Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:32

ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanda görüşlərə başlayıb


ATƏT

ATƏT misiyası vətəndaş cəmiyyəti təmsilçiləri ilə də görüşüb

Bu gün, dekabrın 20-də növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.

Bu barədə AzadlıqRadiosuna Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov məlumat verib.

Onun bildirməsinə görə, görüşdə seçkiqabağı mühit, komissiyaların durumu və seçki qanunvericiliyi dəyərləndirilib:

"Biz seçkilərin demokratik keçirilməsi üçün müzakirələr apardıq. DTİHB missiyası isə görüşlərin nəticəsinə görə, gələn həftə hesabat hazırlayıb təqdim edəcək".

ATƏT-dən gələn qonaqlar müxalif partiyalarla da görüşüb

Dekabrın 20-də növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) müxalif partiyaların və təşkilatların nümayəndələri ilə görüşüb.

Görüşün məqsədi ATƏT DTİHB-in 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidə missiyasının göndərilməsi ilə bağlı olub.

Bu barədə görüş iştirakçıları bildiriblər. Verilən məlumata görə, müxalif partiyaların və təşkilatların nümayəndələri qonaqlara ölkədəki seçkiqabağı vəziyyət barədə məlumat veriblər. Onlara demələrinə görə, Azərbaycanda sərbəst toplaşma, ifadə azadlığının olmaması, seçki komissiyaların tərkibi və siyasi məhbus sayılan şəxslərlə bağlı danışıblar.

4 saat davam edən görüşdə Azərbaycan Xalq Cəbhəsi, ReAL, Müsavat partiyalarının və NİDA Vətəndaş Hərəkatın nümayəndələri iştirak ediblər.

+++

Dekabrın 19-da Azərbaycan Milli Məclisində ölkədə növbədənkənar parlament seçkiləri ilə əlaqədar Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) ilə görüşlər keçirilib.

Görüşlərdə DTİHB-in seçki eksperti Radivoje Qrujiç, ATƏT Parlament Assambleyasının (PA) proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak ediblər.

Bu barədə Milli Məclisin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onları qəbul edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbədənkənar seçkilərlə bağlı məlumat verib.

Sonra Hüseynli vurğulayıb ki, Azərbaycanda peşəkar seçki administrasiyası mövcuddur.

Habelə qeyd edilib ki, hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir.

Mətbuat xidmətinin açıqlamasına görə, Əli Hüseynli və komitənin üzvü, ATƏT PA-nın vise-prezidenti Azay Quliyev seçki prosesi, qanunvericiliklə bağlı qonaqları maraqlandıran suallara aydınlıq gətiriblər.

Səfər zamanı ATƏT DTİHB EQM-in nümayəndə heyəti Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə də görüşüblər.

Xatırlatma

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib.

Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.Amma parlament buraxılsa da onun bəzi səlahiyyətlərinin növbəti seçkilərə qədər saxlandığı açıqlanıb.

Bir gün sonra da prezident seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Əslində Azərbaycanda parlament seçkiləri gələn ilin noyabrında keçirilməli idi.

Amma müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməsinə dair qərarını açıqlayib.Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Müxalifətdən ReAL və Müsavat partiyaları parlament seçkilərində iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG