Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:45

Şağanda su pulunu ‘alman hesabı’yla ödəyənlər


Su maşını (arxiv fotosu)
Su maşını (arxiv fotosu)

"Gözləyirəm, pensiyamın vaxtı çatsın, su maşınından aldığımız suyun pullarını ödəyim".

Şağanda suyu pulla alan təkcə 73 yaşlı Nazlı Şərbətova deyil. Qəsəbənin dörd tərəfində yaşayan sakinlər həftədə bir dəfə məhəllələrarası gəzən su maşınının yolunu səbirsizliklə gözləyir. Hətta suyu nisyə alanlar da var – elə Nazlı nənə kimi...

Buna da bax:​ Pensiyaçı: 'Xəstəyəm və acam'

Nazlı Şərbətova AzadlıqRadiosu-nun "Qaynar xətt"inə əslində, qəsəbədəki zibilliklərin, özü demiş, "adamın ağzına girməsindən" şikayət etməyə zəng vurmuşdu. Ancaq birdən sözünü yarıda kəsərək "dayan görümee, zibili yola vermək olar, axı bizim suyumuz da yoxdur" deyib söhbəti dəyişir:

"Şağanda imkanlı adamların villaları var. Buranın havası Bakıya baxanda təmizdi. Ona görə də imkanlılar burda ev-eşik tikib. Su da elə imkanlıların həyətinə axır. Kasıb məhəllələr yanır..."

20 MANATLIQ SU 2 GÜNƏ BƏS EDİR

Abşeronun ən qədim kəndlərindən olan, sonradan qəsəbə statusu alan, Bakının şimal-şərqində – Xəzərin sahilində yerləşən Şağanın, azı, 10 min sakini var. Əhali susuzluqdan əziyyət çəkir.

Buna da bax: Yeni Günəşlidə, yeni tikilidə 'kombi' qalmaqalı

Nazlı Şərbətova deyir, 2-3 il əvvəl qəsəbədə səs düşüb ki, su və kanalizasiya xətləri çəkiləcək, əhali günün 24 saatı içməli su ilə təmin olunacaq. Ancaq sonra bu səs də ərşə çəkilib:

"Suyu 20 manata alırıq. Çəni doldururuq, 2 oğlum, 6 nəvəm, gəlinlərim – hamımız eyni ünvanda qalırıq. Qənaətlə işlətsək, bu su bizə cəmi iki gün bəs edir. Onu da deyim ki, aldığımız suyu yaxşıca qaynatmasaq, içmək təhlükəlidir. Çirkli sudur, mənbəyini bilmirik. Əlacsızlıqdan alırıq".

Nazlı xanımın ailəsi ayda susatana, azı, 300 manat xeyir verir. Supulunun yarısını o, öz pensiyasından ödəyir, yarısını az məvacibli işdə çalışan övladları ödəyir. Necə deyərlər, alman hesabı... Ancaq son aylar övladları məvaciblərini ala bilmədikləri üçün yığılıb qalan supulunu ana öz pensiyasından ödəməli olacaq.

Buna da bax:​ Qəbələdə hərbi şəhərcikdəki ailələrin aqibəti qaranlıq qalıb

ZİBİLLİKLƏR VƏ YOLLAR

Qəsəbənin ikinci böyük problemi məhəllələrdə aşıb-daşan zibillərin vaxtında daşınmamasıdır. Mirzəabbas Dadaşov deyir, bu səbəbdən məhəllələrdə dolaşan itlərin sayı da artıb:

"Şağanın elə küçələri var ki, üfunətdən keçmək mümkün deyil. Bakının qədim kəndidir, azı 3 min illik tarixi var, buranı gül kimi saxlamaq lazımdır, bu kənddə qədim tariximiz var. Nə bələdiyyə öz işini görür, nə icra hakimiyyəti... Hər yer satılıb, adamların son ümidi olan həyətlərindəki meyvə ağacları da susuzluqdan yanıb. Kəndin içinə çıxırsan, hər yerdə cavan-cavan uşaqlar, hərəsi bir tində yığışıb, iş yox, məşğuliyyət yox... İşsizlik gəncləri pis-pis vərdişlərə çəkir. Bir sözlə, necə ki, ölkə sahibsizdir, Şağan da ölkənin kiçik maketidir".

Buna da bax:​ 'Akkord'un zavodunda gərginlik - fəhlələr maaş tələb edir [Video]

Sakinlərin şikayəti həm də məhəllələrarası yollardandır. Onlar çoxdandır ki, yol örtüklərinin yenilənmədiyini deyirlər. Qəsəbə sakini Vüqar İsmayılov:

"Bilirik ki, prezidentimiz Bakıətrafı qəsəbələrin yollarının, su-kanalizasiya xətlərinin yenilənməsi üçün göstərişlər verir, layihələr hazırlanır, pullar ayrılır. Ancaq layihələr bitmiş elan olunub pullar xərclənsə də problemlər yerində qalır. Bu da o deməkdir ki, prezidentimiz hər dəfə belə fərman, sərəncam imzalayanda məmurların gözünə işıq gəlir, çünki onlara yeni qazanc, gəlir mənbəyi yaranır. Şağan da acgöz məmurlara pul qazandıran qəsəbələrdən biridir".

“İNKİŞAFI GÖRMƏYƏNLƏR”

Xəzər Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, xüsusilə də son illərdə Şağanda əməlli-başlı sosial inkişaf baş verib: "Şağanı pisləyənlər bu qəsəbədəki inkişafı görməyənlər, ya da görməyə gözü olmayanlardır. Bu qəsəbədə son illərdə əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün xeyli sosial layihələr həyata keçirilib. Bu layihələr hər sahədə həyata keçirilir. Hələ bir neçə il əvvəl prezidentimiz Şağanda olub, buradakı abadlıq və quruculuq işləri ilə tanış olub. Qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı, demək olar ki, bütün problemlər həllini tapıb. Qəsəbədaxili yollar, kanalizasiya sistemləri yenilənib. Sakinlər daha nə istəyir, başadüşülən deyil".

Buna da bax:​ “Həyat yoldaşım bir ayağını itirdi bu yolda”

Bu ilin avqustunda prezident İlham Əliyev Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsiylə bağlı sərəncam imzalayıb. Həmin sərəncama görə, bu qəsəbələrdə kanalizasiya və su paylayıcı şəbəkələrinin tikintisi üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,78 milyon manat ayrılıb. Bundan əvvəlki illərdə də eyni problemlərin həllinə görə prezident sərəncamlarıyla milyonlarla pul vəsaiti ayrılıb.

XS
SM
MD
LG