Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

'Nardaran məhbusu'nun ailəsi: '...bunu da elədilər'


Nardaran məhbusları
Nardaran məhbusları

«Nardaran məhbusu» Sahil Rzalının yaxınları onun taleyindən narahatdır. O, bir neçə gün öncə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsindən çıxarılıb, vərəmli məhkumlar üçün nəzərdə tutulan 3 saylı müəssisəyə köçürülüb. Yaxınları hesab edir ki, oğlunu cəzalandırmaq məqsədilə bu addım atılıb.

Mayın 6-da anası müəssisədə S.Rzalı ilə görüşüb. Anasına deyib ki, müəssisəyə köçürəndən sonra orada onu rentgendən keçiriblər, vərəm xəstəliyi aşkarlanmayıb. İki gün sonra yeni müayinələr aparılacaq.

«15 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi Sahillə yola getmirdi. Onu dəfələrlə müxtəlif bəhanələrlə «kars»a (cərimə kamerası-red.) salıblar, işgəncə veriblər. Axırıncı dəfə təxminən bir ay öncə döyüb, yenə «kars»a salmışdılar. Bir ay soyuq yerdə saxladılar. Elə döymüşdülər ki, hətta ölməsi barədə xəbərlər yayılmışdı. Sahilin intihar etməsi haqda şayiə yayılmışdı. Düşünürük ki, bu da məqsədli idi», – yaxınları AzadlıqRadiosuna belə deyib.

«Şübhələr olmasaydı, onu heç vaxt aparmazdılar»

Ailə üzvlərinin sözlərinə görə, sonuncu dəfə cərimə kamerasına salınandan sonra S.Rzalının səhhətində problemlər yaranmışdı. Amma onlar onun vərəm olduğunu düşünmürlər:

***Buna da bax-İntihar xəbəri yayılan Nardaran məhbusunun atası: 'Rəhbərlik məni əmin elədi ki...'

«15 saylı müəssisədən çıxaranda ona deyiblər ki, səni «tsentralnıya» (Penitensiar Xidmətin Müalicə Müəssisəsi-red.) aparırıq. Yolda bilib ki, onu vərəmli məhkumların saxlandığı müəssisəyə aparırlar. Hamı bilir ki, o müəssisə şərtlərin ağırlaşdırılması deməkdir. 15 saylının rəisi Sahillə prinsip aparırdı, döyməklə, cəzalandırmaqla kifayətlənmədilər, bunu da elədilər...».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə AzadlıqRadiosuna deyir ki, məhkumda vərəmlə bağlı şübhələr olmasaydı, onu 3 saylı müəssisəyə aparmazdılar: «Penitensiar Xidmət məhkumlar arasında vərəmin müalicəsi, onun yayılmasının qarşısının alınmasıyla bağlı böyük işlər görür. Biz imkan verə bilmərik ki, xəstə məhkum müalicəsiz qalsın, başqalarını da yoluxdursun. Əgər vərəmlə bağlı şübhələr olmasaydı, onu heç vaxt ora aparmazdılar».

***Buna da bax-'Oğlumun başına gələcəklərə görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır'

S.Rzalının cərimə kamerasında ağır şəraitdə saxlanması barədə yaxınlarının söylədiklərinə gəlincə, M.Sadıqov deyir ki, bütün cəzaçəkmə müəssisələrində istilik sistemi var və qaydasında işləyir: «Əgər məhkum daxili intizam qaydalarını pozursa, müəssisə rəhbərliyinin onu qanuna uyğun cəzalandırmağa ixtiyarı var».

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının üzvü olan S.Rzalı 5 noyabr 2015-ci ildə təşkilatın sədr müavini Elçin Qasımovun həbsi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı etiraz aksiyasında iştiraka görə həbs olunub. O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə 6 il 5 ay azadlıqdan məhrum edilib. S.Rzalı məhkəmədə bildirmişdi ki, ilahiyyatçı Taleh Bağırovun əleyhinə ifadə almaq üçün ona ağır işgəncələr verilib, dırnaqları çıxarılıb.

Məhkəmə zamanı ifadə verən hüquq- mühafizə əməkdaşları işgəncə ilə bağlı deyilənləri təkzib edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG