Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:51

Bəzi valideynlərə seçkiyə getmək tapşırığı verildiyi bildirilir


Bələdiyyə seçkisi, 23 dekabr 2009
Bələdiyyə seçkisi, 23 dekabr 2009

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə bəzi seçicilərin könülsüz cəlb edilməsinə təşəbbüslər göstərildiyi deyilir.

Bu barədə “Turan” agentliyi-nə Bakıda yerləşən bir neçə məktəbin şagirdlərinin valideynləri danışıb.

İddiaya görə, paytaxtın Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin sinif rəhbərləri şagirdlərin valideynlərinə seçki günü məktəbə gəlməyin vacib olduğunu deyiblər:

"Yoldaşıma deyilib ki, seçkilərdə iştirak etmək üçün gəlsin və özü ilə şəxsiyyət vəsiqəsini gətirsin. Deyiblər ki, bütün valideynlər gəlsin və gəlib gəlmədiklərinə nəzarət ediləcək. Bunun seçkilərin aktivliyi üçün lazım olduğunu bildiriblər", deyə adının çəkilməsini istəməyən bir valideyn söyləyib.

Agentliyin xəbərəinə görə, bu deyilənləri 84 nömrəli tam orta məktəbdən onlara təkzib ediblər.

"Belə bir şey ola bilməz. Kim harada qeydiyyatdadırsa, gedib səs verəcək. Bizim məktəbdə bu baş verə bilməz", - deyə agentliyin məlumatına görə, məktəbdən bildirilib.

Amma eyni sözlərin Mərdəkan qəsəbəsində yerləşən 123 saylı tam orta məktəbdə oxuyanların bəzi valdieynlərinə də söyləndiyi iddia edilir.

Bundan başqa 96 saylı körpələr evi-uşaq bağçasında da valideynlərə seçki günü şəxsiyyət vəsiqəsilə bağçaya gəlmələrinin tapşırıldığı söylənir.

"Bizə deyilib ki, şəxsiyyət vəsiqələrini götürək, gələk bağçaya. Ordan isə gedib səs verəcəyik", - deyə valideynlərdən biri vurğulayıb.

Agentliyin xəbərinə görə, sözü gedən məktəb və uşaq bağçasından da valideynləri seçkilərə cəlb etməklə bağlı tapşırıq verilməsini təkzib ediblər.

Bələdiyyə təşviqat plakatı, 30 noyabr 2011
Bələdiyyə təşviqat plakatı, 30 noyabr 2011

Ekspert: “İnzibati resurslar cəlb olunur"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə isə AzadlıqRadiosuna bildirib ki, əgər deyilənlər doğrudursa bu inzibati resursların istifadəsi kimi qiymətləndirilir.

Ekspert qeyd edib ki, seçicilərin seçkilərə məcburi cəlb edilməsinə qanunvericilik imkan vermir.

M. Məmmədzadə vurğulayıb ki, bələdiyyə seçkilərində parlament və prezident seçkilərinə nisbətən seçici fəallığı az olur:

"Ötən bələdiyyə seçkilərində seçicilərin fəallığı rəsmi olaraq 38 faiz ətrafında idi. Bəzi hallarda seçki komissiyaları büdcədən maliyyələşən təşkilatlardan müxtəlif üsullarla seçiciləri seçkilərdə iştiraka təşviq edirlər. Bu proses tək seçkini günü baş vermir. Hərdən namizədlərin imzatoplama kampaniyası zamanı da inzibati resurslar cəlb olunur".

Bütün bu deyilənlərə, hələlik, Mərkəzi Seçki Komissiyasından (MSK) münasibət öyrənmək mümkün olmayıb. Amma istər bu qurum təmsilçiləri, istərsə də rəsmilər bundan əvvəl vurğulayıblar ki, Azərbaycanda seçkilərin nəticələri xalqın iradəsinə söykənir.

Xatırlatma

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir.Ümumilikdə 41 mindən çox namizədin olduğu deyilir.

Bəzi müxalif qüvvələr bu seçkilərdə iştirak etmirlər.Onlar bunu ölkədə seçkilərin azad və ədalətli keçirilməsinə imkanın olmaması ilə izah ediblər.Rəsmilər isə belə fikirləri düzgün saymırlar. Bundan əvvəl Azərbaycanda 4 dəfə bələdiyyə seçkiləri keçirilib.

ОтветитьОтветить всемПереслать

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG