadağalar götürüldü”.

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

“İndi mən QHT-lərin fəallıq göstərdiyini söyləsəm...”

Məhərrəm Zülfüqarlı daha sonra da deyib:

“İndi mən QHT-lərin fəallıq göstərdiyini söyləsəm, düz çıxmır, çünki qadağalar olanda, müşahidəyə meyl daha çox idi, nəinki indi. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 2004-cü ildən bütün seçkilərin və referendumların müşahidəsini keçirir. 9 fevral növbədənkənar parlament seçkilərinin müşahidəsini aparmaqla bağlı fəaliyyət proqramımız var və sənədi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələrinə də təqdim etdik”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə düşünür ki, Azərbaycanda müşahidəçiliyin effekt verib-verməməsi xüsusi mövzu olduğundan geniş izahata ehtiyacı var. Anar Məmmədli daha sonra vəziyyəti belə izah edib:

“Tövsiyyələrə əməl olunmur”

“Seçki qanunvericiliyi var, beynəlxalaq müşahidəçilər üçün şərait yaradılır, namizədlər seçkiyə qatılır. Ancaq gerçək seçki mühiti yoxdur və bir çox aspektdən bunu yaratmaq mümkün olmur. Birincisi, seçicilərin iradəsi seçki sənədlərində ifadə olunmalıdır. İkincisi, rəqabət aparan qüvvələr arasında bərabər şərait olmalıdır. Üçüncüsü, müşahidə aparan təşkilatların rəylərinə diqqət yetirilməlidir. Azərbaycanda isə beynəlxalq müşahidəçilər gəlir, müşahidə aparır, amma rəyləri nəzərə alınmır. Konkret olaraq, 11 aprel 2018-ci il növbədənkənar prezident seçkisindən sonra hakimiyyət ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu ( DTİHB) tənqid etdi və qurumun tövsiyyələrinə etinasız yanaşdı. Yenidən DTİHB gələcək və tövsiyələrini səsləndirəcək, amma tövsiyələrə əməl olunmur. Eyni fikirləri yerli müşahidə qrupları haqqında da söyləmək olar, onlar müxtəlif faktları toplayır, rəylər hazırlayır, amma hakimiyyət bunları əsas götürmür. Ümumiyyətlə, məhkəmələr müşahidə qruplarının rəylərinə baxmaq istəmir. Belə olan şəraitdə yerli və beynəxalq müşahidəçilik vacibdirmi?”

Anar Məmmədli
Anar Məmmədli

Ancaq Anar Məmmədli müşahidəçiliyin olmasını zəruru hesab edir:

“Çünki hakimiyyət hər zaman seçkilərin normal və ədalətli keçirildiyini bəyan edir. Xaricdən tanınmamış, müşahidəçilik təcrübəsi olmayam qurumları ölkəyə çağırır. Hakimiyyətin belə davranışına görə, DTİHB və Avropa Parlamentinin müşahidəçilərinin olması zərurudir. Ona görə ki, onlar alternativ rəy ortaya qoyur. Həm də yerli müşahidəçilərin parlament seçkilərində topladıqları sənədlər Avropa İnsan Hüquqları Məhkəməsinə gedən şikayətlərdə tutarlı dəlil sayıla bilər. Bundan əvvəl udulan işlərdə bu sənədlər önəmli rol oynayıb. Eyni zamanda, ATƏT-in DTİHB-nun rəyi də tutarlı sənəd kimi hesab edilir. Nəhayət, hakimiyyətin iddia etdiyi müsbət seçki obrazını dağıtmaq üçün peşəkar beynəlxaq qurumların Azərbaycana gəlməsi lazımdır. Ancaq müşahidəçilərin sayı nə qədər çox olsa da, bütün məntəqələrdə müşahidəçilik aparılsa da, saxtakarlıq qərarı verilsə də, müşahidəçilər təkbaşına bunun qarşısını almaq gücündə deyillər. Çünki müşahidəçilik seçki saxtakarlığının qarşısını almaq üçün zəruri amillərdən biridir, əsas mexanizm deyil. Bu məsələdə seçicilərin xüsusi rolu və vahid təpkisi vacibdir. Əgər qanunsuzluqlara ümummilli təpki olsa, o zaman müşahidəçilərin rəyindən də çəkinərlər. Fakt budur ki, hakimiyyət yerli və beynəlxalq təşkilatların rəylərinin imicini korlamasının qayğısına qalmır. Səbəb də odur ki, hakimiyyətin tənqidə qarşı heç bir siyasi həssaslığı yoxdur və nəticə də çıxartmır. Əvvəllər bu qayğı vardı, son illər yoxdur”.

Azərbaycan rəsmiləri isə seçkilərlə bağlı tənqidləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, ölkədə bütün seçkilər azad və ədalətli keçirilir.

Xatırlatma

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Ümumilikdə 41 mindən çox namizədin olduğu deyilir.

Bəzi müxalif qüvvələr bu seçkilərdə iştirak etmirlər. Onlar bunu ölkədə seçkilərin azad və ədalətli keçirilməsinə imkanın olmaması ilə izah ediblər. Rəsmilər isə belə fikirləri düzgün saymırlar. Bundan əvvəl Azərbaycanda 4 dəfə bələdiyyə seçkiləri keçirilib.

Noyabrın 28-də isə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Bir gün sonra da prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində, Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etmək dair qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi bu fikirləri qəbul etmirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG