Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:19

Səməd Seyidov: 'Bizim işimiz də elə bir şərait yaratmaqdır ki...'


“Bir kvadratmetrmi, bir hektarmı, bir kəndmi... Söhbət bundan getməməlidir. Və getmir də. Söhbət ondan gedir ki, qaytarmaq iqtidarındayıq”.

“Coğrafi baxımdan Lələtəpə bəyəm Dağlıq Qarabağ deyil?”

“O mitinqdə də müxalifət iqtidarı, YAP-ı tərifləməyəcəkdi ki. Amma onlara həmin fikirləri səsləndirməyə şərait yaradıldı”, – Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, hakim partiyanın parlamentdəki təmsilçisi Səməd Seyidov müxalifətin 31 mart mitinqindən danışarkən belə deyib.

Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində ilk olaraq aprel hadisələri haqda danışıb:

Bu, tarixi hadisədir. Azərbaycan Silahlı Qüvvələri ilk dəfə erməni işğalçılarına elə bir zərbə endirdilər ki, onun əks-sədası indiyədək qulaqlarında cingildəməkdədir. Azərbaycanın aprel döyüşlərində gücünü göstərməsi münaqişənin həlli baxımından çox böyük əhəmiyyət daşıyır. Bugünkü dünyada güclü ordu vasitəsilə sülh əldə etmək mümkündür. Yoxsa başqa halda, təəssüf ki, beynəlxalq qanunun işləmə prinsipləri kobud şəkildə pozulur.

Səməd müəllim, dediniz ki, bugünkü dünyada sülhü güclü ordu vasitəsilə əldə etmək mümkündür. Amma müşahidəçilərin qənaətincə, aprel döyüşlərinin davamı nə sülh danışıqlarında, nə də diplomatik cəbhədə baş vermədi. Bu durumda uğurdan danışmaq yerinə düşürmü?

Bütün beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, öncə Ermənistan özü, vasitəçi ölkələr birmənalı şəkildə dərk etdilər ki, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Bu da danışıqlar prosesinə, sülhün əldə olunmasına, torpaqlarımızın qaytarılmasına ciddi, birmənalı və nəzərəçarpan təsir göstərib. Aprel hadisələri bir xətdir. Dağlıq Qarabağ münaqişəsi aprel hadisələrinədək və aprel hadisələrindən sonra ayrıca araşdırlmalıdır. Aprel hadisələrinədək Azərbaycan torpaqlarının itirilməsi prosesi gedirdi, ondan sonra atəşkəs imzalandı və danışıqlar başladı. Aprel hadisələri isə Azərbaycan torpaqlarının qaytarılmasının ilk mərhələsidir. Bu, həm danışıqların tamam yeni tərzdə, yeni formatda təşkil edilməsinə təsir göstərir, həm də Dağlıq Qarabağın işğaldan azad olunmasının yeni mərhələsidir.

Siz bunu “yeni mərhələ” adlandırırısınız və danışıqlara təsirini qeyd edirsiniz. Amma Azərbaycan rəhbərliyi, xüsusilə də danışıqları aparan Xarici İşlər Nazirliyi qarşı tərəfin – Ermənistanın danışıqlarda mövqeyini dəyişmədiyini bildirir. Bu halda hansı “yeni mərhələ”dən danışmaq mümkündür?

Danışıqlarda biz bəlkə də ciddi dəyişiklik görmürük. Ancaq dəyişikliklər öncə başlarda, beyinlərdə baş verir. Aprel hadisələrindən sonra görürük ki, əks tərəfin həm düşüncə tərzi, həm emosional vəziyyəti, həm də erməni ordusunun döyüş qabiliyyəti tamam başqa cür dərk olunmağa başlanıb. Bu da birbaşa aprel hadisələrinin təsiridir, Azərbaycan iqtidarının apardığı siyasətin nəticəsidir. Düşünməyin ki, iyirmi ildən çox davam edən danışıqlarda bir neçə ay və ya bir neçə ilin içində dəyişiklik baş verəcək. Dəyişiklik baş verib. Əsas dəyişiklik odur ki, Azərbaycan bayrağı Azərbaycan torpaqlarında yüksəlir. Əsas dəyişiklik Cocuq-Mərcanlıdır, köçkünlərin torpaqlara qayıdışıdır. Bunları bir yerdə təhlil edəndə başqa bir mənzərə ortaya çıxır. Aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinə başqa yanaşma ortaya çıxıb.

Nədə görmək olar həmin yanaşmanı? Nədə hiss olunur bu?

İnam, güc, ümid, əminlik. Bunda görmək olar. İnam yaranıb ki, torpaqlar işğaldan qurtaracaq, bu istiqamətdəki işlər bəhrəsini verəcək. Bu münaqişəni bir anda həll etmək asan məsələ deyil. Populist çıxışlar həmişə olacaq. Ancaq ən vacib, ən təsirli məsələ odur ki, aprelin 2-dən sonra artıq Azərbaycan başqa ölkədir, artıq güc sahibidir, təsir etmək imkanı yalnız xarici dövlətlərdə deyil, Dağlıq Qarabağ münaqişəsi başqa münaqişədir. Bu baxımdan bu tarixi qələbədir. Bu yöndə iqtidarımız işləri daha da yüksək səviyyədə təşkil etməlidir.

Ötən həftəsonu müxalifətin keçirdiyi mitinqdə belə bir fikir səsləndi ki, hakimiyyət, konkret İlham Əliyev Lələtəpə uğuru ilə çox öyünür, amma hədəf Lələtəpə yox, bütövlükdə Dağlıq Qarabağ olmalıdır.

Coğrafi baxımdan Lələtəpə bəyəm Dağlıq Qarabağ deyil?

Onlar tək bir yüksəkliyin deyil, bütövlükdə işğal edilmiş torpaqların qaytarılmasını istəyirlər.

Başa düşürəm. Ancaq Lələtəpə Qarabağ deyil? Mənim üçün torpağımın bir qarışı belə müqəddəsdir. Ancaq torpağın tamamilə qaytarılmasından danışırıqsa, o, qarış-qarış qaytarılmalıdır. Ona görə həcm fəlsəfəsi düzgün deyil. Bir kvadratmetrmi, bir hektarmı, bir kəndmi... Söhbət bundan getməməlidir. Və getmir də. Söhbət ondan gedir ki, qaytarmaq iqtidarındayıq. Bir qarışı qaytarmaq iqtidarında olan iqtidar, deməli, məsələni bütünlükdə həll etmək iqtidarındadır. Söhbət sadəcə, bu ətrafda spekulyasiyalardan gedir. Bu spekulyasiyaları şərh etməyin mənası yoxdur.

Ötən həftə ATƏT-in Azərbaycandakı Müşahidə Missiyası apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqladı. Həmin hesabatda deyilir ki, seçki kampaniyası “zəif” hiss olunmaqdadır və onlar seçkilərin “rəqabətli əsasda keçiriləcəyini gözləmirlər”. Sizcə, seçki ab-havası niyə “zəifdir”?

ATƏT-in və başqa beynəlxalq təşkilatların öz gündəliyi var, hesabatlarını hazırlayırlar. Biz də seçki kampaniyasının içərisindəyik. Ona görə də Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri kimi və beynəlxalq təşkilatlarla işləyən şəxs kimi hesab etmirəm ki, seçkilər qurtaranadək, seçicilər yekun rəylərini formalaşdıranadək mənim tərəfimdən prosesi şərh etmək düzgün olsun.

Artıq seçki kampaniyasının başa çatmasına sayılı günlər qalır, opponentləriniz hər gün KİV-lərdə, sosial şəbəkələrdə tənqidlərini səsləndirirlər. İqtidar təmsilçisi kimi sizin buna cavabınız nədir?

Münasibətim ondan ibarətdir ki, beynəlxalq təşkilatlar bu gün Azərbaycanda açıq şəkildə həm iqtidarın, həm də müxalifətin fəaliyyətini müşahidə edirlər, öz nəticələrini çıxarırlar, aralıq hesabatlarını hazırlayırlar, nəyisə tənqid edirlər, nəyinsə müsbət olduğunu qeyd edirlər. Bu, onların işidir. İqtidar nümayəndəsi, parlament üzvü kimi hesab edirəm ki, onlara iş görmək üçün normal şərait yaradılıb. Aralıq hesabatda bununla bağlı əngəl görmədim. Hansı hesabatı hazırlayırlar hazırlasınlar, bu onların işidir. Bizim işimiz də elə bir şərait yaratmaqdır ki, bütün qüvvələr öz mövqelərini səsləndirə bilsinlər. Bir-iki gün qabaq mitinq keçirildi, müxalifət fikirlərini orda azad şəkildə ifadə etdir.

Yeri gəlmişkən, həmin mitinqdə növbədənkənar seçkilər “məzhəkə” adlandırıldı, İlham Əliyevin Azərbaycan vətəndaşlarının seçki hüququnu əlindən aldığı, cümhuriyyət ənənələrinə son qoyulduğu iddia olundu.

Olsun. Avropa Şurasında bir dəfə belə bir hadisə baş vermişdi. Avropa Şurasının hansısa nümayəndə heyətinin üzvü Azərbaycandakı vəziyyətdən danışdı, dedi ki, orda iqtidarı tənqid edirlər, məncə, orda demokratiya yoxdur. Ondan sonra Böyük Britaniya nümayəndəsi qalxdı, dedi: “Mən xahiş edirəm, protokola yazasınız ki, Böyük Britaniyada demokratiya yoxdur”. Soruşdular ki, axı, niyə? Cavab verdi: “Bizdə Britaniyada gündə hökuməti tənqid edirlər, təhqir edirlər, deməli, sizin məntiqinizlə burda da demokratiya yoxdur”. O mitinqdə də müxalifət iqtidarı, YAP-ı tərifləməyəcəkdi ki. Amma onlara həmin fikirləri səsləndirməyə şərait yaradıldı. Bununla bağlı mənim əlavə şərh verməyim düzgün olmazdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG